...

"Atletlər kəndi"ndəki qəzada təqsirləndirilənlərə hökm oxundu - 13 il

Cəmiyyət Materials 19 Sentyabr 2016 16:23 (UTC +04:00)
"Atletlər kəndi"ndəki qəzada təqsirləndirilənlərə hökm oxundu
"Atletlər kəndi"ndəki qəzada təqsirləndirilənlərə hökm oxundu - 13 il

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda avtobusla qəza törətməkdə təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədov, həmçinin Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənov və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən Hüseyn Salamovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istfadə etmə) maddəsi həmin məcəllənin 314.2-ci (səhlənkarlıq) maddəsinə tövsif edilərək H.Salamovla Vəli Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib. Onlar cəzalarını Məntəqə tipli cəzaçəkmə mMüəssisəsində çəkəcəklər.

Hökmə görə, Elçin Həsənov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilən Fərid Əmiraslanovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə 2 il 11 ay 28 gün müddətinə azadlıqdan şərti məhrum edilib.

İttihama görə, 2015-ci il iyun ayının 11-də I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Hadisədən sonra avtobusun sürücüsü V.Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi H.Salamov və "Təhlükəsiz şəhər” kamerasının operatoru E.Həsənov adlı şəxs tutulub.

NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi F.Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb. V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.

2016-cı ilin yanvar ayının 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, cinayət işinin baxılmasına xitam verilib və iş ibtidai istintaqa qaytarılıb. Buna səbəb kimi zərərçəkmiş şəxslərin ifadələrinin alınmaması və onların hüquqlarının pozulması göstərilib. Cinayət işi yenidən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti