...

Bakıda əməyin mühafizəsi ilə bağlı beynəlxalq seminar keçirilir (FOTO)

Cəmiyyət Materials 22 Noyabr 2016 13:27 (UTC +04:00)
Bu gün Bakıda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Pan Avropa Regional Şurasının MDB ölkələrinin üzv təşkilatları üçün təşkil etdiyi Sağlamlıq və Təhlükəsizlik üzrə beynəlxalq seminarı öz işinə başlayıb.
Bakıda əməyin mühafizəsi ilə bağlı beynəlxalq seminar keçirilir (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Bakıda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Pan Avropa Regional Şurasının MDB ölkələrinin üzv təşkilatları üçün təşkil etdiyi Sağlamlıq və Təhlükəsizlik üzrə beynəlxalq seminarı öz işinə başlayıb.

Trend-in məlumatına görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) ev sahibliyi ilə keçirilən seminar “Əməyin mühafizəsi, istehsalat təhlükəsizliyi, ekoloji risk və təhlükələrə dair həmkarlar ittifaqları siyasətinin əsas istiqamətləri” mövzusunun müzakirəsinə həsr olunub.

Seminarın açılışında AHİK sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti Səttar Mehbalıyev çıxış edərək MDB ölkələrinin üzv təşkilatları üçün növbəti regional görüşün Azərbaycanda keçirilməsini ölkəmizin həmkarlar ittifaqlarının əməyin mühafizəsi, işçilərin sağlamlığı, ekoloji risk və təhlükələri problemlərinin yeni həlli yollarının axtarılıb tapılmasında fəaliyyətinə verilən qiymət kimi dəyərləndirildiyini bildirib.

AHİK sədri məlumat verib ki, Beynəlxalq Həmkarlar İttifaqları hərəkatının, Beynəlxalq Əmək Təşkilatının dəyərlərinə görə, dünyada bədbəxt hadisələr nəticəsində baş verən ölüm halları ürək-damar və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur: “2014-cü ilin avqustunda Almaniyanın Frankfurt şəhərində keçirilmiş əməyin təhlükəsizliyi və mühafizəsi üzrə XX Ümumdünya Konqresində Beynəlxalq Əmək Təşkilatının baş katibi Qay Rayder qeyd edib ki, “insanlar iş yerlərindəki bədbəxt hadisələr nəticəsində daha çox ölür, nəinki mühabələrdə...” Ekspertlərin hesablamalarına görə, hər il 270 milyon insan bədbəxt hadisələrin qurbanı olur, 160 milyonu isə peşə xəstəliklərindən əziyyət çəkirlər. Dünya miqyasında peşə xəstəlikləri və istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində birbaşa və dolayısı ilə dəyən ziyanın miqdarı 2,8 trilyon ABŞ dolları həcmində ölçülür”.

S.Mehbalıyev vurğulayıb ki, dünya ölkələri ilə müqayisədə son illərdə MDB ölkələrində xəsarətlərin sayında azalmalar müşahidə olunur: “Bununla belə onun göstəricilərinin səviyyəsi hələ də yüksəl olaraq qalır. Statistik məlumatlara görə, 2015-ci ildə ümumilikdə MDB ölkələri üzrə istehsalatda xəsarət alan işçilərin sayı- həlak olanlar da daxil olmaqla - 2010-cu ildəki 66 min nəfərdən 37 min nəfərə qədər azalıb. Bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirənlərin sayı 2010-cu ildəki 2,67 milyon adam-gündən, 2015-ci ildə 1,5 milyon adam-günə qədər aşağı enib”.

Azərbaycanda baş verən istehsalat xəsarətlərindən bəhs edərkən S.Mehbalıyev bildirib ki, burada da mütləq göstəricilərə əsasən, xəsarətlərin azalması tendensiyası müşahidə olunur və 2010-cu ildəki 266 xəsarət alanların sayına nisbətdə 2015-ci ildə 160 nəfər olub. İstehsalat xəsarətləri səbəbindən müvəqqəti əmək qabiliyyətini itirməyə görə iş gününün itikisi 10,3 min adam-gündən 4,3 min adam-günə qədər azalıb.

AHİK sədri qeyd edib ki, işçilərin əməyinin və sağlamlığının mühafizəsi daim Azərbaycan Həmkarlar İttifaqlarının prioritet vəzifələrindən olub və olmaqda davam edir: “Yeni Əmək Məcəlləsinin qəbul olunması ilə və işçilərin sosial müdafiəsinin Baş Sazişlərdə nəzərdə tutulmuş tədbirlər çərçivəsində gücləndirilməsi məqsədi ilə AHİK-in verdiyi təkliflərə əsasən, Azərbaycan parlamenti tərəfindən texniki təhlükəsizlik, istehsalatda baş vermiş bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətini itirməkdən icbari sığorta haqqında qanunlar qəbul edilib. İş və istirahət rejimi, əmək mühafizəsi xidmətində işləyənlərin say reqlamenti, zərərli iş şəraitində işləyənlərin profilaktik qida əldə etdiyi müəssisələrdən vergi tutulmaması ilə bağlı Əmək və Vergi Məcəllələrinə düzəlişlər edilib, ilin isti və soyuq vaxtlarında işçilərə fasilələr verilməsi və işi dayandırmaq imkanı verən hərarət reqlamentinə dəyişikliklər edilib”.

Seminarda sonra sosial tərəfdaşların və beynəlxalq qurumların nümayəndələri də çıxış ediblər. Seminar öz işini üç gün davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti