Bakı. Trend:
Bakı Dövlət Universiteti və Jomard Publishing nəşriyyatının birgə təsis etdiyi “New Materials, Compounds and Applications” (NMC&A) jurnalının yeni sayı çapdan çıxıb.
BDU-dan Trend-ə verilən məlumata görə, jurnal kimyanın, kimya mühəndisliyinin, birləşmələr nəzəriyyəsinin və materialşünaslığın kəsişməsinə aid olan müasir fundamental tədqiqat nəticələrini əks etdirən rəyləşdirilmiş nəzəri, praktiki və eksperimental məqalələrin, icmalların, qısa xəbərlərin çapını nəzərdə tutan açıq elmi dərgidir. Jurnalın baş redaktoru akademik Abel Məhərrəmovdur.
Jurnalın 2017-ci ilin dekabrında çapdan çıxmış birinci sayında Armando J.L.Pombeiro, Hirotaka Ihara, N.V.Kozak, Hiroki Noguchi və s. kimi dünyada məşhur alimlərinin məqalələri çap olunub.
Jurnalın bu sayına materiallar və birləşmələr nəzəriyyələrinin və tətbiqlərinin müxtəlif aspektlərinə həsr edilmiş ciddi elmi tutumlu, rəyləşdirilmiş məqalələr daxil edilib. Diqqətəlayiq haldır ki, yeni təsis olunmasına baxmayaraq, jurnal artıq ciddi beynəlxalq indeksləmə sistemlərinə daxil olub, dünya alimlərinin diqqətini ciddi bir elmi nəşr kimi cəlb etməyə başlayıb. Elə bunun nəticəsidir ki, jurnalın ikinci sayına daxil edilən məqalələr də kifayət qədər tanınmış alimlərə aiddir. Jurnalın nəşri sistematik olaraq davam etdiriləcək.
Jurnala daxil edilən məqalələr uyğun profilli tədqiqatçılar üçün xüsusi əhəmiyyət kəsb edir. Jurnalın tam məzmunu ilə aşağıdakı linkdə tanış olmaq olar:
http://jomardpublishing.com/journals.aspx?lang=az&id=12&menu=8&info=