...

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Cəmiyyət Materials 11 Mart 2019 20:51 (UTC +04:00)
Azərbaycan MDB məkanında və Şərqi Avropada əhalisinin gənclərin çoxluq təşkil etdiyi azsaylı ölkələrdən biridir.
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Bakı. Trend:

Azərbaycan MDB məkanında və Şərqi Avropada əhalisinin gənclərin çoxluq təşkil etdiyi azsaylı ölkələrdən biridir. Azərbaycanda əhalinin 25 faizindən çoxu məhz 14-29 yaşlıdır. Uşaqlar da nəzərə alınarsa, Azərbaycan əhalisinin 50 faizinin yaşı 29-dan aşağıdır.

Bu gün Azərbaycanın gələcəyi məhz bu yaş qrupunda olan insanların necə yetişməsindən, onların milli mənlik şüurunun hansı formada inkişaf etdirilməsindən, vətənpərvərlik hisslərinin necə tərbiyə edilməsindən asılıdır.

Milli mənlik şüuru inkişaf edən, vətənpərvərlik hissləri yüksək səviyyədə tərbiyə olunan gənc nəslin formalaşması gələcəkdə onların dövlətimizin və xalqımızın etimadını layiqincə doğruldacağı inamını da yaradır. Bu cür gənclər dövlətimizin gücünü də artırırlar.

Azərbaycanın bu gün məhz həmin prinsiplərə söykənən dövlət gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəldiyi gündən başlayaraq müstəqil dövlətdə yeni gənc nəslin formalaşması istiqamətində ciddi addımlar atılıb.

Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, gənclər sahəsində Dövlət proqramları qəbul olunur, mühüm tədbirlər reallaşdırılır. Məhz bu qayğının sayəsində bu gün Azərbaycan gəncləri istər yerli, istərsə də beynəlxalq səviyyədə mühüm uğurlar qazanırlar. 2018-ci ildə gənclər siyasətinin inkişafına xidmət edən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının ötən il üçün nəzərdə tutulan müddəaları icra edilib, həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı artıb, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib. Gənclərin hərtərəfli inkişafına şərait yaradılması, eyni zamanda, onların vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, ümumbəşəri və milli dəyərlərə hörmət prinsipləri, vətənpərvərlik ruhunda tərbiyəsi daim dövlətin diqqət mərkəzində olub.

Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında etdiyi çıxışı zamanı da bu məqamlara diqqət çəkib. O bildirib: “Biz həmişə öz dəyərlərimizə bağlı olmuşuq və bugünkü gənclər daim bu məsələyə çox böyük diqqət yetirsinlər. Azərbaycan dəyərləri bizim üçün ən başlıca dəyərlərdir. Bizi bir xalq kimi, millət kimi qoruyan, əsrlər boyu assimilyasiyadan qoruyan məhz bizim dəyərlərimiz, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız, incəsənətimiz olubdur. Azərbaycan gəncləri mütləq milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər. Hesab edirəm ki, bu iki əsas amil hər bir gənc üçün çox vacibdir”.

İntiqam Babayev: Gənclərin vətənpərvərliyi ilə bağlı səslənən fikirlərə Aprel hadisələri nöqtə qoyub

Gənclər və idman nazirinin müavini İntiqam Babayevin sözlərinə görə, aparılan tədbirlər nəticəsində bu günün gənclərinin düşüncə tərzi müsbət mənada tamam dəyişib.

Bu gün Azərbaycanda gənclər hərəkatının dinamik inkişaf dövrünü yaşadığını deyən nazir müavini hesab edir ki, ölkəmizdəki gənclərin vətənpərvərliyi ilə bağlı səslənən fikirlərə Aprel hadisələri nöqtə qoyub.

O əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayır.

Dövlətin gənclərə yüksək diqqət və qayğı göstərdiyini deyən nazir müavini gənclərlə bağlı mövcud qanunvericiliyə edilən hər yeni dəyişikliyin dövrün çağırışlarına, dövlətin daxili çağırışlarına cavab verdiyini söyləyib.

İ.Babayevin sözlərinə görə, bu gün ölkə gəncliyinin inkişaf səviyyəsi yüksək həddə çatıb. Gənclər artıq Azərbaycanın hüdudlarından xeyli kənarda da ölkəmizi bütün sahələrdə - ictimai, elm, mədəni və s. - yüksəksəviyyəli kürsülərdə təmsil edirlər.

İ.Babayev qeyd edib ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda formalaşan gənclər siyasətinin hüquqi-normativ bazası bu gün beynəlxalq standartlara cavab verir və bu baza Azərbaycan gənclərinin maraqlarını əks etdirir.

O deyib ki, artıq bır sıra beynəlxalq qurumlar da Azərbaycanın gənclərin sabahına hesablanmış dövlət siyasəti həyata keçirdiyini etiraf edirlər: "Bu gün Azərbaycanın gənclərlə bağlı modeli digər ölkələr üçün nümunə göstərilir".

“Gənclərin milli ruhda tərbiyə alması çox vacibdir”

Politoloq Nəzakət Məmmədovanın sözlərinə görə, müasir dünyada qarşısıalınmaz proses olan qloballaşma tək mədəniyyətliliyə doğru aparmaqla yanaşı, həm də hər bir xalqa öz mədəniyyətini təbliğ etmək imkanı yaradır. Bu baxımdan gənclərin milli ruhda tərbiyə alması çox vacib amildir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin haqlı olaraq söylədiyi kimi, Azərbaycan gəncləri milli ruhda tərbiyə almalıdırlar ki, gələcəkdə dövlət maraqlarını, xalqımızın milli maraqlarını layiqincə qoruya bilsinlər.

Politoloq hesab edir ki, ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu var:

"Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin başçılığı altında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət Vətənə bağlı, dövlətə sadiq, ölkəmizi beynəlxalq aləmdə uğurla təbliğ və təmsil etmək gücündə olan savadlı gənclərin yetişməsinə və layiqli yerlərini tutmasına səbəb olub".

“Gənclərimiz torpaqlarımızı işğaldan azad etmək uğrunda mübarizə aparırlar”

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı hesab edir ki, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin önündə olub:

"Gənclərimiz səngərdə əllərində silah torpaqlarımızı müdafiə və işğaldan azad etmək uğrunda mübarizə aparır, dövlət idarəetməsində iştirak edir, beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edirlər. Bütün bunlar Azərbaycan dövlətinin gənclərə olan dəstəyi nəticəsində daha da inkişaf edir və təkmilləşir.

Ombudsman Aparatının rəhbəri vurğulayıb ki, gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını, hüquq və azadlıqlarını daha səmərəli təmin etmək məqsədilə Azərbaycan dövləti tərəfindən kompleks tədbirlər həyata keçirilib, müvafiq qanunvericilik bazası formalaşdırılıb, dövlət proqramları, strategiyalar qəbul olunub və uğurla icra olumaqdadır.

“Azərbaycan vətəndaşlarının vətənpərvər kimi yetişməsi dövlətimizin qüdrətini artırır”

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan vətəndaşlarının layiqli vətənpərvər kimi yetişməsi dövlətimizin qüdrətini artırır.

Onun sözlərinə görə, Azərbaycan dövləti bu gününü və gələcəyini gənclərdən ayrı təsəvvür etmir.

Ə.Əhmədov vurğulayıb ki, bu gün Azərbaycan cəmiyyətində 30 yaşa qədər insanlar 4,6 milyon nəfər təşkil edir. Bu isə Azərbaycan əhalisinin 46 faizi deməkdir:

"Tələbə yaşında, yəni 24 yaşadək olan gənclər ölkə əhalisinin 3,6 milyon nəfərini, başqa sözlə, 1/3-ni təşkil edir. Deməli, bizim cəmiyyətimiz gəncdir. Bu mənada gənclərə yönələn siyasət Azərbaycan vətəndaşlarının həyatının yaxşılaşması üçün atılan addımların əsas qayəsini təşkil edir".

O bildirib ki, bu gün Azərbaycan cəmiyyətinin malik olduğu dəyərlər gənclər üçün istifadə edilir. Eyni zamanda, bu gün Azərbaycan dövləti və xalqı öz gələcəyini gənclərlə bağlayı.

Baş nazirin müavini təəssüflə onu da qeyd edib ki, bu gün Azərbaycanın yaratdığı imkanların üstünə qara xətt çəkmək, gəncləri çaşdırmaq istəyən qüvvələr var:

"Bu gün gənclərimiz fəxr etməlidirlər ki, onlar azərbaycanlıdırlar. Bizim həyata keçirdiyimiz prioritetlərdən biri odur ki, gənclər müasir və fəal olsun, Azərbaycanın dünyada təbliğ olunmasında iştirak etsin, Azərbaycana yönələn çirkli təbliğata qarşı mübariz olsun. Məmnunluqla deyim ki, bu gün Azərbaycanda layiqli gənclər yetişir. Gələcək Azərbaycan gənclərin mübarizliyi sayəsində daha da güclü olacaq. Bizim gənclərdən gözləntilərimiz odur ki, yaxşı oxusunlar, biliklərə yiyələnsinlər, yaxşı mütəxəsislər olsunlar, ən əsası vətənpərvər olsunlar. Harada olmalarından asılı olmayaraq vətənpərvərlik prinsipi əsasında davranmalıdır. Gənclər, eyni zamanda ictimai-siyasi həyatda da fəal olmalıdırlar, çünki bugünkü gənclər gələcək siyasətçilərdir, idarəedicilərdir”.

Ə.Əhmədov bildirib ki, sosial şəbəkələr həyatımıza dərindən daxil olub və ciddi şəkildə təsir göstərir. Bu təsirin müsbət cəhətləri etiraf olunmalıdır:

“Amma çox təəssüflə qeyd etmək lazımdır ki, bəzi hallarda sosial şəbəkələrdən söz və fikir azadlığı adı altında tamam başqa məqsədlər və niyyətlərlə istifadə edirlər. Bir sıra hallarda sosial şəbəkələr mənəvi terror alətinə çevrilir, ayrı-ayrı insanları, qrupları təhqir etmək alətinə çevrilir, ləyaqətdən, etikadan kənar ifadələrdən istifadə edilir. Bütün bunlar sosial şəbəkələrin bir alət kimi istifadə olunması ilə əlaqədar narahatlıqlarımızı artırır. Biz istərdik ki, sosial şəbəkələrdən istifadə edənlərin hər biri söz və mətbuat azadlığı üçün yaradılmış bu geniş imkanlardan yararlanmaqla yanaşı, mənəvi dəyərləri unutmasınlar, etik qaydalara riayət etsinlər, buradan mənəvi terror, təhqir etmək vasitəsi kimi istifadə etməsinlər”.

İlhamə İsabalayeva

Trend İnformasiya Agentliyinin müxbiri

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Məqalədə:
Xəbər lenti

Xəbər lenti