...

Sumqayıtda ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirilib (FOTO)

Cəmiyyət Materials 20 Fevral 2020 12:37 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Sumqayıt şəhər İcra Hakimiyyətinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər ərazisində görülən işlər barədə ətraflı danışıb.

Daha sonra hesabat məruzəsi ilə çıxış edən şəhər icra hakimiyyəti başçısının müavini Sahib Quliyev bildirib ki, hesabat dövründə Sumqayıtda yeni istirahət guşələri, park və xiyabanlar yaradılıb. Bu istiqamətdə reallaşdırılan ən mühüm layihələrdən biri Sumqayıtda Dənizkənarı bulvarın və şəhər çimərliyinin yaradılmasıdır.

Prezident İlham Əliyev noyabrın 21-də şəhərə növbəti səfəri zamanı Sumqayıt Dənizkənarı Bulvar Kompleksinin 1 kilometr uzunluğunda, 400 metr enində, ümumilikdə isə 40 hektar sahədə yeni salınmış hissəsində yaradılan şəraitlə tanış olub. Səfər zamanı dövlətimizin başçısı bulvara xüsusi gözəllik verən, şəhərin mədəni həyatında özünəməxsus yeri olan Muğam Mərkəzinin açılışında iştirak edib. Şəhərin mədəni həyatını canlandıran mühüm layihələrdən biri də “Nizami” kinoteatrının müasir tələblərə cavab verən yeni binasının dövlət başçısının iştirakı ilə istifadəyə verilməsi olub. İkimərtəbəli binada hər biri 80-100 yerlik olmaqla, 3 kino zalı və digər inzibati otaqlar fəaliyyət göstərir.

Vurğulanıb ki, Sumqayıta şəhər statusu verilməsinin 70 illiyinin ölkədə geniş şəkildə qeyd edilməsi, abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi, 463 yaşayış binasının dam örtüyünün, 25 binanın fasadının, 77 liftin dəyişdirilməsi, 112 liftin, 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri və tibbi avadanlıqlarla təchiz edilməsi, 1 nömrəli şəhər tam orta məktəbi üçün 1800 şagird yerlik yeni binanın, “ASAN xidmət” mərkəzinin tikintisi, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması məqsədilə maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutan sərəncamların imzalanması dövlət başçısının Sumqayıt və sumqayıtlılara göstərdiyi diqqət və qayğını bir daha təcəssüm etdirir.

Qeyd olunub ki, sənaye müəssisələrində 1 milyard 885 milyon manatlıq məhsul istehsal edilib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz çoxdur. Ölkənin kimya sənayesinin aparıcı müəssisələrindən olan “Azərikimya” İB-nin perspektiv inkişaf planına uyğun olaraq dəyəri 1 milyard manat təşkil edən yenidənqurma və modernizasiya layihəsi üzrə işlər davam etdirilib.

Qeyri-neft sektorunun inkişafında əhəmiyyətli rola malik “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də yerli və xarici investorların marağı getdikcə artır. Hazırda Parkda investisiyalarının həcmi 3 milyard dollar olan 21 rezident qeydiyyata alınıb. 16 müəssisə istehsal fəaliyyəti ilə məşğuldur. İstehsalat və tikinti-quraşdırma işlərində əksəriyyəti Sumqayıt şəhərinin və ətraf ərazilərin sakinləri olan 5 mindən çox işçi çalışır. Təkcə ötən il parka 807 milyon 500 min manat investisiya yatırılıb. Almaniya texnologiyası əsasında ildə 8 milyon kvadratmetr müxtəlif çeşiddə şüşə lövhələr istehsalı və “Azərxalça” ASC-nin ildə 370 ton iplik və 195 ton təmiz yun istehsal olunacaq Yun Əyirici-Boyaq fabrikinin tikintisi davam etdirilir.

Yığıncaqda şəhər təsərrüfatının bütün sahələri üzrə görülən işlər haqqında məlumat verilib.

Qeyd edilib ki, ötən il ərzində şəhərin makroiqtisadi göstəriciləri də qənaətbəxş olmuşdur. Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyanın məbləği 2 milyard 113 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki dövrə nisbətən 2,3 dəfə çoxdur. Bunun da 1 milyard 800 milyon manatı tikinti-quraşdırma işlərinə sərf olunub.

Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 19 layihəyə 15 milyon 627 min manat güzəştli investisiya qoyuluşu nəticəsində 270 yeni iş yeri yaradılıb.

Nəqliyyat sahəsində göstərilən xidmətlər 15 milyon manat, ötən ilin eyni dövrü ilə müqayisədə 22 faiz çox, rabitə xidmətlərinin həcmi isə 2 dəfə artmış və 70 milyon manat olub.

Ticarət dövriyyəsi 1,0 milyard manatı ötmüş, əvvəlki dövrlə müqayisədə 10 faiz artıb. Orta əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artaraq 525 manat təşkil edib. Əldə olunan uğurlar, iqtisadi göstəricilərin artması nəticəsində yerli büdcə gəlirləri proqnoza qarşı 11 milyon manat və ya 20 faiz artaraq 65 milyon manat olmuş, xərclər isə 53,5 milyon manat və ya 99,3 faiz icra edilib.

Məşğulluq Mərkəzi tərəfindən hesabat dövründə 9753 nəfər işaxtaran kimi qeydiyyata alınıb. Şəhər icra hakimiyyətinin yaxından köməyi və dəstəyi ilə 6417 nəfər işlə təmin olunub. Əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında aktivliyin artırılması məqsədi ilə ölkə rəhbərinin tapşırığına əsasən Sumqayıt şəhərində 3090 haqqı ödənilən ictimai iş yeri açılıb. 106 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib, 360 nəfər özünüməşğulluq proqramının təlimlərinə cəlb olunub. Hesabat dövründə 6910 yeni iş yeri açılıb.

Hesabat məruzəsində sənaye, tikinti, məşğulluq, ekologiya, abadlıq işləri ilə yanaşı, elektrik enerjisi, içməli su, təbi qaz, nəqliyyat, telekommunikasiya xidmətləri sahəsində əldə olunan dinamika da qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti