...

Bakıda koronavirusa ən çox yoluxma halları Yasamal və Sabunçu rayonlarında olub

Cəmiyyət Materials 6 May 2020 17:19 (UTC +04:00)
Bakıda koronavirusa ən çox yoluxma halları Yasamal və Sabunçu rayonlarında olub

Bakı. İlhamə İsabalayeva – Trend:

Bakıda koronavirusa ən çox yoluxma halları Yasamal və Sabunçu rayonlarında olub.

Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün kerçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Yasamalda bir neçə infeksiya ocağı müəyyən edilmişdi: “Bir nəfər çoxlu sayda insanı virusa yoluxdurmuşdu. Artıq həmin vətəndaşlar izolyasiya edilib və onların çoxu sağalıb”.

Sədr qeyd edib ki, Gəncədə də yoluxma sayının artmasının səbəbi müəyyən edilib: “Təəssüflər ki, orada karantin rejiminə bir o qədər də əməl edilmir. Digər tərəfdən, bütün yoluxmalara baxdıqda daha çox yoluxma hallarının ailə üzvləri arasında olduğu aydın görünür. Nəticədə, 1 nəfər 4-5 nəfəri yoluxdurur. Yoluxmalar həm də tibb işçiləri arasında olur ki, bu hallar da Gəncədə müşahidə edilib. Hazırda orada bütün tədbirlər görülür ki, neqativ hallar aradan qalxsın. Şimal bölgəsində Rusiyadan keçən bir neçə nəfərdə testlərin nəticəsi pozitiv çıxıb. Eyni zamanda, cənub bölgəsində də İranla gediş-gəliş olduğu üçün orada yoluxma halları çox olub”.

Z.Əliyev əlavə edib ki, virusa yoluxanların daha çoxu 50-59 yaşlı insanlardır: "Yoluxanların 54 faizi isə qadınlardır. Vəfat edənlər əsasən 60-69 yaşlı insanlardır. Ölənlərin 43 faizini məhz bu yaşda olanlar təşkil edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti