Bakı. Elçin Mehdiyev – Trend:
Media ilə bağlı çox ciddi bir sənəd hazırlanıb. Media mənsubları olaraq bu layihəyə gələcək platforma kimi yanaşmalıyıq.
Trend-in məlumatına görə, bunu Real TV-nin rəhbəri Mirşahin Ağayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.
O qeyd edib ki, kütləvi informasiya vasitələri ilə bağlı köhnə qanunun hazırlanmasından uzun zaman keçib və bu qanunun fəaliyyət dairəsi dəyişib: “Artıq tam yeni bir dövrdə yaşayırıq. 44 günlük Vətən müharibəsində qələbə hər birimizin qarşısında yeni vəzifələr, yeni məsuliyyət qoyur. Biz artıq 4-cü sənaye transformasiyası dövründəyik. Bu gün Azərbaycan mediası dünya mediasında olan çempionatın iştirakçısıdır”, - deyə M.Ağayev bildirib.
O vurğulayıb ki, Vətən müharibəsində Azərbaycan Prezidenti İlham Əliyev informasiya müharibəsində də qələbə qazandı.
Onun sözlərinə görə, burada söhbət təkcə qanun layihəsindən deyil, çox ciddi informasiya təhlükəsizliyindən gedir:
“Bu qanun layihəsi təkcə Azərbaycan mediasının müstəqilliyini yox, Azərbaycan dövlətinin müstəqilliyini müdafiə edən bir qanun olmalıdır. Bu qanun əslində birinci növbədə bizi 4-cü sənaye tranformasiyasına hazırlayır. Bu gün sosial şəbəkələr güclənir və onlar bizim güclü rəqiblərimizdirlər”, - deyə M.Ağayev vurğulayıb.