...

AZƏRTAC ilə UNA arasında əməkdaşlıq yeni hədəflərə istiqamətlənir (FOTO/VİDEO)

Cəmiyyət Materials 28 Yanvar 2022 11:13 (UTC +04:00)
AZƏRTAC ilə UNA arasında əməkdaşlıq yeni hədəflərə istiqamətlənir (FOTO/VİDEO)

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatının Milli Xəbər Agentlikləri Birliyi (UNA) ilə AZƏRTAC arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni media planı hazırlanır.

Birliyin yeni hədəfləri və perspektiv inkişaf istiqamətləri AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov və UNA-nın baş direktor əvəzi Məhəmməd Əbd Rabbi əl-Yami arasında yanvarın 27-də qarşı tərəfin təşəbbüsü ilə keçirilən onlayn görüşdə müzakirə olunub.

Məhəmməd əl-Yami qeyd edib ki, yeni media planı UNA-nın üzv agentliklər, o cümlədən AZƏRTAC ilə əməkdaşlığının daha da aktivləşdirilməsini nəzərdə tutur. Məqsəd Birliyi beynəlxalq informasiya platformasına çevirmək, üzv agentliklər arasında xəbər mübadiləsini daha da artırmaq, islam ölkələrindən olan jurnalistlər üçün təlimlər təşkil etmək, digər beynəlxalq media qurumları ilə sıx əlaqələr qurmaqdır. Hazırda 57 üzvü olan UNA gələcəkdə sıralarını genişləndirərək telekanalların, çap mediası və digər KİV-lərin də təşkilata üzv qəbul edilməsini planlaşdırır.

“Biz hazırda Azərbaycanla bağlı xəbərləri AZƏRTAC vasitəsilə alaraq həm öz platformamızda yayırıq, həm də digər üzv agentliklərə göndəririk. İnformasiya mübadiləsini daha da genişləndirmək imkanları var və biz üzv agentliklərlə birgə bundan yararlanmağa çalışırıq. Artıq xəbər mübadiləsi proqramı da yaradılıb. Biz, həmçinin beynəlxalq mükafatlar təsis etmək, təşkilatı media sahəsi üzrə bir bilgi mərkəzinə çevirmək niyyətindəyik”, - deyə baş direktor əvəzi vurğulayıb.

Azərbaycanın İslam ölkələri ilə sıx əlaqələrə malik olduğunu deyən İdarə Heyətinin sədri Aslan Aslanov Prezident İlham Əliyevin İƏT ölkələri ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, AZƏRTAC ilə UNA arasında da əməkdaşlıq yüksək səviyyədədir, agentlik bu qurumun İcraiyyə Şurasının üzvüdür. Təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi üçün AZƏRTAC bütün üzvlərlə birgə çalışmağa hazırdır: “Bu istiqamətdə zəngin təcrübəsi olan AZƏRTAC 2016-2019-cu illərdə 100-dən çox agentliyi birləşdirən Dünya Xəbər Agentlikləri Konqresinə və Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) sədrlik edib. Hazırda AZƏRTAC OANA-da vitse-prezident olaraq təşkilati işlərdə fəallıq göstərir. Bundan başqa, agentliyimiz Associated Press, France Press, Reuters, Press Association, TASS, EFE də daxil olmaqla, Dünya Xəbər Agentlikləri Şurasının 13 üzvündən biridir”.

Görüş zamanı UNA-nın inkişafı üçün fəaliyyət sahələri, sosial mediada nüfuzlu blogerlərlə əməkdaşlıq, ikitərəfli əlaqələrin dərinləşdirilməsinə yönələn birgə addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti