...

Pasientlərdən ən çox gələn suallar – İmplantoloq ağız cərrahı Dr.Emil İmanov (FOTO)

Cəmiyyət Materials 1 Noyabr 2022 10:00 (UTC +04:00)
Pasientlərdən ən çox gələn suallar – İmplantoloq ağız cərrahı Dr.Emil İmanov (FOTO)

Bakı. Trend:

İmplantoloq ağız cərrahı Dr.Emil İmanov pasientlərdən ən çox gələn sualları cavablandırıb.

İmplantasiya ağrılıdırmı?

Pasientləri maraqlandıran əsas suallardan biri odur ki, implant əməliyyatı zamanı ağrı olurmu və nə dərəcədə qorxulu prosedurdur. Bəzi pasientlər bildirir ki, onlarda diş həkimi fobiyası olaraq bilinən qorxu o səviyyədədir ki, onlar dişdə hər hansı problem yarandıqda həkimə müraciət etmirlər. Vaxtında müalicə etdirməmək isə dişi itirməyə gətirib çıxarır.Təəssüf ki, məsələ bununla bitmir, bəzən daha böyük problemlərə yol açır. İltihablanma, kista əmələ gəlməsi, uzun müddət dişsiz qalan hissədə sümüyün əriməsi kimi fəsadlar ortaya çıxa bilir. Bu qorxunun səbəbini araşdırdıqda aydın olur ki, bu cür pasientlərin əksər hissəsi ən son 15-20 il öncə stomatoloji müdaxilə görmüş insanlardır. Əfsuslar olsun ki, o vaxtlar hətta yerli anesteziyadan belə, demək olar, istifadə olunmurdu və “novokain” kimi keyidici vasitələrlə müdaxilə edilirdi. Lakin müasir dövrdə stomatoloji sahədə əldə edilən nailiyyətlərdə əsas məqsədlərdən biri pasientin ağrını az hiss etməsidir. Yerli anesteziya yöntəmləri davamlı inkişaf edir və ağrı hətta sıfıra endirilir. Əməliyyatın gedişatı zamanı isə pasient ya ağrını çox az hiss edir, ya da ümumiyyətlə hiss etmir. Bu gün artıq hər hansı bir problemdən dolayı diş həkiminə müraciət edəndə ağrı probleminə görə narahat olmamalısınız. Müasir tibbin inkişafı, istifadə olunan ağrıkəsicilər, sakitləşdiricilər bizə tamamən imkan verir ki, ağrını minimuma salaq. Artıq günümüzdə diş həkimlərinin pasientə yanaşması da çox fərdi və daha nəvazişlədir. Mütləq şəkildə yoxlamalar apararaq prosedura nəzarət edirik, əgər hər hansı bir narahatlıq varsa kiçik fasilələrlə pasientin özünü rahat hiss etməsinə çalışırıq. Müasir tibbin protokollarına əsasən, əməliyyatdan sonra da dişi kontrolda saxlayırıq, bir neçə həftədən sonra və ya ildə bir dəfə mütəmadi şəkildə dişin vəziyyəti və ümumi ağız sağlamlığını nəzərdən keçiririk.

İmplant qiymətləri nəyə əsasən dəyişir?

Pasientlər çox vaxt bizdən hətta online şəkildə də implant qiymətlərini soruşurlar. Buna isə konkret cavab vermək düzgün olmur. Çünki implant qiymətləri fərdidir. Hər pasientdə problem, problemin həcmi, əlavə müdaxilə olub-olmaması individual formada dəyişiklik göstərir və qiymətlər də buna görə formalaşır. Əlavə müdaxiləyə misal olaraq sümükköçürmələr, yumşaq toxumaya müdaxilə, estetik konstruksiyanın növləri və s. nüanslar var. Eyni zamanda implantların istehsal ölkəsi, markası, istifadə olunan material və texnikalar, laboratoriyada hazırlanan dişlərin texniklərinin qiymət standartlarına görə də dəyişir.

Son zamanlar, sözsüz ki, sosial mediada bəzən çox ucuz qiymətə implant paylaşımları ilə rastlaşırıq. Onları bəzən pasientlər özü bizə nümunə olaraq göstərib, niyə bu cür qiymət fərqi olduğunu aydınlaşdırmağa çalışırlar. Belə qiymət fərqləri digər ölkələrlə Azərbaycan arasında da var. Nisbətən münasib elə Azərbaycandakı qiymətlərdir. Bundan əlavə, təbii ki, həkimin təcrübəsi də işin dəyərini formalaşdırır. Öz sahəsində nisbətən daha az təcrübəli, bu işə yeni başlayan həkimlər aşağı qiymətlər təklif edir. Düzdür, mən özüm də işə başladığım ilk dönəmlərdə indikindən daha aşağı qiymətlərlə işləyirdim, ancaq bu yenə də o qədər aşağı, pulsuz sayılacaq dərəcədə aşağı deyildi. Çünki Avropada ixtisaslaşmış bir həkim olaraq təhsilin işim üzərindəki təsiri gözardı edilə bilməzdi. Ümumiyyətlə, keyfiyyətli təhsil, işində ixtisaslaşma, təcrübə bu sahədə də ən birinci faktordur. İkinci əsas faktor əməliyyatın keçiriləcəyi klinikadakı vəziyyətdir. Yəni klinikada bunun üçün xüsusi şərait təmin olunubmu, avadanlıqların keyfiyyəti və işçilərin professionallığı hansı dərəcədədir, bütün bunlar dəlalət edir. Son olaraq isə seçdiyimiz materiallara görə dəyişir. Məsələn, çox ucuz istehsalçı ölkələrdən orta istehsalçı ölkələrə və premium markalara görə dəyişir. Burda ən vacib nüans həkimə etibar eləmək və sözsüz ki, pasientin öz büdcəsinə uyğun seçim etməkdir.

İmplantasiya zamanı ağırlaşmalar. İmplantdan sonra xərçəng xəstəliyi yaranırmı?

İmplantasiyada əməliyyat zamanı dərhal olan yerli ağırlaşmalar və sonra yaranan ağırlaşmalar var. Yerli olan ağırlaşmaların əsas səbəbi malpraktizm, yəni az təcrübəlilikdir, və yaxud həkimin təcrübəsiz olmasından qaynaqlana bilər. Yumşaq toxuma zədələnmələri, sinir zədələnməsi kimi hallar yarana bilir. Lakin qeyd edim ki, Azərbaycanda son illərdə texnologiyanın da inkişafı sayəsində bu tip hallar xeyli azalıb. Çünki biz artıq 3D tomoqrafiya etmədən cərrahi müdaxilə həyata keçirmirik. Bu isə bizə sinir və bütün anatomik sərhədləri aydın şəkildə göstərir. Beləcə az təcrübəsi olan həkim belə ağırlaşmalardan yan qaça bilir. Kiçik ağırlaşmalar isə bəzi fərdi nüansları nəzərə almadan edilən müdaxilə zamanı yaranır. Bunlar əməliyyat gedişatı zamanı yaranan xırda ağırlaşmalardır və aradan qaldırıla bilir. Gələcəkdə yaranan ağırlaşmalar isə erkən ağırlaşmalardır. Onlar implantın uzunömürlülüyünə təsir edir. İmplantın sümüyə düzgün yerləşdirilməməsi və ya konstruksiyanın düzgün hazırlanmaması, gigiyenik qaydaların pasientə düzgün izah olunmaması, pasientin gigiyenaya düzgün əməl etməməsi kimi faktorlar aid edilir. Ona görə mütləq şəkildə təcrübəli həkim seçilməli və təmizlik qaydalarına düzgün əməl edilməlidir.

Ağırlaşmaların bir qrupu da sistemli xəstəliyi olan insanlara aiddir. Müəyyən yaşlarda olan hormonal balans, endokrin sistemi xəstəlikləri və yaxud da digər sümük separozu ilə bağlı narahatlığı olan insanlarda fərqli implant itkilərinə gətirib çıxaran ağırlaşmalar ola bilir. Bunlar da əgər həkim nəzarətində olarsa, müəyyən qədər kompensasiya olunur və ömrü uzadılır.

Növündən asılı olmayaraq, ağırlaçmalar istənilən halda aradan qaldırıla biləndir. Hal-hazırda 10-15 il sonra sümük itkisi olduqda belə biz onu sümük toxuması ilə bərpa də bilirik. Tam implant çıxsa belə, bunun həyati heç bir təhlükəsi yoxdur. Yenidən sümük tozları ilə sümükköçürmə edib, təkrar implasiya həyata keçirilə bilir. Ona görə də pasientlərin bu ağırlaşmalardan çox qorxması gərəksizdir.

Xəbər lenti

Xəbər lenti