Bakı. Trend:
Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri və
restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya
normadan artıq tullantı atan və normativlərə uyğun fəaliyyət
göstərməyən obyektlər barəsində qanunamüvafiq tədbirlər
görülüb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Trend-ə verilən məlumata görə, keçirilən
monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri
zamanı Bakı şəhərində fəaliyyət göstərən "Planet", "Xarı Bülbül",
"Ay işığı", "Su səsi" və "Manisa Palace" restoranlarından havaya
atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən
edilib. Faktlarla bağlı obyekt sahibləri barəsində protokol tərtib
olunub və onlar vəzifəli şəxs qismində cərimələnib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektləri və
restoran sahiblərinə bir daha çağırış edir ki, obyektlərindəki
təmizləyici qurğuların texniki göstəricilərinin normalara
uyğunluğunu təmin etsinlər.
Ölkə ərazisindəki ictimai-iaşə obyektlərində monitorinq və nazarət
tədbirləri davam etdirilir.