...

Ombudsman təsisatının əsasının qoyulması ilə bağlı hüquqi islahatların həyata keçirilməsində Heydər Əliyevin müstəsna rolu olub - Səbinə Əliyeva

Cəmiyyət Materials 3 May 2023 10:59 (UTC +04:00)
Ombudsman təsisatının əsasının qoyulması ilə bağlı hüquqi islahatların həyata keçirilməsində Heydər Əliyevin müstəsna rolu olub - Səbinə Əliyeva
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Əziz xatirəsi xalqımız tərəfindən daim dərin hörmətlə yad edilən Ulu Öndərin Azərbaycanda demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, insan hüquqlarının inkişafı, müstəqil məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının əsasının qoyulması ilə bağlı mühüm əhəmiyyət kəsb edən islahatların həyata keçirilməsində müstəsna rolu olub.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev və müstəqil Azərbaycanda
insan hüquqlarının inkişafı” mövzusunda elmi-praktiki konfransda deyib.

O bildirib ki, xüsusi olaraq vurğulamaq istərdim ki, Ulu Öndər Heydər Əliyev tərəfindən ictimai-siyasi, sosial-iqtisadi və mədəni-humanitar sahələrin inkişafı, milli dövlətçiliyimizin möhkəmlənməsi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində aparılmış mütərəqqi islahatlar nəticəsində ölkəmiz çoxsaylı uğurlara imza atıb.

“Çox təqdirəlayiq haldır ki, Azərbaycanda demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, insan hüquqlarının inkişafı, müstəqil məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının əsasının qoyulması ilə bağlı hüquqi islahatların həyata keçirilməsində əziz xatirəsi xalqımız tərəfindən daim dərin hörmətlə yad edilən dahi şəxsiyyət Heydər Əliyevin müstəsna rolu olmuşdur.

Azərbaycanın müxtəlif inkişaf mərhələlərində bilavasitə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü əsasında insan hüquq və azadlıqlarının daha səmərəli təmininə nail olmaq məqsədilə bir sıra strateji əhəmiyyətli sənədlər hazırlanmış və təsdiq edilərək icra olunmuşdur.

Ümummilli Lider ölkə Prezidenti kimi 1998-ci il 22 fevral tarixdə “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalamış, eyni zamanda bundan irəli gələn məqsəd və vəzifələri nəzərə alaraq 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə müvafiq sahədə ilk strateji sənəd olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq etmişdir.

Bu iki sənəddə isə ilk dəfə olaraq Azərbaycanda insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılması ilə bağlı müddəalar öz əksini tapmış, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində digər zəruri tədbirlərin reallaşdırılması nəzərdə tutulmuşdur.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü, diqqət və qayğısı nəticəsində həmin sənədlərin icrasının təmini çərçivəsində ölkəmizdə insan hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

Bununla əlaqədar ölkəmizdə insan hüquqlarının müdafiəsi mexanizmləri təkmilləşdirilmiş, yeni məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılaraq səmərəli fəaliyyət göstərməsi üçün hüquqi və maddi-texniki baza yaradılmışdır.

Belə ki, Ulu Öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə 2001-ci il 28 dekabr tarixində “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul olunmuş, 2002-ci il 5 mart tarixində həmin Qanunun tətbiq edilməsi barədə Fərman imzalanmışdır. Bununla əlaqədar 2002-ci il 2 iyul tarixində bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilmiş, 28 oktyabr tarixindən Ombudsman Aparatında müraciətlərin qəbuluna başlanılmışdır”, - deyə o qeyd edib.

S.Əliyev vurğulayıb ki, Ombudsman təsisatı müstəqil məhkəmədənkənar hüquq müdafiə mexanizmi, milli insan hüquqları institutu kimi ölkəmizin Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması istiqamətindəki fəaliyyətini uğurla davam etdirməklə dövlətimizin ali məqsədinin təmininə xidmət edir.

“Ombudsmanın fəaliyyətini tənzimləyən əsas qanunvericilik aktının ən yüksək və birbaşa hüquqi qüvvəyə malik Konstitusiyanın ayrılmaz hissəsi hesab edilən Konstitusiya Qanunu olması da məhz dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin bariz təzahürüdür.

Sevindirici haldır ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş insan hüquqları sahəsində hüquqi islahatlar hazırda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Birinci Vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəal dəstəyi ilə uğurla davam etdirilir.

Təqdirəlayiq haldır ki, hüquqi islahatlar fonunda ölkə Prezidenti cənab İlham Əliyevin fəal dəstəyi ilə yeni dövrün tələbləri və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər nəzərə alınmaqla mütəmadi şəkildə inkişaf etdirilən Ombudsman təsisatı hazırda ölkəmizdə və beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır.

Ötən dövrdə Dövlət Başçısı tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin mandatının beynəlxalq hüquq normalarına uyğun olaraq genişləndirilməsi ilə bağlı əhəmiyyətli təşəbbüslər irəli sürülmüşdür.

Son belə təşəbbüs nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə Ombudsmanın mandatı genişləndirilmiş, “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”nın və “Uşaq hüquqları haqqında Konvensiya”nın həyata keçirilməsi, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının təşviqi və monitorinqi üzrə müstəqil mexanizm funksiyalarının həyata keçirilməsi üzrə səlahiyyəti təsbit olunmuş, habelə fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli, regional və beynəlxalq təşkilatlarla, xarici ölkələrin insan hüquqları təsisatları ilə əməkdaşlıq etmək, bu məqsədlə müqavilələr (sazişlər) bağlamaq və beynəlxalq qurumlarda təmsil olunmaq mandatı rəsmi qaydada müəyyən edilmişdir.

Qanunvericiliyə edilmiş bu dəyişikliklər Ombudsmanın fəaliyyətinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına, qabaqcıl dünya təcrübəsinin ölkəmizdə tətbiq edilməsinə, bununla da təsisatın beynəlxalq nüfuzunun artırılmasına yönəlmişdir.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə müstəqil bir qurum olaraq yaradılan və artıq 20 ildən çoxdur ki, aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında fəaliyyət göstərən Ombudsman təsisatı bu gün qanunvericilik, icra və məhkəmə hakimiyyətləri, digər aidiyyəti dövlət qurumları, habelə yerli özünüidarə orqanları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əməkdaşlığını uğurla davam etdirməkdədir”, - deyə S.Əliyeva əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti