...

Problem başa salandadır, yoxsa başa düşəndə? - Nazirin qalmaqallı açıqlamasına REAKSİYA

Cəmiyyət Materials 10 İyul 2023 14:53 (UTC +04:00)
Problem başa salandadır, yoxsa başa düşəndə? - Nazirin qalmaqallı açıqlamasına REAKSİYA
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 6-da Təhsil naziri Emin Əmrullayevin sertifikatlaşdırma imtahanında yüksək bal toplayan müəllimlərlə görüşü zamanı səsləndirdiyi fikirlər ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Nazirin çıxışı zamanı “Yaşı 25-dən yuxarı gənc olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür” ifadələri xüsusilə narazılığa səbəb olub.

Təhsil eksperti Kamran Əsədov isə Trend-ə deyib ki, elm və təhsil naziri Emin Əmrullayev kifayət qədər emosionaldır və daşıdığı vəzifənin bəzən ağırlığını başa düşmür. Nazir bəzən işlədilməsi zəruri olmayan ifadələrdən istifadə edir.

O bildirib ki, Azərbaycan təhsil sistemində çatışmazlıqlar var, amma bu o demək deyil ki, insanları hansısa problemə görə təhqir etməliyik, aşağılamalıyıq.

“Hiss edirəm ki, son dövlərdə Emin Əmrullayevin çıxışlarında sanki bir qisasçılıq var, sanki kiməsə bir söz çatdırma missiyası var. Nazir deyir ki, 25 yaşdan yuxarı əhalinin 60 faizi oxuduğunu başa düşmür. Bu, ağır ittihamdır. Ola bilər ki, hansısa imtahana cəlb edilən insanlarla bağlı bunu bəlkə də demək olar amma ölkə vətəndaşlarının oxuduğunu anlama qabiliyyətini yoxlamaq üçün heç bir alət yoxdur. Əslində sertifikasiya nazirliyin daxili işidir, bnu durub aləmə car çəkmək lazım deyil”, - deyə K.Əsədov vurğulayıb.

O qeyd edib ki, nazir insanları bu cür təhqir etməməlidir.

Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov isə məlum olayla bağlı bildirib ki, bütövlükdə ibtidai sinif müəllimlərini savadsızlıqda ittiham edə bilmərik. İbtidai sinif müəllimləri arasında kifayət qədər bilikli, savadlı insanlar var,

O bildirib ki, bütün sahələrdə olduğu kimi ibtidai təhsil sahəsində də müəyyən bilikləri yetərli olmayan insanlar ola bilər.

“Heç də hər kəsin bilik səviyyəsi, dünya görüşü, savadı eyni deyil. Bu baxımdan da bütün sahələrdə olduğu kimi ibtidai sinif müəllimləri arasında da savadı yüksək olmayan müəllimlərin olması ehtimalı var.

Sertifikasiya bilik səviyyəsinə görə müəllimlərin seçilməsinin üsulu kimi düzgün seçimdir. Ancaq burada məsələnin mahiyyəti ondan ibarətdir ki, bu proses universitetlərdə təhsilin məzmununun keyfiyyətinin artırılmasına paralel aparılmalıdır.

Yəni bu gün biz birtərəfdən sertifikasiya edirik amma digər tərəfdən universitetlərdə təhsilin məzmununda, keyfiyyətində hansısa bir ciddi irəliləyişi görümürük. Belə olan halda isə bizim müəllimlərimiz bir neçə dəfə imtahandan keçməli olurlar. Yəni əslində Elm və Təhsil Nazirliyi çıxış yolu kimi bunu görür. Amma mən düşünürəm ki, biz məsələnin kökünü ciddi şəkildə axtarmlıyıq və universitetlərdə təhsilin məzmununun və keyfiyyətinin artırılması istiqamətində adıdmlar atılmalıdır”, - deyə deputat qeyd edib.

O bildirib ki, yəni bir tərəfdən dövlət universitetlərdə tələbələrin təhsilinə vəsait ayırır, ardınca isə biz təzədən əlavə imtahanlar keçiririk, maliyyə vəsaityi ayırırıq və müəllimləri yenidən sertifikasiyaya cəlb edirik.

“Ona görə də hesab edirəm ki, bu incə məqam da nəzərə alınmalıdır. Düşünürəm ki, burada ən doğru çıxış yolu o olardı ki, ali təhsil müəssisələrində təhsilin keyfiyyətini, məzmununu daha da yüksəldək, peşəkar müəllimlər yetişdirək və gələcəkdə müəllimlərin yenidən sertifikasiya prosesinə cəlb edilməsinə ehtiyac qalmasın. Yəni bu, iki dəfə vəsait xərcləməkdir, iki dəfə enerji itirməkdir. Ona görə də bu incə məqamlar mütləq nəzərə alınmalıdır ki, biz gələcəkdə eyni problemlərə qarşılaşmayaq”, - deyə deputat əlavə edib.

Elm və Təhsil Nazirliyinin (ETN) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sözügedən müzakirələrlə bağlı paylaşım edərək bildirib ki, bir sıra ictimai şəxsin məsələnin mahiyyətinə varmadan nazirin səsləndirdiyi fikirləri təhrif etməklə qeyri-düzgün ifadələr işlətdiklərini bildirib:

"İyulun 6-da elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma imtahanında yüksək bal toplayan müəllimlərimizlə görüşdə vacib mesajlar səsləndirdi. Onlardan biri də şagirdlərimizin oxuyub anlama bacarıqları ilə bağlı mövcud problemləri idi.

Təəssüf ki, bir sıra ictimai şəxslər məsələnin mahiyyətinə varmadan Emin müəllimin səsləndirdiyi fikirləri təhrif etməklə qeyri-düzgün ifadələr işlədirlər.

Elm və təhsil nazirliyi hər zaman açıq dialoq formatını seçib və ictimai fikrə böyük hörmətlə yanaşıb. Ümid edirəm ki, təqdim olunan videoda cənab nazirin şagirdlərin beynəlxalq qiymətləndirmə bacarıqlarının ölçülməsi ilə bağlı mötəbər tədqiqata əsaslanan fikirləri düzgün (əslində olduğu kimi) anlaşılacaq".

Qeyd edək ki, iyulun 6-da elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma imtahanında yüksək bal toplayan müəllimlərlə görüş zamanı deyib ki, Azərbaycanda yaşı 25-də yuxarı, yəni gənc olmayan adamların təxminən 60 faizi oxuduğu mətində əsas fikri başa düşmür.

“Bunu deyəndə adamlar çox şoka düşür, elə bilirlər biz nəyisə, kimisə, mən faktı deyirəm. Biz oxuya necə baxırıq?! Bir dəqiqədə uşaq nə qədər söz oxudu. Bu artık keçdi, bu o vaxt idi ki, adamlar üzünən oxuya bilmirdilər, onlara üzündən nə qədər sürətli oxumanı təlim etmək üçün sözləri sayırdılar. İndi artıq adam oxuduğunda əsas məqsədi başa düşüb yoxsa yox sualın verirlər insanlara. biz hələ də əgər uşaq bir dəqiqədə neçə söz oxuduğun sayırıqsa deməli çox geridə qalmışıq, bunu dəyişmək lazımdır”, - deyə o qeyd edib.

Nazirin bu fikirləri cəmiyyət tərəfindən narazılıqla qarşılanıb və tənqidlərə yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti