Bakı. Trend:
Orta qiymətlərin dəyişən strukturla hesablanması bazardakı mənzillərin çeşidinə (ölçü, yer və s.) görə dəyişdiyi üçün, artım tempi bazar strukturundakı dəyişikliklərdən təsirlənə bilər.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının mətbuat katibi Elnur Fərzəliyev deyib.
O bildirib ki, qiymət artımının bir hissəsi bazarda daha bahalı yeni tikililərin payının artmasından qaynaqlana bilər:
“Daimi strukturla (yəni bazarın strukturunu sabit saxlamaqla) hesablanan qiymət indeksləri isə mənzillərin saf qiymət dəyişimini göstərir. Dövlət Statistika Komitəsinin rəsmi mənzil qiymət indeksi (kompozisiya effekti nəzərə alınmadan) göstərir ki, 2025-ci ilin I rübündə ölkədə mənzil bazarında qiymətlər əvvəlki ilin I rübünə nəzərən 14,4% artıb. Bu göstəriciyə təkrar mənzil bazarı üzrə artım da daxil olmaqla, struktur təsirlərini aradan qaldıran bir ölçü kimi baxıla bilər. Deməli, dəyişən strukturla orta qiymət artımı ( 12-15%) ilə daimi strukturla indeks artımı ( 14%) arasında ciddi fərq yoxdur – yəni bazardakı bahalaşma əsasən real qiymət artımından irəli gəlir”.
Mətbuat katibi əlavə edib ki, yeni və köhnə tikililərin qiymət səviyyələri arasında da fərqlər müşahidə olunur.
“2025-ci ilin əvvəlində yeni tikililərdə 1 kv.m -in orta qiyməti köhnə binalara nisbətən yüksək idi və bəzi məlumatlara görə orta hesabla 2167 AZN/kv.m təşkil edirdi. Köhnə tikililərdə isə kvadratmetr qiymətləri daha ucuzdur və bazar üzrə ortalama bu seqmentdə 1800-1900 AZN/kv.m civarındadır. Bu fərq bir tərəfdən yeni binaların daha müasir infrastrukturu və tələbatlı olması ilə izah edilir, digər tərəfdən köhnə binaların bəzilərinin (xüsusilə istismar müddəti çox olanların) kreditlə satış imkanlarının məhdudlaşması onların qiymət artımını ləngidir. Nəticədə, 2024-2025-ci illərdə yeni tikililərin təkrar bazardakı qiymətləri köhnə mənzillərdən daha sürətlə artmağa davam edib (illik 14-15% vs 10-11% artım)”, - deyə E.Fərzəliyev qeyd edib.