Bakı. Trend:
İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-cı ildən etibarən ölkədə uzunmüddətli ipoteka kreditləşməsinin maliyyələşdirilməsini həyata keçirir.
Bu barədə Trend-ə Fonddan məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na uyğun olaraq, Fond 2025-ci il ərzində də əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirib.
Ötən ildə Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 442,8 milyon manat həcmində 4309 ipoteka krediti, o cümlədən, 347,2 milyon manat məbləğində 3153 adi ipoteka krediti və 95,6 milyon manat məbləğində 1156 güzəştli ipoteka krediti verilib. Ümumilikdə, 2006-2025-ci illərdə Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin məbləği 3,76 milyard manatı keçib ki, bu da 56800-dən çox ailənin mənzil şəraitinin yaxşılaşmasına imkan verib.
Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etmək məqsədilə 01 yanvar 2026-cı il tarixinə Fond tərəfindən 139,9 milyon manat məbləğində 1490 ipoteka krediti üzrə zəmanət verilib.
Məlumata görə, Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 faizini gənclər və gənc ailələr təşkil edib, kreditlərin 22 faizə yaxını isə regionların payına düşüb.
