...

Prezidentin İcra Aparatının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri: "Seçki komissiyalarının hazırkı formatı kifayət qədər məqbuldur"

Cəmiyyət Materials 8 May 2007 12:48 (UTC +04:00)
Prezidentin İcra Aparatının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri: "Seçki komissiyalarının hazırkı formatı kifayət qədər məqbuldur"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Prezidentin İcra Aparatının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun Trend ə eksklüziv müsahibəsi

- Cinayət Məcəlləsində dəyişikliklər ediləcəyi gözlənilir. Bu dəyişikliklər əsasən nədən ibarət olacaq?

- Azərbaycanın Cinayət Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı Ali Məhkəmə, Respublika Prokurorluğu, Prezident Aparatı və Avropa Şurasının nümayəndələrindən ibarət İşçi Qrup yaradılıb. Bu məsələ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qətnaməsində öz əksini tapmışdı. Yəni Avropa Şurası Azərbaycanın Cinayət Məcəlləsinin təkmilləşdirilməsini tələb edirdi. Yaradılan İşçi Qrup avropalı ekspertlərlə görüşlər keçirib və layihə hazırlayıb. Son layihəni rəy verilmək üçün avropalı ekspertlərə göndərmişik. Rəy hazır olandan sonra Cinayət Məcəlləsində ediləcək dəyişikliklərlə bağlı ictimai dinləmələr, müzakirələr keçirilə bilər. Bundan sonra layihə Milli Məclisə təqdim olunacaq.

- Seçki Məcəlləsinin təkmilləşdirilməsi üçün beynəlxalq təşkilatlarla aparılan danışıqlar nə vaxt yekunlaşacaq? Beynəlxalq təşkilatların əsas tələbi seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması ilə bağlıdır. Azərbaycan hökuməti seçki komissiyalarının paritet əsaslarla formalaşdırılmasına razılıq verə bilərmi?

- Danışıqlar davam edir. Prezident Aparatının nümayəndəsi Şahin Əliyev və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bu işlərlə məşğuldurlar. Bizim nümayəndələr Avropa Şurasının ekspertləri ilə müzakirələri davam etidirirlər. Hesab edirəm ki, seçki komissiyalarının hazırkı formatı kifayət qədər məqbuldur.

- "Diffomasiya haqqında" qanunun qəbul edilməməsinin səbəbi nədir?

- Azərbaycan qanunvericiliyində böhtan və təhqirə görə həm cinayət məsuliyyəti, həm də mülki iddia qaldırmaq nəzərdə tutulub. Cinayət Məcəlləsinin tələblərinə görə, bu işlərlə bağlı cinayət işi ictimai ittiham qaydasında deyil, yalnız təhqir olunduğunu iddia edən şəxsin qaldırdığı xüsusi ittiham əsasında qaldırıla bilər. Dövlət bu işlərə müdaxilə etmir. Belə məsələlər olanda hər bir şəxsin özü məhkəmədə ittihamçı kimi çıxış edir. Avropa ölkələrinin əksəriyyətində böhtan və təhqirə görə həm cinayyət məsuliyyəti, həm də mülki iddia qaldırmaq nəzərdə tutulub. Azərbaycan da Avropa ölkələrinin təcrübəsindən istifadə edir. "Diffomasiya haqqında" qanunun qəbul edilməməsi də bununla bağlıdır.

- Milli Məclisdə cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin sosial adaptasiyası haqqında qanun layihəsi müzakirə olunur. Qanunda sosial reablitasiya mərkəzlərinin yaradılması nəzərdə tutulub. Bunu həyata keçirmək mümkündürmü?

- Hesab edirim ki, belə mərkəzlərin yaradılması mümkündür. Çünki Azərbaycanda hüquqi islahatlar günü-gündən genişlənir. Eyni zamanda, penitensiar müəssisələrdə ciddi işlər həyata keçiririk. Məhkumların sonrakı taleyi dövləti narahat etməlidir. Ona görə də belə bir qanunun qəbul olunmasını çox vacib hesab edirəm. Bu qanunun tətbiqi üçün bir müddət lazım olacaq ki, onun icrasına nail olaq.

- Müxtəlif dövrlərdə hüquq-mühafizə orqanlarının fəaliyyyətindən şikayətlər olurdu. Hazırkı durumu, xüsusən də hüquq-mühafizə orqanları əməkdaşlarının vətəndaşlarla davranışını necə qiymətləndirirsiniz?

- Hüquq-mühafizə orqanlarının fəaliyyəti günü-gündən təkmilləşir. Biz yeni texnologiyalar tətbiq edirik. Hazırda bölgələrdə yeni Apellasiya və İqtisad məhkəmələrinin yaradılması üçün çox ciddi işlər görülür. Yaxın vaxtlarda bu məhkəmələr fəaliyyətə başlamalıdır. Bu, insanların məhkəmələrə müraciət etməsi imkanlarının asanlaşdırılmasına, vətəndaşların məhkəmələrə inamının artırılmasına xidmət edir. Hesab edirəm ki, hüquq-mühafizə orqanlarında islahatlar çox sürətlə gedir.

Xəbər lenti

Xəbər lenti