...

Güləşçilərin daxili transfer qaydaları açıqlanıb

İdman Materials 22 May 2014 16:48 (UTC +04:00)
Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən yunan-Roma, sərbəst və qadın güləşi üzrə idmançıların öz istəyi ilə şəxsi məşqçilərini, o cümlədən mənsub olduqları idman təşkilatlarını dəyişməsi barədə təlimat təsdiqlənib.
Güləşçilərin daxili transfer qaydaları açıqlanıb

Azərbaycan, Bakı, 22 may /Trend/

Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən yunan-Roma, sərbəst və qadın güləşi üzrə idmançıların öz istəyi ilə şəxsi məşqçilərini, o cümlədən mənsub olduqları idman təşkilatlarını dəyişməsi barədə təlimat təsdiqlənib.

Federasiyadan Trend-ə verilən məlumata görə, təlimatın şərtlərinə əsasən, bundan sonra yunan-Roma, sərbəst və qadın güləşi üzrə hər hansı bir idmançının şəxsi məşqçisinin və təmsil etdiyi idman təşkilatının digəri ilə dəyişdirilməsi və keçidi yalnız Azərbaycan Güləş Federasiyasının müvafiq qərarı əsasında həyata keçiriləcək. Bir idman təşkilatından digərinə keçid və məşqçi dəyişdirilməsi icbari qaydada federasiyaya müvafiq sənədlərlə müraciət olunduqdan sonra mümkün olacaq. Bu qaydalara əməl etməyən idmançılar AGF tərəfindən təşkil olunan yarışlara buraxılmayacaq.

Məşqçi və klub dəyişikliyi üçün müraciət edərkən aşağıdakı sənədlər Azərbaycan Güləş Federasiyasına təqdim edilməlidir:

1. İdmançının şəxsiyyətini təsdiq edən sənədin surəti;
2. İdmançının anket forması;
3. İdmançının mənsub olduğu ilkin idman təşkilatının keçidə razılıq haqqında yazılı müraciəti və yeni idman təşkilatının idmançının qəbulu haqqında yazılı müraciəti;
4. İdmançının şəxsi məşqçisinin keçidə razılıq haqqında ərizəsi və yeni məşqçinin idmançının qəbulu haqqında ərizəsi;

Bütün sənədlər notarial qaydada təsdiq olunmalıdır. Azərbaycan Güləş Federasiyasına edilən müraciətin təsdiq qərarı növbəti ilin yanvar ayından qüvvəyə minəcək.

Keçid haqqında müraciət hər təqvim ilinin 1-15 dekabr tarixlərində həyata keçiriləcək və qeyd olunan tarixdən kənar təqdim olunan sənədlər qəbul edilməyəcək. Keçid prosesi Olimpiya Oyunlarına bir il qalmış dayandırılacaq, Olimpiya Oyunlarından sonrakı 3 il ərzində təlimatın tələblərinə uyğun olaraq həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti