...

Hakimlərin yaratdığı vəziyyət nəticəyə də təsir edirdi - Millinin böyük məşqçisi

İdman Materials 9 Sentyabr 2024 19:54 (UTC +04:00)
Hakimlərin yaratdığı vəziyyət nəticəyə də təsir edirdi - Millinin böyük məşqçisi

Bakı. Trend:

Keçən il Avropa çempionatda göstərdiyimiz nəticəni qoruyub-saxlaya bildik.

Trend xəbər verir ki, bunu İdman.biz-ə U-20 yunan-Roma güləşi üzrə Azərbaycan millisinin böyük məşqçisi Nurəddin Rəcəbov deyib.

O, İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatında mübarizə apan komandasının çıxışını dəyərləndirib. Rəcəbov bildirib ki, çempionatda qızıl medal əldə etsəydilər, daha yaxşı olardı: “Bunun da alınmamasının müxtəlif səbəbləri var. Bizim heyətə yeniyetmələr də gəlir. Həmin yaşlarda da çəki problemləri olur. Bu da zaman tələb edir ki, idmançılar lazım olan çəkiyə çatsınlar. Ümumilikdə nəticəmizi orta dəyərləndirərdim. Bütün dünya ölkələrində güləş üzrə idmançı baxımından çox artım olub. Yarışda müəyyən hakimlərin yaratdığı vəziyyət nəticəyə də təsir edirdi. Bu yarışda mənim bütün ümidlərimi Cocu Səmədov (87 kq) doğrultdu. O, Azərbaycan çempionatında 2-ci, beynəlxalq turnirdə isə 3-cü yerə çıxmışdı. Çox yaxşı güləşdi və ona olan güvənimizi doğrultdu. O istəsə böyük idmanda çox yaxşı nəticələr verə bilər”.

Onun sözlərinə görə, Ruslan Nurullayevdən (72 kq) yüksək nəticə gözləyib: “O, komandada yeganə qızıla ümidverici idmançı idi. Onun həm təcrübəsinə, həm də göstəricilərinə görə ümidimiz çox idi. Sadəcə, müəyyən xırda səhvlər ucbatından Ruslan buna nail ola bilmədi və bürünclə kifayətləndi. Bu səhvlər də hər kəsdə olur. İdmanda belə hallar tez-tez yaşanır. Çəkidə də yüngül çatışmazlıqlar var idi. Hazırda yarışda iştriak edən idmançılarımız istirahətə yollanıb. Sonra məşqlərimizə davam edəcəyik. Yeniyetmələri komandaya cəlb edəcəyik. Yaşı böyüklərə çatanları da digər qurupumuza təhvil verəcəyik. Qarşıda hansısa beynəlxalq yarış yoxdur. Azərbaycan çempionatına hazırlıq gedəcək”.

Qeyd edək ki, Azərbaycan yığması mundialı 2 gümüş, 4 bürünc medalla başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti