...

Azərbaycan və Türkiyə sosial müdafiə sahəsində əməkdaşlığı gücləndirir - SƏNƏD imzalandı (FOTO) (YENİLƏNİB)

İqtisadiyyat Materials 2 Fevral 2018 10:58 (UTC +04:00)
Azərbaycan və Türkiyə əmək və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığı möhkəmləndirir.
Azərbaycan və Türkiyə sosial müdafiə sahəsində əməkdaşlığı gücləndirir - SƏNƏD imzalandı (FOTO) (YENİLƏNİB)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Əmək və Sosial Müdafiə Nazirliyi arasında Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 9-cu iclası keçirilib.

Trend-in məlumatına görə, iclasdan əvvəl Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Türkiyənin əmək və sosial müdafiə naziri xanım Jülide Serıeroğlu arasında görüş olub. Görüşdə ötən dövrdə əldə olunmuş əməkdaşlıq təcrübəsindən bəhs olunub, Daimi Komissiyanın fəaliyyətinin əlaqələrin inkişafında səmərəli fəaliyyəti vurğulanıb.

İclasda S.Müslümov hələ ötən əsrin 90-cı illərindən əmək və sosial müdafiə sahələri üzrə də ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulduğunu və sonrakı illərdə imzalanan əməkdaşlıq sənədləri əsasında ildən-ilə gücləndirildiyini bildirib: “Xüsusilə iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 2013-cü ilin noyabr ayında Ankara şəhərində keçirilən üçüncü iclasında imzalanan “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında əmək, sosial müdafiə və məşğulluq sahələrində əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında işçi qüvvəsinin qarşılıqlı əmək fəaliyyətinə dair Saziş” əməkdaşlığın daha da inkişaf etməsinə səbəb olub”.

S.Müslümov əməkdaşlığın həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdiyini diqqətə çatdırıb: “Bildiyiniz kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda beynəlxalq statuslu Əmək Mərkəzinin yaradılması təklifi İƏT-ə üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib. Mərkəzin təsis edilməsi üçün onun Nizamnaməsinin 10 üzv ölkə tərəfindən imzalanması tələb olunur və ilk olaraq Türkiyə tərəfindən bu sənədin imzalanması da qardaşlıq münasibətlərinin növbəti əyani nümunəsidir”.

Nazir qeyd olunan Mərkəzin fəaliyyətində İƏT-in Türkiyədəki İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzi (SESRİC) ilə fəal əməkdaşlıq quracağını da qeyd edib.

Dünyada mürəkkəb siyasi-iqtisadi vəziyyətin davam etdiyi 2017-ci ildə də Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı əsasında artım tempinin özünü göstərdiyini vurğulayan S.Müslümov respublikamızın əmək və sosial müdafiə sistemi barədə ümumi məlumat verib, bu sistemin innovativ əsaslar üzərində təkmilləşdirilməsi yönündə son illərdə aparılan islahat tədbirlərini, yeni elektron idarəetmə və xidmət sistemlərini diqqətə çatdırıb.

Nazir Azərbaycanda sosial müdafiə siyasətində passiv tədbirlərdən aktiv tədbirlərə keçilməsi, aztəminatlı ailələrin kiçik ailə biznesinin qurulması üçün onların özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təminatı, ölkəmizdə yaradılan yeni işsizlikdən sığorta sistemi, məşğulluq xidmətlərinin, həmçinin özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsində həmin sistemin əhəmiyyəti barədə ətraflı məlumat verib:

“Nazirliklərimizin əmək hüquqlarının qorunması, əməyin mühafizəsi və təhlükəsizliyi, işaxtaran və işsiz vətəndaşların peşə hazırlığı, yenidən hazırlığı və ixtisaslarının artırılması, əlillərin reabilitasiyası və əlilliyin ekspertizası sahəsində sıx əməkdaşlığı mövcuddur. Həmçinin əmək bazarının tənzimlənməsi işlərində də fəal təcrübə mübadilələri aparılır. Azərbaycan Prezidentinin 2017-ci il 17 mart tarixli sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına üzv qurumların nümayəndələri də bir müddət əvvəl Türkiyədə olaraq əmək bazarı iştirakçılarının qanuni mənafelərinin müdafiəsi, pensiya və tibbi sığorta, işsizlikdən sığorta, istehsalda bədbəxt hadisələrdən sığorta və s. sahələrdə qardaş ölkənin təcrübəsini öyrəniblər”.

S.Müslümov qarşıdakı dövrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün məqsədyönlü işlərin aparılacağını vurğulayıb.

J.Sarıeroğlu Türkiyə ilə Azərbaycanın daim bir-birinin yanında olduqlarını, iki qardaş ölkənin bütün sahələrdə uğurlu əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini, əmək və sosial müdafiə sahəsində əlaqələrin genişlənməsinin vacibliyini vurğulayıb. Hazırkı vəzifəsində fəaliyyətə başladıqdan sonra ilk səfərini qardaş Azərbaycana etdiyini bildirən xanım J.Sarıeroğlu Azərbaycanı görməyin, ölkəmizdəki inkişaf və müasirliyin şahidi olmağın onda xoş təəssüratlar oyatdığını qeyd edib. O, Azərbaycanda əmək və sosial müdafiə sahəsində aparılan inkişaf yönümlü islahat tədbirlərini maraqla izlədiklərini və rəğbətlə qarşıladıqlarını, müvafiq iş sahələri üzrə fəal əməkdaşlıq müstəvisində təcrübə və məlumat mübadilələrinin daim genişləndirilməsi məramında olduqlarını diqqətə çatdırıb.

İclasda Komissiyanın 8-ci iclasının Protokolunda müəyyən edilmiş vəzifələrin icrası istiqamətində görülən işlərin nəticələri və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

İclasın yekunu olaraq, S.Müslümov və J.Serıeroğlu tərəfindən Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Əmək və Sosial Müdafiə Nazirliyi arasında Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 9-cu iclasının Protokolu imzalanıb.

Sənəddə əmək bazarında ən çox tələb olunan peşələrin və bacarıqların müəyyən olunması, işsiz və işaxtaranların bacarıqlarının artırılması, işçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarının, xüsusilə əlilliyi olan şəxslərin əmək bazarına adaptasiya olunması imkanlarının araşdırılması məqsədilə müvafiq təhlillərin aparılması, işsizlər və işəgötürənlər üçün məsləhət xidmətlərinin təkmilləşdirilməsi, kadr hazırlığı və sosial sığorta, pensiya sahəsində işəgötürən və işçilərin hüquq və vəzifələri ilə bağlı məlumatlandırma və s. üzrə birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Həmçinin tərəflərin hər iki ölkədəki əmək münasibətləri, məşğulluq və sosial müdafiə sahəsindəki qanunvericilik və onun tətbiqinə dair dəyişikliklərlə bağlı bir-birini məlumatlandırmağa davam edəcəkləri, öz səlahiyyətləri çərçivəsində ölkələrində həyata keçirilən və ənənəvi xarakter daşıyan tədbirlər, fəaliyyətlər və bu istiqamətlərdə iştirakla bağlı məqbul bir müddət ərzində bir-birini məlumatlandıracaqları qeyd olunur.

Protokolda tərəflərin əmək, sosial müdafiə və məşğulluq sahələrində fəaliyyət göstərən beynəlxalq təşkilatlar ilə həyata keçiriləcək tədbirlərdə əməkdaşlıq etməyə davam edəcəkləri, İƏT tabeliyində Azərbaycanda Əmək Mərkəzinin yaradılması və İƏT tabeliyində Türkiyədə Əməyin Mühafizəsi və Təhlükəsizliyi Mərkəzinin yaradılması ilə bağlı fəaliyyətlərdə bir-birini dəstəkləyəcəkləri bildirilir. Sənəddə əmək və məşğulluq sahəsində (o cümlədən əmək və məşğulluğa dair qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq norma və standartlara uyğunlaşdırılması, qeyri-rəsmi məşğulluğun azaldılması yönündə tədbirlər, əmək münasibətlərinə nəzarət formalarının təkmilləşdirilməsi, əmək müfəttişlərinin potensialının artırılması, sosial tərəfdaşlığın inkişaf etdirilməsi, aktiv əmək bazarı proqramlarının təkmilləşdirilməsi, onların əhatəliliyinin artırılması və s.) təcrübə mübadilələrinin həyata keçirilməsi də əksini tapır.

Protokol, eyni zamanda, əməyin mühafizəsi və təhlükəsizliyi (o cümlədən əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində mövcud vəziyyətin tədqiqi və tətbiq edilən yaxşı nümunələrin bölüşülməsi, əməyin mühafizəsi sahəsində qanunvericiliyin gücləndirilməsi və s.) sosial müdafiə (vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, işsizlikdən sığorta sisteminin fəaliyyəti, sosial müdafiənin səmərəliliyinin ölçülməsi ilə bağlı təhlillərin aparılması və proqnozların hazırlanması, sosial tədqiqatların aparılması və s.), informasiya texnologiyası və infrastrukturunun gücləndirilməsi (sosial müdafiə sahəsində elektron xidmətlər, fərdi məlumatların qorunmasının qanunvericilik və texnoloji aspektləri, çağrı mərkəzlərinin işinin təşkili və idarə olunması, korporativ şəbəkənin idarə olunması və s.) təcrübə mübadilələrinin aparılmasını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti