...

“AtaSığorta” ASC 2018-ci ilin nəticələrini açıqladı

İqtisadiyyat Materials 21 Yanvar 2019 12:42 (UTC +04:00)
“AtaSığorta” ASC 2018-ci il üzrə ilkin maliyyə nəticələrini açıqlayıb.
“AtaSığorta” ASC 2018-ci ilin nəticələrini açıqladı

Bakı. Trend:

“AtaSığorta” ASC 2018-ci il üzrə ilkin maliyyə nəticələrini açıqlayıb. Şirkətdən verilən məlumata əsasən cari il ərzində şirkətin ümumi sığorta haqqı yığımları 22,4 milyon manat təşkil edib.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə ümumi sığorta yığımları 8,7 milyon manat (63,5%) artıb. “AtaSığorta” ASC 2018-ci il ərzində 10,6 milyon manatdan çox sığorta ödənişi həyata keçirib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişlərində artım 5,6 milyon manat (111,1%) olub.

Aktivlərinin ümumi həcmi 30 milyon manata yaxın olan şirkət cari il ərzində nizamnamə kapitalını 2,2 milyon manat (17,7%) artıraraq 14,6 milyon manata çatdırıb. Cari ildə sığorta haqqı yığımlarının artması ilə əlaqədar olaraq sabitləşdirici ehtiyatlarla birlikdə 01.01.2019-cu il tarixə sığorta ehtiyatları 17,8 milyon manat hesablanıb.

2018-ci ildə “AtaSığorta” ASC öz müştərilərinə 4 yeni könüllü sığorta məhsulu təqdim edib. Xidmət şəbəkəsinin genişlənməsi “AtaSığorta” ASC-nin əsas inkişaf prioritetlərindən biridir. 2018-ci ildə şirkət 1 yeni filialı və 1 yeni nümayəndəliyi müştərilərin istifadəsinə verib.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” ASC 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir və cari ildə 15 yaşını qeyd etməyə hazırlaşır. Şirkət 30 sığorta növü - 26 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 90-dan artıq filial, nümayəndəlik və satış ofisləri daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti