Bakı. Trend:
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycandakı missiyası ölkəmizdə fəaliyyət göstərən biznes və peşəkar assosiasiyalara dəstək üçün yeni təşəbbüs irəli sürüb.
KOBİA-dan Trend-ə verilən məlumata görə, təşəbbüsün məqsədi dövlət, özəl və vətəndaş cəmiyyəti arasında birgə sosial-iqtisadi məqsədlərə dair tərəfdaşlığı inkişaf etdirmək, biznes tərəfdaşlığının və sahibkarların təşkilatlanmasının, bu sahədə biznes assosiasiyaların rolunu diqqətə çatdırmaqdır.
Bu məqsədlə fevralın 18-də Bakıda dövlət qurumlarının, beynəlxalq təşkilatların, biznes assosiasiyaların və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə “Azərbaycanda biznes və peşəkar assosiasiyalara dəstək” mövzusunda Sammit keçirilib.
Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov iqtisadiyyatın müxtəlif sahələrində təmsil olunan sahibkarların təşkilatlanması istiqamətində dövlət tərəfindən, o cümlədən Agentliyin gördüyü işlər, təşviqat tədbirləri, sahəvi assosiasiyaların və ictimai birliklərin yaradılmasına və inkişafına göstərilən dəstək barədə danışıb. Bildirilib ki, bu sahədə KOBİA və USAİD tərəfindən irəli sürülmüş təşəbbüs dövlət və özəl sektor üçün əhəmiyyətli olacaqdır.
USAİD-in Azərbaycandakı missiyasının direktoru Cey Sinqx qeyd edib ki, biznes assosiasiyalar onlara göstərilən texniki dəstəyi daha çox kiçik və orta sahibkarlara çatdıra bilər. Təşəbbüs çərçivəsində USAİD biznes assosiasiyalar, ictimai birliklər və QHT-lər tərəfindən assosiasiyaların gücləndirilməsi istiqamətində təqdim olunacaq layihələri dəyərləndirərək bir neçəsinə maliyyə dəstəyi göstərəcək. Bu çərçivədə həmçinin, biznes subyektləri, ictimai birliklər, biznes assosiasiyaları və QHT-lər arasında konsorsiumun yaradılması təşviq ediləcək.
Sammit çərçivəsində “Dünyada biznes və peşəkar assosiasiya modelləri və onların əhəmiyyəti”, “Biznes və peşəkar assosiasiyaları daha səmərəli edən nədir?” kimi mövzularda panel müzakirələr də təşkil edilib. Panellərdə Azərbaycan, Türkiyə, Özbəkistan və ABŞ-dan olan mütəxəssislər mövzu ilə bağlı çıxış ediblər.