...

Azərbaycanda yeni milli standartların yaradılması vacibdir - Orxan Məmmədov

İqtisadiyyat Materials 11 Oktyabr 2023 12:56 (UTC +04:00)
Azərbaycanda yeni milli standartların yaradılması vacibdir - Orxan Məmmədov

Bakı. Trend:

Azərbaycanda standartlaşdırmanın inkişaf etdirilməsi, beynəlxalq standartlarla əlaqələndirilməsi, müasir tələblərə cavab verən yeni milli standartların yaradılması ilə bu sahənin əhatə dairəsinin genişləndirilməsi vacibdir.

Trend xəbər verir ki, bunu Bakıda keçirilən "Ümumdünya Standartlar Günü" ilə əlaqədar tədbirdə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

O qeyd edib ki, bu gün iqtisadiyyatın bütün sahələrində müşahidə olunan inkişaf meyilləri, o cümlədən biznes mühitində olan dəyişikliklər məhsul və xidmətlər sahəsində də standartlaşdırma səylərinin artırılmasını və müasir tələblərə cavab verməsini şərtləndirir.

"Qloballaşma şəraitində müvafiq standartlara cavab verməyən məhsul və xidmətlərin mövcudluğu hamını narahat edən problem kimi qalır. Sosial-iqtisadi inkişafda standartlaşdırmanın əhəmiyyəti davamlı olaraq artmaqdadır. Bu baxımdan əhalinin müasir tələb və standartlara cavab verən məhsul və xidmətlərlə təmin edilməsi ölkəmizin iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biridir. Ölkədə istehsal olunan qeyri-neft məhsullarının beynəlxalq ticarətdə sərbəst hərəkətinin təmin edilməsi və onların rəqabətqabiliyyətliliyinin artırılması üçün həyata keçirilən tədbirlər çərçivəsində standartlaşdırmanın hüquqi bazasının müasir tələblərə uyğun olması zəruri amillərdən biridir. Həmçinin milli standartların beynəlxalq standartlara uyğunlaşdırılması aktual məsələdir. Bu gün standartlaşdırma sahəsində dövlət müxtəlif istiqamətlərdə geniş tədbirlər həyata keçirir. Ötən dövrdə respublikada istehsal və xidmət sahəsində keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ciddi tədbirlər görülüb, bununla bağlı normativ-hüquqi aktlar təsdiq edilib, qanunvericilik bazası daha da möhkəmləndirilib", - deyə sədr qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti