Bakı. Trend:
“Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) Mərkəzi Asiya ölkələrinə xarici iqtisadi əlaqələrin şaxələndirilməsi baxımından əhəmiyyətli imkanlar təqdim edəcək.
Bunu Trend-ə Dokuz Eylül Universitetinin beynəlxalq ticarət və biznes kafedrasının, biznes fakültəsinin müəllimi, professor Ülviyyə Sanılı Aydın deyib.
Onun sözlərinə görə, TRIPP Mərkəzi Asiyada ticarət axınlarının artırılması və regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsi potensialına malik yeni nəqliyyat-logistika layihəsi kimi qiymətləndirilir:
“Layihənin əsas məqsədi region ölkələrini Xəzər dənizi vasitəsilə Cənubi Qafqaz və Avropa bazarları ilə birləşdirən alternativ ticarət-tranzit dəhlizinin yaradılmasıdır. Bu, regionun qlobal iqtisadi sistemə inteqrasiyasını gücləndirəcək.
Tarixən Mərkəzi Asiya ölkələri ticarət marşrutları baxımından məhdud imkanlara malik olub və əsasən Rusiya və İran üzərindən keçən yollarından asılı qalıblar. TRIPP ilə təklif olunan alternativ marşrut daşımaların müddətini, eləcə də xərcləri azalda və ticarət axınlarını daha proqnozlaşdırılan edə bilər. Bu isə region ölkələrinin ixrac imkanlarını genişləndirir və idxal proseslərinin səmərəliliyini artırır”, – deyə Ülviyyə Sanılı Aydın qeyd edib.
O vurğulayıb ki, təşəbbüsdə ABŞ-nin rolu regiona beynəlxalq marağı və investisiya potensialını artıra bilər ki, bu da region ölkələri arasında təkcə iqtisadi deyil, həm də siyasi və strateji əməkdaşlığı stimullaşdıracaq.
“Layihənin digər mühüm təsiri iqtisadi inteqrasiyanın dərinləşməsi ola bilər. TRIPP yalnız infrastrukturun inkişafına deyil, həm də gömrük prosedurlarının uyğunlaşdırılmasına, sərhəd keçidlərinin sadələşdirilməsinə və logistika xidmətlərində vahid standartların tətbiqinə töhfə verir. Bu cür tədbirlər ölkələr arasında ticarət maneələrini azaldır və daha dərin regional inteqrasiya üçün şərait yaradır. Dənizə çıxışı olmayan region ölkələri üçün TRIPP-in strateji əhəmiyyəti tranzit rolunun gücləndirilməsindədir. Qazaxıstan, Özbəkistan və Türkmənistan qlobal təchizat zəncirlərinə daha fəal şəkildə inteqrasiya oluna biləcəklər”, – ekspert hesab edir.
O əlavə edib ki, layihənin həyata keçirilməsi ilə Avropadan birbaşa xarici investisiyaların artacağı gözlənilir ki, bu da uzunmüddətli perspektivdə istehsal potensialını və əlavə dəyərli məhsulların ixracını dəstəkləyəcək.
“TRIPP layihəsi, məsələn, Qazaxıstana ciddi fayda verəcək. Bunun əsas səbəbi ölkənin coğrafi mövqeyi və layihənin əsas marşrutu ilə birbaşa üst-üstə düşən mövcud nəqliyyat-logistika infrastrukturudur. Xəzər dənizindəki Aktau və Kurık limanları TRIPP-in Xəzər seqmentində əsas rollardan birini oynaya bilər. Bu, Qazaxıstana layihəyə daha sürətlə inteqrasiya etməyə və tranzit gəlirlərini artırmağa imkan verəcək. Bundan əlavə, Qazaxıstan artıq uzun müddətdir ki, özünü Avrasiyada mühüm tranzit mərkəzlərindən biri kimi mövqeləndirir və TRIPP bu strategiyanı möhkəmləndirə, Rusiya üzərindən keçən marşrutlardan asılılığı azalda bilər. Qazaxıstan yalnız tranzit gəlirlərindən deyil, həm də sənaye, neft-kimya və kənd təsərrüfatı məhsullarının ixracı vasitəsilə fayda əldə edə biləcək”, – deyə o bildirib.
“TRIPP Avropa bazarlarına daha qısa çıxış yolu təklif edəcək, logistika xərclərini azaldacaq və ixrac potensialını genişləndirəcək. Özbəkistan iqtisadiyyatının tekstil, kənd təsərrüfatı və yüngül sənaye kimi sahələrdə həssaslığını nəzərə alsaq, layihə ölkənin beynəlxalq rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıra bilər”, – deyə o bildirib.
Bundan əlavə, Ülviyyə Sanılı Aydın vurğulayıb ki, dənizə çıxışı olmayan Özbəkistan üçün layihə xarici ticarət baxımından alternativ və daha sərfəli marşrutlar yaradacaq.
Professor eyni zamanda qeyd edib ki, TRIPP layihəsi təchizat zəncirlərinin daha çevik və təhlükəsiz formalaşdırılmasına töhfə verəcək.
“Alternativ tranzit marşrutlarının mövcudluğu geosiyasi riskləri azaldır və regional, eləcə də beynəlxalq ticarətdə fasilələrin qarşısını alır ki, bu da xammalın, kənd təsərrüfatı və sənaye məhsullarının sabit daşınması üçün xüsusilə vacibdir. İxrac baxımından layihə Avropa bazarlarına daha sürətli və daha ucuz çıxış təmin edərək regionun beynəlxalq rəqabət qabiliyyətini artıracaq. Logistika xərclərinin azalması malların son qiymətinə müsbət təsir göstərəcək, ixracın həcmini və çeşidini artıracaq. Ümumilikdə, TRIPP Mərkəzi Asiyanın qlobal ticarət sisteminə inteqrasiyasını gücləndirən və iqtisadi səmərəliliyi artıran mühüm regional təşəbbüs kimi qiymətləndirilir”, – deyə o bildirib.
Ekspert həmçinin diqqətə çatdırıb ki, TRIPP-in effektiv və dayanıqlı fəaliyyətinin təmin olunmasında tranzit ölkə kimi Azərbaycanın rolu həlledicidir.
“Strateji coğrafi mövqe Azərbaycana Mərkəzi Asiya ilə Avropa arasında təbii ‘körpü’ funksiyasını yerinə yetirməyə imkan verir. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, eləcə də inkişaf etmiş daxili avtomobil və dəmir yolu şəbəkəsi TRIPP marşrutu üzrə yüklərin fasiləsiz, sürətli və səmərəli daşınması üçün möhkəm infrastruktur bazası yaradır.
Azərbaycan regional əlaqələndirmədə də əsas oyunçu kimi çıxış edir. Orta Dəhliz çərçivəsində toplanmış təcrübə, gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsallaşma və qonşu ölkələrlə logistika sahəsində əməkdaşlıq mexanizmləri TRIPP-in institusional dayanıqlığını gücləndirir. Azərbaycan Mərkəzi Asiya, Cənubi Qafqaz ölkələri və Avropa tərəfdaşları arasında əlaqələndirici halqa rolunu yerinə yetirərək layihənin uzunmüddətli, əlaqələndirilmiş və etibarlı fəaliyyətini əsas tranzit ölkə kimi təmin edir”, -deyə o əlavə edib.
Ülviyyə Sanılı Aydın vurğulayıb ki, TRIPP həmçinin Türkiyə daxil olmaqla türk dövlətləri arasında vahid iqtisadi və logistika məkanının formalaşmasına əlavə təkan verə bilər.
“Layihə Mərkəzi Asiyanı, Xəzər regionunu, Cənubi Qafqazı və Türkiyəni vahid nəqliyyat-ticarət dəhlizi ilə birləşdirərək türk dövlətləri arasında fiziki əlaqəliliyi gücləndirir. Bu əlaqə logistika marşrutlarının inteqrasiyasını asanlaşdırır, ticarət xərclərini azaldır və yük axınlarının əlaqələndirilməsini sadələşdirir. TRIPP çərçivəsində nəqliyyat, gömrük və tranzit prosedurlarının uyğunlaşdırılması türk dövlətləri arasında institusional əməkdaşlığı dərinləşdirə və vahid iqtisadi məkanın formalaşması üçün şərait yarada bilər. Beləliklə, TRIPP yalnız infrastruktur layihəsi deyil, həm də türk dövlətləri arasında uzunmüddətli iqtisadi inteqrasiyanı və logistika ittifaqının möhkəmlənməsini təşviq edən təşəbbüs kimi qiymətləndirilir”, – deyə o yekunlaşdırıb.
