...

Abdullah Gül: Birgə layihələr türkdilli ölkələr regionunu dünya iqtisadiyyatının mərkəzinə çevirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2013 13:07 (UTC +04:00)

Azərbaycan, Qəbələ, 16 avqust /Trend, müxbir A.Bədəlova/

Birgə layihələr türkdilli ölkələr regionunu dünya iqtisadiyyatının mərkəzinə çevirəcək.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Abdullah Gül Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında çıxışı zamanı bildirib:

"Türkdilli ölkələr bütün dünya üçün həm siyasi, həm də iqtisadi əhəmiyyət kəsb edən tarixi İpək yolunu bərpa etməlidirlər. İpək yolunun müasir anlayışı - bütün regionun inkişafına imkan verəcək birgə energetika, nəqliyyat logistika layihələridir. Bütün bu layihələr türk dünyasını dünya iqtisadiyyatı və inkişafının mərkəzinə çevirəcək.

Gülün sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi strateji əhəmiyyətə malikdir: "Layihə regionun dinamikasını dəyişəcək. Layihənin reallaşdırılması çərçivəsində işlər uğurla davam edir. Bu layihə türkdilli ölkələri vahid dəmiryolu ilə birləşdirəcək və bu ölkələr arasında iqtisadiyyatın və ticarətin inkişafına imkan verəcək. Biz qısa müddətdə dəmiryolunun tikintisini yekunlaşdırmaq üçün əlimizdən gələn hər şeyi edirik. Bu layihənin davamı olaraq Bakı, Aktau və Türkmənbaşı limanları arasında bərə reysləri təşkil olunacaq. Bu layihəni yaxın vaxtlarda reallaşdırmaq vacibdir".

Onun sözlərinə görə, 2014-cü ildə Bakı-Tbilsi-Qars dəmiryolunun və İstanbulda Mərmərə tunelinin istismara verilməsi ilə Qərbi Asiya ilə Avropa arasında birbaşa dəmiryolu əlaqəsi yaranacaq : "Bu layihələrin reallaşdırılması bu dövlətlərdə iqtisadiyyatın və əhalinin rifahının inkişafına güclü təkan verəcək. Qazaxıstan və Qırğızıstan da o cümlədən layihəyə maraq göstərirlər və bununla da bütün türkdilli ölkələr vahid dəmiryolu layihəsi ilə birləşəcək".

Gül, həmçinin vurğulayıb ki, türkdilli ölkələr, o cümlədən yol infrastrukturu sahəsində əməkdaşlıq məsələsinə baxırlar:

"Türkdilli ölkələr arasında avtomagistral yollardan istifadə prosedurlarını asanlaşdırmaq lazımdır. Həmçinin bu ölkələr arasında nəzarət-keçid məntəqələrini (NKM) standartlaşdırmaq və modernləşdirmək vacibdir. Əgər NKM-lər modernləşdirilməsə, onda dəmiryol layihələri çərçivəsində sərnişin və yük daşımaları sahəsində problemlər yaranacaq. Bundan əlavə, Xəzər dənizində limanların keçirmə qabiliyyətinin artırılmasını genişləndirmək lazımdır. Bu sahədə Qazaxıstan və Türkmənistan müvafiq layihələr hazırlayır. Bu istiqamətdə prioritet, o cümlədən "ro-ro" metodu üzrə dəniz səfərlərinin təşkilidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti