...

Azərbaycanda əsas kapitala qoyulan xarici investisiyalar il ərzində 22 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2014 08:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir E.Əliyev/

2014-cü ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala qoyulan xarici investisiyaların ümumi həcmi 1,44 milyard manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 22,26 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən yanvar-aprel aylarında əsas kapitala qoyulan sərmayələrin 85,4 faizi (1231,9 milyon manat) Böyük Britaniya, ABŞ, Norveç, Türkiyə, Çexiya, Yaponiya və Fransa investorlarının payına düşür.

Əvvəlki kimi Böyük Britaniya liderlik mövqeyini qoruyur. Onun xarici investisiyaların ümumi həcmində xüsusi çəkisi 29,1 faiz, investisiyaların özü isə 420,1 milyon manat təşkil edib.

Hesabat dövründə ölkə iqtisadiyyatına ABŞ 162,11 milyon manat (11,2 faiz), Norveç 246,22 milyon manat (xüsusi çəkisi 17,1 faiz), Türkiyə 144,91 milyon manat (10,1 faiz), Yaponiya 88,39 milyon manat (6,1 faiz), Fransa 81,25 milyon manat (5,6 faiz), Çexiya isə 88,91 milyon manat (6,2 faiz) investisiya qoyub.

Beynəlxalq maliyyə institutlarından ən böyük investisiya həcmi Dünya Bankı tərəfindən qoyulub (1,6 faiz xüsusi çəki ilə 23,53 milyon manat). Asiya İnkişaf Bankı yanvar-aprel aylarında Azərbaycanda layihələrin reallaşdırılmasına 17,9 milyon manat (1,2 faiz) ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti