...

Azərbaycanda ipoteka kreditlərinin verilməsi iki dəfə azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2015 03:32 (UTC +04:00)
2015-ci il martında Azərbaycan Milli Bankı nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) vəsaiti ilə 6,7 milyon manat məbləğində kredit verilib ki, bu da ötən ilin mart ayının göstəricilərindən iki dəfə azdır.
Azərbaycanda ipoteka kreditlərinin verilməsi iki dəfə azalıb

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir Azad Həsənli/

2015-ci il martında Azərbaycan Milli Bankı nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) vəsaiti ilə 6,7 milyon manat məbləğində kredit verilib ki, bu da ötən ilin mart ayının göstəricilərindən iki dəfə azdır.

Azərbaycan Milli Bankının hesabatlarına əsasən, 2015-ci il yanvar-mart aylarında AİF vəsaiti ilə 20,7 milyon manat kredit ayrılıb ki, bu da 2014-cü il analoji dövr göstəricilərindən 24,45 faiz azdır.
2015-ci il mart ayı ərzində banklar tərəfindən əvvəllər verilmiş kreditlərin yenidən maliyyələşdirilməsinin ümumi həcmi 15,4 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində AİF müvəkkil banklar tərəfindən verilən orta məbləğ 40 306 manat (2014-cü il martında bu göstərici 39 676 manat təşkil edirdi) təşkil edir, kreditlərin orta tədavül müddəti - 279 ay (278 ay), orta illik faiz - 6,76 faiz (ötən ilin 6,86 faizinə qarşı), orta aylıq ödəniş məbləği - 297,2 manat (319,4 manat).

Dövlət büdcəsindən AİF-ə bu il 2,6 milyon manat köçürülüb.

AİF vəsaiti ilə maliyyələşdirmənin başlanğıcından ümumilikdə 651,3 milyon manatdan çox ipoteka krediti verilib, 97,1 milyon manat - 2014-cü ildə, 112,9 milyon manat - 2013-cü ildə, 74,77 milyon manat - 2012-ci ildə, 95,64 milyon manat - 2011-ci ildə, 97,08 milyon manat - 2010-cu ildə, 76,9 milyon manat - 2009-cu ildə, 70,2 milyon manat - 2007-ci ildə, 5,6 milyon manat - 2006-cı ildə.

AİF vəsaiti ilə adi ipoteka kreditinin maksimum həcmi 8 faiz və 25 il müddətinə 50 min manat təşkil edir. Sosial ipotekada - illik 4 faiz və 30 il müddətinə 50 min manat. Sosial ipoteka üçün ilkin ödəniş 15 faiz, adi kredit üçün 20 faiz təşkil edir.

İpoteka kreditinin şərtləri belədir: kreditlər milli valyuta - manat ilə və yalnız Azərbaycan vətəndaşlarına verilməlidir, ipoteka predmeti yalnız yaşayış evi ola bilər, ipoteka kreditinin məbləği daşınmaz əmlakın bazar qiymətinin 80 faizindən çox olmamalıdır, kreditə görə aylıq ödəniş borcalanın aylıq məcmu gəlirinin 70 faizindən çox olmamalıdır, həyat sığortası haqqında müqavilə mütləqdir, həmçinin digər şərtlər var.

Güzəştli şərtlər şəhid, Azərbaycanın Milli Qəhrəmanlarının ailələrinə, məcburi köçkünlərə, iş stajı üç ildən az olmayan dövlət qulluqçularına, elmlər doktoru və ya namizədi elmi dərəcəsi olan, idman sahəsində xüsusi xidmətləri olan şəxslərə, həmçinin üç illik minimal hərbi stajı olan hərbçilərə tətbiq edilir. Güzəştli ipoteka krediti ala bilən hər bir ailə bu imkandan yalnız bir dəfə istifadə edə bilər.

Bu gün 30 bank (ölkədə 45 bank fəaliyyət göstərir) Azərbaycan İpoteka Fondunun müvəkkil banklarıdır. İpoteka bazarının iştirakçıları arasında 21 sığorta şirkəti (ümumilikdə onların sayı 27-dir) və 16 qiymətləndirmə təşkilatı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti