...

“AtaSığorta” İdarə Heyəti sədrinin müavini: İdarə etmək xüsusi bacarıqlar tələb edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2015 11:41 (UTC +04:00)
Müsahibimiz “AtaSığorta”nın İdarə Heyəti sədrinin müavini Orxan Məmmədovdur.
“AtaSığorta” İdarə Heyəti sədrinin müavini: İdarə etmək xüsusi bacarıqlar tələb edir

Bakı. Trend:

Müsahibimiz "AtaSığorta"nın İdarə Heyəti sədrinin müavini Orxan Məmmədovdur.

- 23 yaşınızdan sığorta sahəsində çalışırsınız. Bu sahəyə təsadüfən, yoxsa sevgidən gəlmisiniz?

- Həyatda təsadüf adlandırdığımız hadisələr əslində müəyyən qanunauyğunluqların nəticəsidir. Etiraf edim ki, o vaxt sığorta haqqında biliklərim çox deyildi. Sığorta barədə ilkin məlumatları 2000-ci illərin əvvəllərində əldə etmişdim. Sonra bu sahə mənə cazibədar gəldi və karyeramı burada qurmaq qərarına gəldim.

- 24 yaşınızda sığorta şirkətində şöbə müdiri kimi çalışmısınız. Gənc kadr kimi idarə etmək çətin deyildi?

- Əslində bu, mənim ilk idarəçilik təcrübəm deyildi. Daha əvvəl ailə biznesimizdə müəyyən istiqamətə rəhbərlik etmişdim. Təbii ki, indi o vaxtlara baxdığım zaman fərqin nə qədər böyük olduğunu görürəm. İnsan gənc olanda rəhbərliyi istər-istəməz onun həyat təcrübəsi qədər olur. Yaşa dolduqca, oxuduqca, öyrəndikcə, iş təcrübəsi qazandıqca, insanda təkmilləşmə, formalaşma gedir.

- Böyük Britaniyanın London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində İdarəetmə üzrə Magistr pilləsində təhsil almısınız. Bundan sonra idarəetmə sisteminizdə nələr dəyişdi?

- Qeyd edim ki, bu iki il müddətində təhsil ala-ala işdən ayrılmadım. Modulyar təhsil aldım. Yeddi semestrdən ibarət bu təhsil proqramında hər semestrdə 2 həftə dərs keçirilirdi və bu müddəti Londona getdim. İşdən ayrılmadığıma görə öyrəndiklərimi dərhal işimə tətbiq etmək imkanım var idi. İngiltərədə aldığım təhsil işçilərlə necə ünsiyyət qurmağı, onların problemlərini necə həll etməyi, həmkarlarımla və rəhbərliklə düzgün münasibətlər qurmağı və bu münasibətləri idarə etməyi öyrətdi. Bir sözlə, son 2 il ərzində idarəetmə sahəsində müasir biliklər əldə etdim. Amma bu bilikləri əldə etməklə iş bitmir, gərək biliklərini davamlı olaraq təkmilləşdirəsən.

- Yeri gəlmişkən, öz üzərinizdə necə işləyir, özünüzü necə inkişaf etdirirsiniz?

- Müntəzəm şəkildə qabaqcıl nəşriyyatlarda çıxan kitabları, jurnalları alıb oxuyur, biliklərimi təkmilləşdirirəm. Dayanmaq inkişafdan geri qalmaq deməkdir. Bəzən konfranslarda maraqlı insanlarla tanış olur, iş və şəxsi münasibətlər qurursan. İnsanlarla ünsiyyətdən belə nə isə öyrənirsən.

- Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr və magistr dərəcəsini almısınız. Qlobal Şəbəkə Fondunun Mərkəzi Avrasiya Liderlik Akademiyasının məzunusunuz. Londonda idarəçilik üzrə təhsilinizi davam etdirmisiniz. Rəhbər kimi çalışmaq üçün idarəetmədə sahəsində təhsil almaq çoxmu vacibdir?

- Təhsil hər bir şəxsin və ümumilikdə cəmiyyətin inkişafı üçün başlıca şərtlərdən biridir. Yaxşı təhsil almaqla kifayət qədər effektiv rəhbər olmaq mümkündür. Lakin hər insanda idarəçilik qabiliyyəti eyni səviyyədə olmur. İdarə etmək xüsusi bacarıqlar tələb edir. Bu bacarıqları uzun müddət təkmilləşdirmək və yeni biliklər əldə etmək çox önəmlidir. Təhsil rəhbərə idarəetmənin yollarını göstərir, amma bu hər şey demək deyil. Təhsillə hər şey həll olunsaydı, dünyada pis idarəçilər olmazdı. Bunun üçün insan zəhmət də çəkməlidir. Hər insan dünyaya müxtəlif xarakterdə gəlir. Yaxşı rəhbər olmaq üçün müəyyən küncləri rəndələmək, müəyyən tərəfləri hamarlamaq lazımdır. Bu kompleks işdir, bir günün, bir ilin məsələsi deyil, daim davam edən prosesdir. Heç bir rəhbər deyə bilməz ki, mükəmməllik zirvəsinə gəlib çatmışam. Fikrimcə, idarəetmədə belə bir zirvə ümumiyyətlə yoxdur.

- İdarə etmək məsuliyyət deməkdir. İllərdir çiyinlərinizdə daşıdığınız məsuliyətdən hərdən bezmirsiniz?

- İşdə yorulma məqamları hamıda olur. Amma bunu da idarə etmək mümkündür. İnsan vaxtı-vaxtında, xüsusilə həftə sonlarında yaxşı istirahət etməyi bacarmalıdır. Mən idmanla məşğul oluram, üzməyi çox sevirəm. Bu məni həm fizioloji, həm də mental baxımdan rahatladır. Müəyyən hobbilərim var, özümə zaman ayırıram. Ümumiyyətlə, bizim həyatımız 4 sütun üzərində qurulub: ailəmiz, karyeramız, çevrəmiz və özümüz. Bu dördlük bizim sütunlarımızdır. Stulun bir ayağı olmayanda rahat oturmaq mümkün deyil. İnsanlar da bəzən ailəsini, karyerasını, çevrəsini diqqətdə saxlayır, amma özünü unudur, sağlamlığına, mənəviyyatına, özü ilə dialoqa vaxt ayıra bilmir. Üç sütun dördüncüyə vaxt buraxmır. Amma bezmək həddinə çatmamaq üçün özünə müəyyən zaman ayırmaq lazımdır. Nəyinsə həddini aşmasına imkan verməmək lazımdır. Hər şeyin artığı ziyandır. Həddən artıq işləmək insanın faydalı iş əmsalını aşağı salır. Kimsə gün ərzində 14 saat işləyirsə, bu, o demək deyil ki, o effektiv işləyir. Kəmiyyət hər zaman keyfiyyət demək deyil. Buna görə çalışıram, elə bir hədd yaranmasın. Çox yorulduğumu hiss edəndə təcili müəyyən qabaqlayıcı tədbirlər görürəm ki, o durum məndə formalaşmasın. Çünki bu tənbəlliyə aparır, insanda ruh düşkünlüyü yaradır və nəticədə faydalı iş əmsalı aşağı düşür. Bir sözlə bunu da idarə etmək lazımdır.

- Orxan bəy, ilk qazancınız yadınızdadır. Nə almısınız?

- Tələbə vaxtı tərcümələrlə pul qazanmışam. Müxtəlif mənbələrdən ingilis dilindən Azərbaycan dilinə və ya əksinə tərcümələr edirdim. Ali məktəbdə "Xüsusi İstedadlar Qrupu"nda təhsil alırdım və bu qrupda dərslər ingilis dilində keçirilirdi. Tərcümə ilə tələbə üçün kifayət qədər yaxşı məbləğ əldə edirdim. İlk qazancıma nə aldığım konkret yadımda deyil, amma həmin vaxt özümü çox xoşbəxt hiss etdiyimi xatırlayıram. Həmin vaxt anladım ki, insan mütləq öz ayaqları üzərində durmağı bacarmalıdır. Təbii ki, valideynlərin, dostların, qohumların insana dəstək olması çox yaxşıdır. Amma insanın özünün qazanmağı, özünün özünə yaxşı mənada möhtac olmağı əvəzedilməzdir.

- Deyirlər, hər uğurlu kişinin arxasında bir qadın dayanır. Bu deyimlə razısınız?

- Tam razıyam. İnsan tam deyil və hər bir insanın tam olması üçün onu həyatda tamamlayan bir insan olmalıdır. Bu, yaxın dost, yaxşı həyat yoldaşı ola bilər. Azərbaycan kişilərinin bəxti onda gətirib ki, Azərbaycan xanımları həqiqətən də yaxşı həyat yoldaşı olmağı bacarırlar. Düşünürəm ki, mənim də uğurlarımda xanımımın mənə verdiyi dəstək böyük rol oynayıb. Xüsusilə, təhsil aldığım müddətdə mən günümün əsas hissəsini işə və təhsilə ayırırdım. Bu müddətdə o, mənim üçün hər bir şərait yaradırdı. Hətta uşaqların evdə səs salmamasına çalışırdı ki, dərs oxuya bilim (gülür)

- Nəyəsə nail olmaq üçün adətən insan qarşısına məqsəd qoyur və ona doğru gedir. Amma bəzən insan edə bilməyəcəyi məqsədləri də qarşısına qoyur. Siz necə, belə məqsədlər qoymusunuz?

- Mən realist insanam, həmişə utopik arzulardan kənar durmağa çalışmışam. Olmayacaq şeylərə zaman ayırıb arxasınca düşmək xasiyyətimə uyğun deyil, praqmatikəm. Nəyi bacarıramsa, o işin arxasınca gedirəm. Düşünürəm ki, istədiyim şeylərə nail olmuşam. Riyaziyyatçılar, psixoloqlar, sosioloqlar deyirlər ki, xoşbəxtlik gözləntilərlə tərs mütənasibdir. Nə qədər yüksək gözləntilərin varsa, xoşbəxt olmağın o qədər çətindir. Gözləntilərimizi bir az azaltsaq, daha realist olsaq, xoşbəxt olmaq ehtimalımız da yüksək olar. Məsələn, güclü rəqiblə oyunu izləmək üçün stadiona gedirik. Biz gözləsək ki, həmin komandaya 3 qol vuracağıq, bu, realist gözlənti olmayacaq və biz həmin gün oradan xoşbəxt qayıtmayacağıq. Amma güclü rəqiblə heç-heçə arzulasaq, bu real ola bilər. Xoşbəxt olarıq ki, belə güclü komanda ilə oyunda yaxşı nəticə əldə edə bilmişik.

- Kənardan özünüzə baxanda özünüzü necə xarakterizə edərdiniz?

- Özüm haqqında kənardan fikirlər almağı sevirəm. Deyirlər ki, ciddi görünürəm. Təbii ki, bu, məni tam əks etdirmir. Tanıyanlar bilir ki, yumoru, deyib-gülməyi, ümumiyyətlə, şən həyat tərzini sevirəm. İşdə isə bir rəhbər kimi tələbkaram. Çalışıram, işimi yüksək standartlara uyğun görüm. Əgər işi daha yaxşı edə bilirəmsə, onda pisə qane ola bilmirəm. Həmişə işlədiyim insanlarla bu məsələlərdə səmimi danışıram. Onlara tələbələrimi açıq şəkildə bildirirəm. Çalışıram ki, bu, mücərrəd deyil, anlaşıqlı, başadüşülən olsun. Özümü kənardan ciddi və tələbkar bir rəhbər kimi xarakterizə edirəm. Amma təbii ki, özümdə gördüyüm müəyyən boşluqlar, çatışmazlıqlar da var. Bu çatışmazlıqları aradan qaldırmaq üçün davamlı olaraq çalışıram.

- O çatışmazlıqları bizimlə bölüşmək istərdiniz?

- Konkret ifadə etmək mənə bir az çətin olacaq. Bəzən tələskənliyə yol verirəm. Bu da ondan irəli gəlir ki, məsələyə maksimalist yanaşıram. Müəyyən hallarda zamanı qabaqlamaq istəyirəm. Bəzən insani duyğularım üstünlük təşkil edir, bu mənə mane olur. Hərdən də düşünürəm ki, bəlkə məsələlərə çox ciddi yanaşır, sərt tələblər qoyuram.

- İşçiləriniz tələblərinizə cavab verməyəndə nə edirsiniz?

- Mənim tez-tez misal çəkdiyim bir fikir var: "pis işçi yoxdur, pis rəhbər var". Əgər işçi pisdirsə, deməli, rəhbər onun üzərində çalışmalı, onu yetişdirməlidir. "General Electric" şirkətinin əfsanəvi rəhbəri Jack Welch deyir ki, "Hər bir rəhbər bir bağban kimi öz işçilərini, çalışdığı insanları çiçək kimi yetişdirməli, onları hər gün sulamalıdır. Əgər düzgün çiçəkləri yox, alaqları sulayarsa, o, yaxşı bağban, yaxşı rəhbər deyil". Potensialı olmayan işçini müəyyən etmək və işdən uzaqlaşdırmaq, onları daha faydalı olacaqları yerə göndərmək lazımdır. Mənim prinsipim, yanaşmam budur. Ümumən isə sistemim çox sadədir. Hər hansı işçi qoyulan tələbi yerinə yetirmirsə, səhvini başa salır və şifahi xəbərlarlıq edir, belə səhvlərə bir daha yol verməməyi tələb edirəm. Əgər o, səhvi yenidən təkrarlayırsa, artıq ona daha sərt xəbərdarlıq edirəm. Bundan da fayda olmadıqda, işçi barədə müvafiq tədbirlər görürəm. Bütün bunlar nəticə vermədikdə, işçi ilə işləməyi dayandırıram.

- Təcrübənizdə belə hallar olub?

- Olub. İnsanlar həmişə qoyulan tələbləri yerinə yetirmək gücündə olmurlar. Bu, kiminsə imkanları xaricində ola bilər, kimsə işə ciddi yanaşmaya bilər, kimsə nələrəsə ümid edə bilər. Amma nəticədə belə işçilər işdən kənarlaşdırılanda, digər işçilərə də bir növ nümunə olur.

- Belə başa düşdüm ki, sərt rəhbərsiniz?

- Çox sərt deməzdim, amma qaydalara və müəyyən prinsiplərə əməl etməyi sevirəm. Mənim inanıram ki, insanları cəzalandırmaq, tənqid etmək heç də o insana pislik etmək demək deyil. Əksinə, bununla həmin insanı yaxşı mənada silkələyir və doğru yolda olmadığını xatırladırsan. Kimisə işdən kənarlaşdırmaq da o insanın işsiz qoymaq, gəlirini əlindən almaq demək deyil. Hər bir insan bu və ya digər şəkildə öz həyat yolunu tapır. Biz rəhbər olaraq ədalətli bir şəkildə hər hansı bir əməkdaşın peşəkarlıq baxımından bizə uyğun olmadığını müəyyən edəndə, həmin insana da, özümüzə də, təşkilatımıza da faydalı olmuş oluruq.

- Ənənəvi sualımız: uğur sirriniz nədədir?

- Mənim uğur formulam standartdır: bacarıq + bilik + zəhmət. Bu üç komponent nəticəsində uğur əmələ gəlir. 3 komponentdən hər hansı biri olmadıqda, insan tam uğur əldə edə bilməz və ya uğur təsadüfi olur. Bacarıq, istedad olmasa, bilik və zəhmət boşuna getmiş olacaq. Amma sadəcə bacarıqla da nəsə etmək mümkün deyil. Bilik də almaq lazımdır. Bilik aldıqdan sonra bu istiqamətdə çalışmaq və zəhmət çəkmək lazımdır. Zəhmət çəkməsək, yalnız bacarıq və biliklə nəticələr qısa müddətli olacaq.

Sonda onu qeyd etmək istəyirəm ki, hər bir cəmiyyəti irəli aparan uğurlu insanlardır...Hamıya uğurlar arzu edirəm!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti