Bakı. Trend:
"AtaSığorta" ASC və "Bakı Metropoliteni" QSC uşaqlar üçün Yeni il bayramı təşkil edib.
ASC-dən Trend-ə verilən məlumata görə, 6 yanvar 2016-cı il tarixində "AtaSığorta" ASC və "Bakı Metropoliteni" QSC korporativ sosial məsuliyyət çərçivəsində Şağan qəsəbəsində yerləşən 3 saylı fiziki və əqli qüsurlu uşaqlar üçün ilin ilk xeyriyyə aksiyasını - Yeni il bayramını keçirdi. Yeni il bayramı zamanı uşaqlar bəzədilmiş yolka ətrafında Şaxta Baba, Qar qızı və nağıl qəhrəmanları ilə birlikdə şənləndilər. Fokusçuların və jonqlyorun çıxışları da bayramı bəzədi. Ən yaxşı mahnı və şer müsabiqəsi keçirildi. Tədbirin sonunda uşaqların hamısı Şaxta Babadan və Qar qızından Yeni il hədiyyələri aldı.
"Bakı Metropoliteni" QSC-nin Marketinq şöbəsinin rəisi Lalə Babayeva və "AtaSığorta" ASC Marketinq və Kommunikasiyalar şöbəsinin rəisi Yusif Ağayev tədbirlə bağlı qeyd etdilər ki, gələcəkdə də korporativ sosial məsuliyyət çərçivəsində bu cür tədbirlərin keçirilməsi nəzərdə tutulub.
"AtaHolding" şirkətlər qrupuna daxil olan "AtaSığorta" ASC 2004-cü ildən fəaliyyət göstərir. Şirkət 12,4 milyon manat nizamnamə kapitalına malik olmaqla 28 sığorta növü - 24 könüllü növ və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. Həmçinin, təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 32 filial, nümayəndəlik və satış ofisləri daxildir.
Əməkdaşlarının ümumi sayı 6500 nəfərə yaxın olan "Bakı Metropoliteni" QSC-nin məqsədi şərnişinlərin metro nəqliyyatında daşınmasının keyfiyyətinin yüksəldilməsi, yeni metropoliten xətlərinin və stansiyalarının tikintisi və metropolitenin maddi-texniki bazasının gücləndirilməsdir.