Bakı. Trend:
2018-ci ildən ötən 4 il ərzində KOB subyektlərinin sayı 45% artaraq 356.000-nə yaxınlaşıb.
Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin tanıtım sərgisində deyib.
"KOBİA olaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində bir sıra tədbirlərin keçirilməsində və təşkilində iştirak etmişik. Aprel ayında, Sahibkarlar Günündə “Heydər Əliyev və Azərbaycan sahibkarlığının inkişafı” mövzusunda konfrans keçirildi. Hazırda iştirak etdiyimiz tanıtım sərgisi də bu qəbildən olan təşəbbüslərin davamıdır və ümummilli liderin Azərbaycanda biznes sektorunun formalaşmasında əvəzsiz xidmətinə bir daha nəzər salınması, xüsusilə də əldə olunmuş nəticələrin nümayişi üçün əhəmiyyətli platformadır. Çünki, burada sərgilənən məhsullar Azərbaycanın iqtisadi gücünün, real sektorun inkişaf səviyyəsinin və bizneslərin keçdiyi təkamül yolunun göstəricisi rolunu oynayır", - O.Məmmədov deyib.
KOBİA sədri bildirib ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycancanda sahibkarlığın və ümumilikdə, iqtisadiyyatın inkişafı istiqamətində gördüyü geniş həcmli işləri tam şəkildə təsəvvür etmək üçün onun ali idarəetmə sahəsində təqribən 30 illik dövrü əhatə edən fəaliyyətinə nəzər salmaq lazımdır:
"Müasir bir dövlətin formalaşma prosesini əhatə edən bu dövr ən qüdrətli imperiyanın tərkibində geridə qalmış bir respublikanın dirçəlişini, müstəqilliyin ilk illərində tənəzzüldən çıxışını, sabitlik və tərəqqi kimi bütün mərhələləri özündə yaşatmışdır. Məhz ümummilli liderin müdrik siyasəti və yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan üzləşdiyi ağır sosial-iqtisadi vəziyyətdən çıxaraq bugünkü inkişaf səviyyəsinə çata bilmişdir.
Bu gün Azərbaycanın yeni tarixinə nəzər salmaqla əminliklə söyləmək olar ki, 1993-2003-cü illər ərzində Heydər Əliyevin dövlətçilik doktrinası əsasında quruculuq strategiyası uğurla həyata keçirildi və hazırda cənab Prezident İlham Əliyevin rəhbərliyi altında keyfiyyətcə yeni səviyyədə davam etdirilməkdədir. Bu məqsədlə müxtəlif strateji proqramlar icra olunur, sahibkarlar üçün geniş vergi stimulları tətbiq olunur, real sektora investisiyalar təşviq edilir, bizneslərin inkişafı üçün çoxsaylı dəstək mexanizmləri və yeni təşkilati-hüquqi modellər hazırlanır.
Sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində Heydər Əliyev irsini əzmlə davam etdirən insanlar arasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da ön sırada dayanır. Onun çoxşaxəli fəaliyyəti çərçivəsində ölkə iqtisadiyyatının aktual problemlərinə olan həssas münasibəti Azərbaycan sahibkarları tərəfindən yüksək qiymətləndirilir. Mehriban xanımın iştirakı və birbaşa rəhbərliyi ilə icra olunan layihə və proqramlar ölkəmizin sosial-iqtisadi tərəqqisinə, həyata keçirilən inkişaf siyasətinə əhəmiyyətli töhfələr verməkdədir.
Görülmüş işlərin nəticəsi olaraq ölkəmizdə dayanıqlı, müasir və rəqabət qabiliyyətli sahibkarlıq zümrəsi formalaşmışdır. Bu gün ölkəmizdə özəl sektorun dəstəklənməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti də məhz sahibkarlıq sahəsində müasir dövrün çagırışlarına uyğun yeni təşkilati modellərin yaradılmasına və sahibkarlığın təşviqinə yönəldilmişdir. Nəzərə alsaq ki, ölkəmizdə fəaliyyət göstərən biznes subyektlərinin 99.7%-ni KOB subyektləri təşkil edir, o zaman, şübhəsiz ki, ölkənin dayanıqlı inkişafı kiçik və orta biznesin inkişaf səviyyəsi ilə sıx bağlıdır.
Qeyd etmək istərdim ki, KOB subyektlərinin yeni bölgüsü meyarlarının tətbiq edildiyi, eləcə də KOBİA-nın fəaliyyətə başladığı 2018-ci ildən ötən 4 il ərzində KOB subyektlərinin sayı 45% artaraq 356.000-nə yaxınlaşmışdır. Bu dövr ərzində KOB–ların qeyri-neft ÜDM-də payı 23,5%-dən 26,6%-ə, qeyri-neft ixracında payı isə 2019-cu ildəki 23,3%-dən 59,8%-ə yüksəlmişdir.
Biz strateji fəaliyyət gündəliyimizi sahibkarlar ilə qarşılıqlı
əlaqə şəklində, onların ehtiyac və inkişaf meyllərini öyrənməklə
müəyyən edirik. Bu məqsədlə, həm daxili resurslar, həm də peşəkar
şirkətlər cəlb olunmaqla mütəmadi sorğular keçirilir,
sahibkarlardan daxil olan müraciətlər təhlil olunur, sahəvi
görüşlər və dəyirmi masalar təşkil olunur. Əldə olunan məlumatlar
və aparılmış təhlillər əsasında ötən dövrdə biznes subyektləri və
sahibkarlığa başlamaq istəyən şəxslər üçün bir sıra dəstək
mexanizmləri yaradılmış və istifadəyə verilmişdir. Belə ki, daxili
bazar araşdırması, təhsil, elm, tədqiqat və dəstək layihələrinin
maliyyələşdirilməsi üzrə qrant proqramı, vergi güzəştlərini əhatə
edən Startap şəhadətnaməsinin verilməsi, iri ticarət şəbəkələrinə
çıxış və s. dəstək tədbirləri bizneslərin inkişafı üçün səmərəli
mexanizmlərdir. Ölkəmizin 3 fərqli bölgəsində fəaliyyət göstərən
KOB Evlərimiz “one-stop shop” formatında “G2B” və “B2B” xidmətlər
göstərməkdədir. 2023-cü ilin yanvar ayında möhtərəm Prezident cənab
İlham Əliyevin iştirakı ilə geniş funksional və texniki imkanlara
malik Bakı KOB Evinin açılışı oldu. Bu ölkə rəhbərliyinin
sahibkarlığın inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir.
Qarşıdakı dövrlərdə işğaldan zad olunmuş ərazilərimiz də daxil
olmaqla digər regionlarda növbəti KOB evlərini sahibkarların
istifadəsinə verməklə onların əhatə dairəsini genişləndirəcəyik.
Hazırda ölkənin 41 şəhər və rayonunda fəaliyyət göstərən KOB
dostları yeni sahibkarlıq subyektlərinin yaranmasına və mövcud
KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini yerində təmin
edir. Bilik və bacarıqlara çıxışın təşviqi məqsədilə Bakıda və
regionlarımızda KOB İnkişaf Mərkəzləri istifadəyə verilmişdir. Bu
mərkəzlərdə təlimlər, məsləhət və şəbəkələşmə üzrə xidmətlər
ödənişsiz əsasda həyata keçirilir.
KOBİA tərəfindən bizneslərə göstərilən dəstək istiqamətlərindən
biri də bazarlara çıxışın genişləndirilməsi üçün onların müxtəlif
sərgi və yarmarkalarda iştirakının təmin edilməsidir. Bugünədək
1300-ə yaxın sahibkarlıq subyekti KOBİA tərəfindən təşkil olunan
50-ə qədər sərgidən faydalanmışdır.
Hazırkı tanıtım sərgisi də kifayət qədər zəngin məzmuna malikdir. 3 gün davam edəcək tədbir çərçivəsində sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkətin məhsul və xidmətləri nümayiş olunacaq.
Sərginin proqramına uyğun olaraq müxtəlif mövzularda maraqlı panel müzakirələr təşkil olunacaqdır. Mövzulardan biri də Böyük Qayıdış strategiyası ilə bağlıdır. Şübhəsiz ki, Vətən Müharibəsi nəticəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə edilən qələbə və Qarabağ bölgəsinin işğaldan azad edilməsi də ölkəmizdə bizneslərin inkişaf üçün əlavə mənbələr açmış oldu. KOBİA tərəfindən həm Qarabağın iqtisadi potensialının beynəlxalq müstəvidə tanıdılması, həm də işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlıq subyektlərinin müraciətlərinin toplanması istiqamətində işlər davam etdirilir. Bugünədək KOBİA-ya 1400-dən artıq müraciət daxil olub ki, onların təqribin 500-ə yaxını xarici şirkətlərin müraciətlərdir. Sadalanan bu rəqəmlər həm yerli, həm də xarici sahibkarların Qarabağda biznes fəaliyyətinə olan marağını göstərir. Əlbəttə ki, dövlətin tətbiq etdiyi fiskal və sosial güzəştlər fonunda sahibkarların bu sahədə fəallığı bölgənin qısa müddət ərzində bərpasına və inkişafına öz töhfəsini verəcəkdir", - o əlavə edib.
Ümidvaram ki, “Heydər Əliyev və Azərbaycan sahibkarlığı”
mövzusunda keçilən sərgi həm bizneslər, həm də ziyarətçilər üçün
maraqlı olacaq və faydalı nəticələr ilə yadda qalacaqdır. Sərginin
işinə uğurlar, iştirakçılarına səmərəli və uğurlu əməkdaşlıq
arzulayıram.