...

Azərbaycanın enerji resursları Avropa üçün böyük önəm kəsb edir

Energetika Materials 1 Fevral 2011 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir D.Xatınoğlu/

Bu gün Avropa Rusiyanın iqtisadi inhisarçılığını aradan qaldırmaq məqsədilə çox ciddi şəkildə alternativ enerji resursları axtarır. Xəzəryanı dövlətlərin, o cümlədən Azərbaycanın enerji resursları, Avropa İttifaqı üçün böyük önəm kəsb edir. Bu barədə Trend-ə çərşənbə axşamı Avropa İttifaqının iqtisadi müşaviri Mehrdad Emadi bildirib.

Onun sözlərinə görə, Xəzər regionundan Aİ-yə qaz tədarükünü nəzərdə tutan "Nabukko" qaz kəməri layihəsi geniş münasibətlər və ikitərəfli əməkdaşlığın yüksək potensialının parlaq göstəricisidir.

Emadi hesab edir ki, Avropa "Nabukko"ya böyük önəm ayırır. İrana qarşı tətbiq olunan sanksiyalar və türkmən qazının Xəzər dənizi vasitəsilə nəqli problemi boru kəmərinin qazla doldurulmasında bəzi çətinliklər yaradır. Müşavir bildirib ki, lakin Azərbaycan qazının Avropaya nəqli real variantdır və Avropa buna böyük əhəmiyyət verir.

Yanvarın ortalarında Avropa Komissiyasının sədri Joze Manuel Barrozo Azərbaycan və Türkmənistana səfər edib. Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozo "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə" imzalayıblar.

"Cənub dəhlizi" Aİ üçün prioritet olan enerji layihələrindən biridir. O, enerjidaşıyıcıları marşrutları və mənbələrini şaxələndirilməsini nəzərdə tutur və bununla da, Aİ-nin enerji təhlükəsizliyini artırır. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Bəyaz axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2012-ci ilə təyin edilib. İlk tədarüklərə 2015-ci ildə start veriləcək.

Layihə iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin BOTAŞ və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti