Bakı. Maksim Tsurkov - Trend:
Hazırda Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsünün yaradılması istiqamətində işlər görülür və ölkəmizin istehsal etdiyi elektrik enerjisinin ixracı baxımından bu layihə böyük perspektivlərə malikdir.
Trend-in məlumatına görə, bu barədə energetika naziri Natiq Əliyevin "Respublika" qəzəetində dərc edilən məqaləsində deyilir.
Nazir yazır ki, "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı" çərçivəsində son 10 il ərzində 2310 MVt-a yaxın qənaətcil, son elmi-texniki nailiyyətlərə cavab verən qabaqcıl texnologiyalar əsasında yeni elektrik stansiyaları işə salınıb, ümumi gücü 856,8 MVt olan 7 modul tipli ES (Astara ES, Şəki ES, Xaçmaz ES və Naxşıvan ES, Bakı ES, Şahdağ ES, Səngəçal ES), gücü 525 MVt olan "Sumqayıt" İES,780 MVt olan qaz-turbin tipli "Cənub" ES, ümumi gücü 146,5 MVt olan 12 su elektrik stansiyası istismara verilib: ".Nəticədə bu gün Azərbaycanın elektroenergetika sisteminin generasiya gücü 7149 MVt-a çatdırılıb".
N.Əliyev bildirib ki, əsas elektrik stansiyalarının, elektrik verilişi xətlərinin köhnə olması səbəbindən 2003-2004-cü illərə qədər əhalinin elektrik enerjisi ilə təchizatında müəyyən çətinliklər var idi: "Yeni yaradılmış Energetika Nazirliyinin də yaxından iştirakı ilə müvafiq dövlət proqramları çərçivəsində Bakıda və regionlarda yeni elektrik stansiyalarının inşası, enerji infrastrukturunun yenilənməsi hesabına Azərbaycan əhalinin elektrik enerjisinə olan tələbatını ödəməklə bərabər, həm də enerji ixracını həyata keçirməyə başladı".