...

"Saipem"dən Azərbaycanda 2023-cü ilin sonunadək fəaliyyət planları barədə AÇIQLAMA

Energetika Materials 16 Oktyabr 2023 10:14 (UTC +04:00)
"Saipem"dən Azərbaycanda 2023-cü ilin sonunadək fəaliyyət planları barədə AÇIQLAMA
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın "Saipem" şirkəti bp ilə birgə Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsinin ikinci fazası üzrə müqavilənin icrasını 2023-cü ilin sonunadək reallaşdırmaq niyyətindədir.

Bu barədə Trend-in sorğusuna şirkətdən cavab olaraq bildiriblər.

"Bu yaxında bizim iştirakımızla "TotalEnergies" və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə həyata keçirilən "Abşeron" yatağının işlənilməsi layihəsi çərçivəsində ilk qaz əldə olunub. "Saipem"in ölkədə 2023-cü ilin sonunadək əsas fəaliyyəti əsas müştərimiz olan bp ilə birgə "Şahdəniz-2" üzrə digər flaqman layihənin tamamlanmasıdır.

Layihə icra olunur və icra prosesi müştərimizi tam qane edir. Bu, 20 ildən çoxdur ki, Azərbaycanda davamlı şəkildə fəaliyyət göstərən, bp və SOCAR ilə birlikdə həm neft, həm də qaz yataqlarında bütün əsas dəniz obyektlərinin tam işlənilməsinə öz töhfəsini vermiş "Saipem"in böyük təcrübəsindən xəbər verir", - deyə şirkətdən bildiriblər.

Azərbaycanda biznesini genişləndirmək imkanlarına gəlincə, "Saipem"dən verilən məlumata görə, Bakıda tam şəkildə fəaliyyət göstərən filialı sayəsində şirkət İtaliya və Azərbaycan arasında artan iqtisadi mübadilə fonunda enerji sektorundakı investisiya imkanları baxımından daima bazarı öyrənir.

"Saipem"in marağı həm ənənəvi biznesə, həm də bərpa olunan enerji mənbələrinə, xüsusən dənizdə külək enerjisinə yönəlib", - şirkətdən deyiblər.

Xatırladaq ki, 2016-cı ildə "Saipem" ilə "BOS Shelf" və "Star Gulf" konsorsiumu üzrə tərəfdaşları bp ilə "Şahdəniz-2" üzrə 1,5 milyard ABŞ dolları dəyərində müqavilə imzalayıb ("Saipem"in payı təqribən 1,3 milyard ABŞ dollarıdır). Müqavilənin müddəti əlavə 5 il müddətinə uzatmaq imkanı ilə 5 ildir.

İşlərin həcminə sualtı hasilat sistemlərinin və sualtı qurğuların nəqli və montajı, fiber-optik kabellərin və şlanqlı kabellərinin çəkilməsi, 90 kilometrlik boru kəmərlərinin çəkilməsi, onların istismara verilməsi və digər işlərdir.

Qeyd edək ki, "Şahdəniz-2" Xəzər qazını Avropa bazarına ötürən Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. "Şahdəniz-2" "Şahdəniz-1" çərçivəsində hasil olunan 10 milyard kubmetr qazla yanaşı, ildə əlavə olaraq 16 milyard kubmetr qazın hasil olunmasını nəzərdə tutur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti