Bakı. Trend:
İqlim dəyişikliyinin insan sağlamlığına təsiri bütün dünyada sağlamlıq nəticələrinin daimi yaxşılaşdırılmasının qarşısında duran ən önəmli çağırışlardan biridir. Bu problem son 50 il ərzində əldə edilmiş nailiyyətlərin əksəriyyətini təhlükə altında qoyur. İqlim dəyişikliyinin təsirinə ən çox məruz qalan ölkələr Saharadan cənubdakı Afrika və Cənub-Şərqi Asiya ölkələrdir, lakin heç bir ölkə qlobal istiləşmənin sağlamlıq üçün artan təsirlərindən kənar deyil.
Dünyanın iqlim gündəmi qlobal istiləşmənin insan sağlamlığına təsirlərinə adekvat diqqət ayırmamaqdadır. Nəticədə, gələcək üçün həyat qurtaran səhiyyə həlləri və iqlim dəyişikliklərinin neqativ təsirlərinə qarşı dayanıqlı səhiyyə sistemlərinin yaradılmasına kifayət qədər sərmaya qoyulmur. Qarşıdan gələn COP29 bizim sağlamlığımızın iqlim müzakirələrinin mərkəzində yer alması üçün unikal imkan yaradır.
Azərbaycan səhiyyə sektorunda texnoloji irəliləyişlərin tətbiqi və insan sağlamlığının davamlı olaraq yaxşılaşdırılmasına yönəlik səylər baxımından qabaqcıl ölkələrdəndir. Azərbaycan həm də effektiv səhiyyə siyasəti nöqteyi-nəzərindən ön sıralarda dayanır - bütün əhali üçün icbari tibbi sığortanın tətbiqi və universal tibbi təminata nail olmaq məqsədi daşıyan davamlı islahatlar mühüm addımlardır və ölkə səhiyyənin doğru idarə olunması baxımından qlobal model rolunu oynayır. Bu ilin noyabrında COP29-a ev sahibliyi etməklə Azərbaycanın səhiyyə sahəsində lider mövqeyini nümayiş etdirmək, səhiyyəni iqlim dəyişikliyi ilə bağlı daha geniş, qlobal müzakirələr çərvəsində layiqli mövqeyə gətirmək və gələcək üçün iqlim danışıqlarında öz izini qoymaq baxımından unikal imkanı var.
İyunun 18-dən 20-dək Bakıda keçiriləcək 2-ci illik Sağlam Gələcəyin Proqnozlaşdırılması Qlobal Sammitinə ev sahibliyi etməyə hazırlaşarkən əsas məqsədlərimizdən biri Azərbaycana məhz buna - UNFCCC toplantılarında səhiyyənin müzakirəsi ənənəsini möhkəmləndirən COP sədri kimi tarixə düşməyə - dəstək olmaqdır.
Qlobal çağırışlar qlobal həll yolları tələb edir
İqlim dəyişikliyinin sağlamlığa təsiri çoxşaxəlidir və mövcud vəziyyət həyəcan təbili çalmağa əsas verir. Dünya Bankının hesablamalarına görə, iqlim dəyişikliyi ilə bağlı heç bir tədbir görülməsə, 2050-ci ilə qədər təqribən 21 milyon insan həyatını itirə, 2030-cu ilə qədər isə 44 milyon insan həddindən artıq yoxsulluğa sürüklənə bilər. Həmçinin, yoluxucu xəstəliklər artmaqdadır, malyariya və denq kimi vektorlarla ötürülən xəstəliklər temperaturun artması və dəyişkən hava şəraiti səbəbindən əhatə dairəsini genişləndirir.
Bu qlobal çağırışlar qarşısında uğurlu həllər innovasiyaya əsaslanmağı tələb edir. Məsələn, iqlim məlumatlarının getdikcə daha təkmilləşən mənbələrindən və süni intellektin gücündən istifadə etmək iqlim dəyişikliyinin ən pis təsirlərini proqnozlaşdırmaq və qarşısını almaq üçün perspektivli imkanlar yaradır. Dayanıqlı enerji sahəsində irəliləyişlər iqlim şoklarına daha az həssas olan dayanıqlı səhiyyə müəssisələri yaratmağa icazə verir. Lakin daha çox innovasiya və investisiyaya ciddi ehtiyac var. İqlim dəyişikliyinin sağlamlığa təhlükələrinin mahiyyətini tam başa düşmək, yeni həll yolları müəyyən etmək, onların tətbiqi üçün lazım olan resursları səfərbər etmək üçün ilk növbədə ortaq baxışa malik qlobal iqlim və sağlamlıq icmasına ehtiyacımız var. Sağlamlığımızı iqlim dəyişikliyinin mənfi təsirlərindən qorumaq məqsədinə sadiq səhiyyə mütəxəssisləri, ətraf mühit alimləri, akademik tədqiqatçılar, sənaye liderləri, siyasətçilər və maliyyə institutları arasındakı vacib dialoqun reallaşması üçün foruma və platformaya ehtiyacı var.
Sağlam Gələcəyin Proqnozlaşdırılması Qlobal Sammitinin məqsədi COP-un dünyanın diqqətini iqlim dəyişikliyinin təsirlərinə yönəltməsindən istifadə edərək müxtəlif aparıcı səsləri bir araya toplamaq, həm iqlim, həm də səhiyyə sektorlarından olan liderlər arasında müzakirələri asanlaşdırmaq üçün belə bir platforma təmin etməkdir. COP29-dan əvvəl biz psixi sağlamlıq, qida və qidalanma, dayanıqlı şəhər sistemləri, su resurları, sanitar nəzarət və iqlim maliyyəsi daxil olmaqla geniş spektrdə problemlər və imkanları araşdıraraq, iqlim dəyişikliyi kontekstində ən təsirli qlobal sağlamlıq həllərini ortaya çıxartmaq və yaymaq missiyasındayıq.
COP29: Qlobal sağlamlığın irəlilədilməsi üçün katalizator
Sağlam Gələcəyin Proqnozlaşdırılması Qlobal Sammiti ötən ilki Abu Dabidə keçirilmiş ilk tədbirin uğuruna əsaslanır. Həmin tədbirdə biz hökumət, özəl sektor, QHT, qlobal maliyyə institutları və ali təhsildən 140 təşkilat və 40-dan çox ölkədən 200-ə yaxın lideri bir araya gətirdik (qlobal cənubun hərtərəfli təmsilçiliyi ilə). BƏƏ-nin COP sədrliyi ilə birlikdə biz bu platformadan istifadə edərək “Sağlamlıq Günü”nü COP28-ə yeni bir giriş olaraq elan etdik. Bu ayın sonunda biz bu müzakirələri daha da inkişaf etdirmək üçün BƏƏ-dəkindən də çoxsaylı maraqlı tərəfləri Bakıya gətirmək niyyətindəyik.
Azərbaycanda müxtəlif maraqlı tərəflərlə apardığımız danışıqlarda COP29-da səhiyyəyə ön planda yer verilməsi üçün güclü iradənin olmasını görmək sevindiricidir. Bakıda keçiriləcək sammit qlobal iqlim müzakirələri çərçivəsində sağlamlığın davamlı şəkildə möhkəmləndirilməsi istiqamətində mühüm addım və qlobal fəaliyyəti gücləndirə biləcəyimiz platforma ola bilər. Bu, Azərbaycan üçün güclü nümunə göstərmək və sağlamlığın iqlim siyasətinin bütün aspektlərinə ayrılmaz bir məsələ kimi daxil edilməsində qlobal liderlik nümayiş etdirmək üçün bir fürsətdir.
COP29 dünyaya kritik bir zamanda iqlim gündəmini yeniləmək üçün fürsət yaradır. Dünyanın diqqətinin Bakıya yönəldiyi bir vaxta bu, Azərbaycanın səhiyyə ictimaiyyətinə iqlim səhiyyəsi səhasində ehtiyacları dünya liderləri qarşısında qaldırmağa və iqlim dəyişikliyinin təzyiqlərinə baxmayaraq qlobal səhiyyə sahəsində irəliləyişlər üçün katalizator rolunu oynamağa çağırışdır. Biz birlikdə hamı üçün daha sağlam, daha möhkəm gələcək qura bilərik.
Kelli Villis
Strateji Təşəbbüslər üzrə İdarəedici Direktor Sağlam Gələcəyin
Proqnozlaşdırılması