Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir H.Vəliyev/
2011-ci ildə Naxçıvan Muxtar Respublikasının İKT sektoru üzrə gəlirləri 2010-cu illə müqayisədə 16 faiz artaraq təqribən 38 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.
2011-ci ildə nazirliyin tarif gəlirləri 2010-cu ilin göstəriciləri ilə müqayisədə 376 min manatdan çox artaraq 5,33 milyon manatı (ƏDV-siz) ötüb.
Son bir il ərzində telefon şəbəkəsinin nömrə tutumu 2,3 min ədəd artıb. Hazırda MR-də hər 100 ailəyə 65 stasionar telefon düşür.
Bu ilin birinci rübünün sonunadək MR-in Şərur və Sədərək rayonlarının ərazisində ATS-lərin NGN texnologiyalarına keçidi başa çatacaq.
2011-ci ilin yekunları üzrə yeddi yeni ATS quraşdırılıb və 116,9 kilometrlik optik-lif rabitə xətti çəkilib. Muxtar Respublıika üzrə beynəlxalq rabitə kanallarının həcmi 512 Mbit/saniyəyə qədər artırılıb.
NMR-in orta təhsil müəssisələrində istifadə olunan kompüterlərin 81,7 faizi internet şəbəkəsinə qoşulub. 2011-ci ildə "Xalq kompüteri" layihəsi çərçivəsində MR-də 776 kompüter satılıb.