Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İ.Xəlilova/
Çərşənbə axşamı Nyu-Yorkda təqdimatı keçirilən "Açıq Hökumət" Tərəfdaşlığı təşəbbüsündə aktiv iştirakçı olmaq üçün Azərbaycanın yaxşı baza şəraiti var. Bu barədə Trend-ə çərşənbə günü müstəqil iqtisadçı İnqilab Əhmədov deyib.
Azərbaycanın ABŞ və Braziliya prezidentləri Barak Obama və Dilma Russeff tərəfindən irəli sürülən bu təşəbbüsə qoşulması haqqında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ dövlət katibi Hillari Klintona ünvanladığı məktubda deyilir.
"Mən əminəm ki, Azərbaycan bu qlobal təşəbbüsün aktiv iştirakçısı olacaq, bununla da digər ölkələrə nümunə olacaq", - Əhmədov bildirib.
Onun sözlərinə görə, bu, ölkə üçün yaxşı fürsətdir, çünki bu proses dövlət idarə sisteminin təkmilləşdirilməsini stimullaşdırır.
Dünyanın qabaqcıl ölkələrinin qoşulduğu qlobal təşəbbüs bu ölkələrin fəaliyyətinin elə infrastrukturunu təşkil edəcək ki, o, şəffaflığı və həmin hökumətlərin mülki cəmiyyəti cəlb etməklə həlledici qərarların qəbul edilməsində məsuliyyətini artırmağa imkan verəcək.
"Bu təşəbbüsün minimal meyarları fiskal şəffaflıq, informasiyaya azad çıxış, vəzifəli şəxslərin gəlirlərinin elan edilməsi və mülki cəmiyyətin dövlətin qəbul etdiyi qərarlara cəlb olunmasıdır", - o deyib.
Obamanın təşəbbüsündə informasiyaya geniş çıxışı təmin edəcək innovativ-texnoloji imkanların da əhəmiyyəti az deyil. Ölkələrin təşəbbüsə qoşulmaları ictimai xarakter daşıyan istənilən informasiyaya çıxışı tələb edir.
"Beləliklə, bütün bu meyarlar birlikdə dövlətin fəaliyyətinin şəffaflığını təmin edəcək, dövlət resurslarının idarə olunmasına nəzarətə imkan verəcək", - Əhmədov deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən "Elektron hökumət"in təşkili üzrə aktiv iş aparılır ki, bu da həmin təşəbbüs çərçivəsində lazımi texniki-texnoloji infrastrukturun təminində çox yerinə düşür.
Təşəbbüsə qoşulma prosesində Azərbaycanın EITI-dəki aktiv iştirakı da böyük əhəmiyyət kəsb edir, ölkə burada qabaqcıl yerlərdən birini tutur.
"Təşəbbüsün iştirakçısı olan ölkələr tərəfindən qeyd olunub ki, Azərbaycanın EITI-də artıq kifayət qədər uğurlu iştirak təcrübəsi var, çünki ölkə burada yüksək stabil templər nümayiş etdirir", - o deyib.
Əhmədovun sözlərinə görə, digər tərəfdən, bu təşəbbüsdə beynəlxalq arenada yaxşı nüfuza malik Dövlət Neft Fondunun qabaqcıl rol oynaya bilməsi də az əhəmiyyət daşımır.
Tərəfdaşlığa artıq 46 ölkə, o cümlədən Türkiyə, Ukrayna, Gürcüstan, Estoniya, Latviya, Litva, Moldova, İspaniya, İsveç və digər ölkələr qoşulub.