...

ATƏT-in nümayəndəsi Kaspşik: "Ermənistan-Azərbaycan sərhədində atışma hallarının azalması təkcə bizdən asılı deyil"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Sentyabr 2007 16:16 (UTC +04:00)

Böyük Britaniya, London / Trend , müxbir G. Əhmədova/ Enrmənistan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində atışma hallarının azalması təkcə ATƏT-in regiondakı missiyasının fəaliyyətindən deyil, həmçinin, Dağlıq Qarabağ münaqişəsi tərəflərindən də asılıdır.

"Silahlı Qüvvələrin təmas xəttində atışmalar bizi həmişə narahat edib və mənim məqsədimdən biri atışma hallarının azaldılmasıdır", - deyə Londonda Trend ə müsahibəsində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik bəyan edib.

ATƏT-in şəxsi nümayəndəsinin Dağlıq Qarabağ münaqişəsi regionundakı ofisi 1995-ci ildən fəaliyyət göstərir. Azərbaycan və Ermənistan arasında 1994-cü ildə atəşkəs haqqında razılığın əldə olunmasına baxmayaraq, hələ də atəşkəsin pozulması halları qeydə alınır. Tərəflər atəşkəsin pozulma hallarının sayını açıqlamır, lakin son aylar ərzində Azərbaycanın Müdafiə Nazirliyi, demək olar ki, hər gün erməni tərəfinin Azərbaycan mövqelərini bir neçə istiqamətdə atəşə tutması ilə bağlı məlumat verir.

2007-ci ilin yazında Azərbaycanın Silahlı Qüvvələrində demokratik vətəndaş nəzarəti mərkəzinin direktoru, ehtiyatda olan zabit Ələkbər Məmmədov bəyan edib ki, atəşkəs rejimi dövründə 5000-ə yaxın azərbaycanlı hərbçisi həlak olub. Müstəqil hərbi ekspert Üzeyir Cəfərovun məlumatına görə isə, bu dövr ərzində atəşkəs rejiminin pozulması və minaların partlaması nəticəsində 1000 mülki şəxs həyatını itirib.

Silahlı qüvvələrin təmas xəttində müntəzəm keçirilən monitorinqlərə rəhbərlik edən Kaspşik təmas xəttində atəşkəsin pozulması hallarının mövcud olmasını qeyd edib. "Bizə Ermənistan-Azərbaycan təmas xəttində atışma hallarının azaldılması ilə bağlı tapşırıq verilib, lakin biz sülhməramlı əməliyyat keçirmirik" -, deyə Kaspşik bildirib.

Kaspşikin sözlərinə görə, onun komandası məhdud imkanlara malikdir. "Biz cəmi altı nəfərik, biz komanda ilə atışmaların sayını azaltmaq üçün səy göstəririk və siz başa düşməlisiniz ki, bu, təkcə bizdən asılı deyil" - deyə o, əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1992-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabaq ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə nail olmuş və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi və Rusiya, Fransa, ABŞ-ın həmsədrliyi ilə, hələ ki, nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti