...

Azərbaycanın ABŞ-dakı səfiri "The Washington Post" qəzetinə etiraz məktubu göndərib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 İyul 2011 11:45 (UTC +04:00)
Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev "The Washington Post" qəzetinə Dağlıq Qarabağ münaqişəsi haqqında bu nəşrdə dərc olunan sonuncu materiallarla bağlı etiraz məktubu göndərib.
Azərbaycanın ABŞ-dakı səfiri "The Washington Post" qəzetinə etiraz məktubu göndərib

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev "The Washington Post" qəzetinə Dağlıq Qarabağ münaqişəsi haqqında bu nəşrdə dərc olunan sonuncu materiallarla bağlı etiraz məktubu göndərib.

"Uill İnqlənd iyulun 7-də dərc olunan "Qarabağ - ilk possovet müharibəsi" adlı məqalədə Ermənistan-Azərbaycan münaqişəsinə dair faktları saxtalaşdırıb və Azərbaycanın mövqeyini göstərməyib", - Əliyevin "The Washington Post" qəzetinə ünvanlanan məktubunda deyilir.

Qəzetdə iyulun 7-də Dağlıq Qarabağ münaqişəsi haqqında məqalə dərc olunub. Qəzetin Moskva müxbiri Uill İnqlənd Dağlıq Qarabağa səfəri barədə yazıb. Bu zaman o, materialda Xankəndi və Qarabağ əvəzinə "Stepanakert" və "Artsax" toponimlərindən istifadə edib, tarixi fakları saxtalaşdırıb və münaqişə haqqında birtərəfli informasiya verib.

Səfirin sözlərinə görə, məqalədə Stalinin Dağlıq Qarabağı Azərbaycana "birləşdirməyi", əslində isə Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanmasını nəzərdə tutan qərarının qəbul edildiyi 1921-ci il hadisələrinin erməni izahı verilib.

"Həmçinin məqalədə qaçqın və məcburi köçkünə çevrilmiş bir milyon azərbaycanlı haqqında, BMT TŞ-nin işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən 4 qətnaməsi, eləcə də azərbaycanlılara qarşı törədilən cinayətlər, o cümlədən 1992-ci il Xocalı soyqırımı barədə heç bir məlumat verilmir", - səfirin məktunubda deyilir.

Məktubda qeyd olunur ki, bununla yanaşı, məqalədə Ermənistanın Dağlıq Qarabağda qurduğu qanunsuz separatçı rejimin reklamı öz əksini tapıb.

Əliyevin sözlərinə görə, bir gün sonra, iyulun 8-də İnqlənd "Dağlıq Qarabağ danışıqlar masası arxasında əyləşmək istəyir" məqaləsində Dağlıq Qarabağın iki icmadan - ermənilərdən və azərbaycanlılardan ibarət olması faktını nəzərə almayıb. "Biz ümid edirik ki, nəşr gələcəkdə Azərbaycanın mövqelərinə bərabər diqqət ayıracaq", - məktubda deyilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti