...

Qazaxıstan Prezidenti Türkdilli Akademiyanın yaradılmasını təklif edib

Siyasət Materials 4 Oktyabr 2009 13:02 (UTC +04:00)
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev azərbaycanlı həmkarının TÜRKSOY təşkilatı yanında fondun yaradılmasını təşəbbüsünü dəstəkləyərək həmin fond çərçivəsində Türkdilli Akademiyanın yaradılması təklifi ilə çıxış edib. Bu bəyanatı Nazarbayev şənbə günü Azərbaycanın Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX sammitində çıxışı zamanı bəyan edib, məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.
Qazaxıstan Prezidenti Türkdilli Akademiyanın yaradılmasını təklif edib

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev azərbaycanlı həmkarının TÜRKSOY təşkilatı yanında fondun yaradılmasını təşəbbüsünü dəstəkləyərək  həmin fond çərçivəsində Türkdilli Akademiyanın yaradılması təklifi ilə çıxış edib. Bu bəyanatı Nazarbayev şənbə günü Azərbaycanın Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX sammitində çıxışı zamanı bəyan edib, məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.

"Bizim hörmətli qardaşımız İlham Əliyevin dediyi kimi, mən də bunu tam dəstəkləyirəm ki, biz TÜRKSOY təşkilatı yanında bir fond yaratmalıyıq. Həmin fond çərçivəsində Türkdilli Akademiyanı da yaratmaq məqsədəuyğun olardı. Akademiya türkdilli xalqların dilinin, mədəniyyətinin araşdırılması və öyrənilməsi ilə məşğul olacaqdır. Bu, bizim ümumi vəzifəmizdir. Əgər hər hansı bir türkdilli dövlət öz yardımını göstərəcəksə, hesab edirik ki, bu akademiyanı türkdilli aləmin çox müqəddəs torpağı - Türküstanda yerləşdirmək olardı və yaxud bu akademiya Astanada təsis oluna bilərdi. Bu baxımdan indi Xoca Əhməd Yasəvi adına Universitet böyük işləri həyata keçirir", - Nazarbayev deyib.

Qazaxıstan Prezidenti Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün Naxçıvanda keçirilməsini tədbirin əsas özəlliyi kimi xarakterizə edib. O, dahi şəxsiyyətlər - Heydər Əliyevin və Mustafa Kamal Atatürkün türkdilli xalqların birliyi barədə arzularını xatırladaraq vurğulayıb ki, Qazaxıstan da bu ideyanın reallaşdırılması mövqeyindən çıxış edir. Bu səbədən də türk dövlətləri arasında siyasi əlaqələr zamanın tələblərinə uyğun olaraq yeni mərhələyə qədəm qoymalıdır.
"Türkdilli xalqların mədəniyyəti böyük bir okeana oxşayır və bu okean hələ ki, tədqiq olunmamışdır. Biz hesab edirik ki, türkdilli dövlətlərin xalqlarının tarixi bundan sonra daha təfərrüatı ilə tədqiq edilməlidir.
Bizim ulu babalarımız Aralıq dənizindən Altaya qədər geniş düzənliklərdə hökmdar olmuşlar və onlar bizə çox böyük dəyərlər qoyub getmişlər. Biz hesab edirik ki, yurta, yay, ox və s. bu kimi bir çox vacib mədəniyyət dəyərlərini qoyub getmişlər. Hesab edirik ki, artıq bunları bütün dünya ictimaiyyəti qarşısında tanıtmaq vaxtı gəlib çatmışdır", - Qazaxıstan Prezidenti bildirib.

Nazarbayev türkdilli ölkələrin ATƏT, İqtisadi İnkişaf Təşkilatı, İslam Konfransı Təşkilatı və bir çox digər təşkilatlarla, o cümlədən "Asiyada qarşılıqlı fəaliyyətə və etimad tədbirlərinə dair müşavirə" ilə də sıx əməkdaşlıq etməyin və bir mövqedən çıxış etməyin vacibliyini bildirib. "Həmin təşkilat çərçivəsində sədrliyi gələn ildən etibarən biz qardaş Türkiyə Respublikasına təhvil verəcəyik. Biz bu baxımdan irəli sürülən məsələlər üzrə bütünlüklə öz dəstəyimizi verməyə hazırıq. Hesab edirik ki, biz tərəfdaşlıq münasibətlərimizi Asiya və Avropa strukturlarında daha da möhkəmləndirməliyik", - Prezident deyib.

Nazarbayev Qazaxıstanın 2010-cu ildə ATƏT-də və 2011-ci ildə İslam Konfransı Təşkilatında sədrliyi zamanı bir çox yeni təşəbbüslər irəli sürməsi gözlənildiyini bildirib. "Xüsusən də bu, türkdilli dövlətlər ilə sıx münasibətlərə əsaslanan birliyimiz xüsusi qeyd olunmalıdır ki, üçüncü dövlətlərə qarşı olmayacaqdır. Biz hədələrə qarşı ümumi mübarizə aparmalıyıq və bu gün tam aydındır ki, qlobal sabitliyə hədə və təhdidlər mövcuddur. Qlobal silahsızlaşdırma, kütləvi qırğın silahlarının yayılmaması sahəsində beynəlxalq səviyyədə müəyyən problemlər yaranmışdır. Qazaxıstanın silahsızlaşdırmaya ən böyük töhfə verdikdən sonra - Sovet İttifaqının süqutundan sonra bu sahədə daha fəal tədbirlərin görülməsini tələb etmək hüququ vardır. Həmin vaxtdan etibarən, eyni zamanda, Qafqazda da sabitlik pozulmuşdur. Bu baxımdan biz qardaş Azərbaycan xalqının əzab-əziyyətlərinə şərik çıxırıq. Hesab edirik ki, Ermənistan ilə Azərbaycan arasındakı münaqişə yalnız dinc yolla həll olunmalıdır. Biz buna öz dəstəyimizi verməyi bundan sonra da davam etdirəcəyik", - Qazaxıstan Prezidenti bildirib.
Nitqini başa vuran Qazaxıstan Prezidenti bildirib ki, bu zirvə görüşü çərçivəsində əldə edilmiş razılaşmalar türkdilli ölkələrdə çox mühüm bir hadisəyə çevriləcək, bizim türkdilli xalqlar üçün vacib bir nəticə olacaq.

Xəbər lenti

Xəbər lenti