...

Türkiyə protokolların ruhuna və məntiqinə bağlıdır - səfir Hulisi Kılıc

Siyasət Materials 23 Aprel 2010 12:47 (UTC +04:00)
"Ermənistan parlamentinin Sürix protokolları ilə bağlı doğru bir qərar çıxarması gözlənilirdi. Bu, təbii ki, Ermənistanın öz qərarıdr, bunu şərh etmək də Ermənistanın üzərindədir. Biz, Türkiyə olaraq, bu protokolların ruhuna və məntiqinə bağlıyıq və belə də qalacağıq", - Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulisi Kılıc bildirib.
Türkiyə protokolların ruhuna və məntiqinə bağlıdır - səfir Hulisi Kılıc

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir A.Hüseynbala/

"Ermənistan parlamentinin Sürix protokolları ilə bağlı doğru bir qərar çıxarması gözlənilirdi. Bu, təbii ki, Ermənistanın öz qərarıdr, bunu şərh etmək də Ermənistanın üzərindədir. Biz, Türkiyə olaraq, bu protokolların ruhuna və məntiqinə bağlıyıq və belə də qalacağıq", - Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulisi Kılıc bildirib.

"Biz bölgənin ölkələrindən biriyik, qonşuyuq. Türkiyə, təbii ki, bu bölgədəki problemlərin həllində maraqlıdır, tərəfsiz qala bilməz. 1993-cü ildə Ermənistanla sərhədləri nəyə görə bağladığımızı hər kəs bilir", - səfir deyib.

Trend-in arayışı: 2009-cu il oktyabrın 10-da Sürixdə Türkiyə və Ermənistan xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan tərəfindən diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalanıb. Aprelin 23-də Ermənistan prezidenti Serj Sarqsyan bu protokolların ratifikasiyasının dayandırılmasını bəyan edib.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, həmçinin, Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı olub.

Ermənistan prezidenti Serj Sarqsyan dünən xalqa müraciətində bildirib ki, Ermənistan Sürix protokollarını dondurur.

Kılıc bildirib ki, Türkiyənin regiondakı proseslərdə aktivliyi kimsəni narahat etməməlidir.

"Biz istəyirik ki, Qafqazda barış və sülh olsun. Bir pəncərənin açıq, digərinin qapalı qalmasını da qəbul etmirik. Yəni bütün qapıların açıq olmasını arzu edirik. İki prosesin bərabər getməsini istəyirik; bütün qapıların da bərabər, eyni zamanda açılmasımı istəyirik. İstəyirik, bu bölgədə barış, sülh olsun və daimi olsun. Biz dostluq, barış tərəfdarıyıq", - Kılıç əlavə edib.

Türkiyənin bundansonrakı addımlarına gəldikdə, səfir deyib ki, gözləyəcəklər.

"Digər tərəfdən də ümid edirik, Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı daha ciddi addimlar atılır. Nəticədən asılı olaraq nə edəcəyimizə baxarıq", - Kılıç deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan ATƏT-in Minsk qrupunun himayəsi altında Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.

Xəbər lenti

Xəbər lenti