...

İranda bu ölkəyə şiəliyi qəbul etdirənin dilində bir dənə də olsun məktəb yoxdur - azərbaycanlı politoloq

Siyasət Materials 22 Yanvar 2011 13:14 (UTC +04:00)
İranın din xadimləri Azərbaycanda demokratiya və insan hüquqları sahəsindəki mövcud vəziyyətdən sui-istifadə edərək, Azərbaycanın daxili işlərinə qarışmağı davam etdirirlər.
İranda bu ölkəyə şiəliyi qəbul etdirənin dilində bir dənə də olsun məktəb yoxdur - azərbaycanlı politoloq

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

İranın din xadimləri Azərbaycanda demokratiya və insan hüquqları sahəsindəki mövcud vəziyyətdən sui-istifadə edərək, Azərbaycanın daxili işlərinə qarışmağı davam etdirirlər. Bunu şənbə günü Trend-ə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib.

"İranın din xadimlərinin Azərbaycanın daxili işlərinə qarışması təsadüfi deyil və mərkəzləşdirilmiş qaydada idarə olunur. İranın din xadimlərinin ölkəmizin daxili işlərinə qarışması bütün hədləri aşıb", - Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, müasir reallığın ortaya qoyduğu elmi suallara və ya sosial inkişafın təhdidlərinə cavab verə bilməyən İranın din xadimləri başa düşürlər ki, heç bir müsəlman dövləti tamamilə Quran ayələri əsasında idarə olunmur.

"Bu, teosofik baxımdan mümkün deyil. Ən qəribəsi də budur ki, İranın din xadimləri onları indiki məqama, indiki qazanca çatdıran şiəliyə xəyanət edirlər. O şiəlik ki, onu İranda azərbaycanlı Şah İsmayıl Xətai yayıb. Şah İsmayıl Xətainin dövründə Azərbaycan dili indiki Azərbaycan Respublikası və İran İslam Respublikasının əraziləri də daxil olmaqla daha böyük ərazidə rəsmi dövlət dili olub. Şah İsmayıl Xətai şiəliyin yayılması prosesini indiki Azərbaycan dilində aparıb. İranda bir dənə də olsun Azərbaycandilli məktəb yoxdur. İranda Azərbaycan dili əsl ayyətül-əl-allahdır. Başqa sözlə, Allah rəmzidir, nişanəsidir. Bu dili İranda Allah qoruyur ki, 400 ildən çox təzyiq altında qalmasına baxmayaraq, əhali o dili yaşadır", - politoloq bildirib.

Əhmədoğlunun sözlərinə görə, İranın "təbliğat maşınının" Azərbaycan dilində yayımladığı verilişlərə baxarkən, yerli əhali ilə təmasda olarkən başa düşürsən ki, dil özünü çox əla vəziyyətdə saxlayıb.

"Əhalinin dilimizə münasibəti həsəd aparılacaq dərəcədə yaxşıdır. İranın din xadimləri Azərbaycan dilinin gətirdiyi şiəliyin çörəyini yeyərkən, halal-haramı yada salsınlar, qazandıqlarının bir qismini İran İslam Respublikasında Azərbaycandilli məktəblərin açılmasına xərcləsinlər. İranlı din xadimləri nəinki halal-haramı tanımır, hətta ədəb-ərkanın əleyhinə çıxır", - politoloq bildirib.

Xəbər lenti

Xəbər lenti