...

Azərbaycan və Yaponiya arasında yeni infrastruktur layihələri ola bilər – səfir (MÜSAHİBƏ)

Siyasət Materials 5 Noyabr 2011 14:14 (UTC +04:00)
Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gursel İsmayılzadənin Trend-ə müsahibəsi
Azərbaycan və Yaponiya arasında yeni infrastruktur layihələri ola bilər – səfir (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gursel İsmayılzadənin Trend-ə müsahibəsi

- Cənab səfir, siz Azərbaycanı Yaponiyada təmsil edirsiniz. Ölkəmizlə Yaponiya arasında mövcud olan əlaqələri necə xarakterizə edərdiniz? Əməkdaşlığın hansı sahələri daha perspektivlidir?

- Azərbaycan Respublikası Yaponiya ilə ikitərəfli əlaqələrə böyük əhəmiyyət verir. Möhkəm siyasi əlaqələrə malik olan Azərbaycan və Yaponiya müxtəlif sahələrdə əməkdaşlıq edir və bu əməkdaşlıq yüksələn şəkildə və dinamik inkişaf edir. İki dövlət arasında diplomatik əlaqələr 1992-ci il 7 sentyabrda qurulmuşdur və gələn il biz Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının iyirminci ildönümünü qeyd edəcəyik.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il fevral ayının 24-28-də rəsmi səfəri iki dövlət arasında əlaqələri keyfiyyətcə yeni müstəviyə çıxarmış və AR Prezident İlham Əliyevin 2006-cı il mart ayının 7-10-da Yaponiyaya rəsmi səfəri bu əlaqələrin inkişafına yeni bir təkan vermişdir.

Bir sözlə, ölkələrimiz arasında mövcud olan əlaqələr qarşılıqlı hörmət, maraq və dostluğa əsaslanır. Eyni zamanda, burada Azərbaycan və Yaponiya arasında beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edildiyini vurğulamaq istərdim.

- Dövlətlərin əksəriyyəti ilk növbədə Azərbaycanın neft sektoruna sərmayə yatırır, Yaponiya isə bunu, fərq qoymadan demək olar ki, bütün sahələrdə edir. Yaxın zamanda Azərbaycanda hansı yeni layihələr həyata keçiriləcək? Eyni zamanda, hansı yeni sahələrdə əməkdaşlığı gözləmək olar?

- Hesab edirəm ki, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Əlbəttə, bizim iqtisadi sahədə əlaqələrimiz yalnız enerji sektoru ilə bitməməlidir və qeyri-neft sektorunda da əməkdaşlıq etməliyik.

Turizm sahəsində Yaponiya ilə əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanlar mövcuddur. Turizm sahəsində əlaqələrin inkişafı üçün Yaponiya ictimaiyyəti arasında ölkəmiz haqqında ətraflı məlumatların yayılması mühüm əhəmiyyət kəsb edir. Bu mənada, səfirlik Yaponiya KİV-i ilə fəal iş aparır, mütəmadi olaraq müxtəlif mətbu orqanlarda Azərbaycan haqqında məqalə və müsahibələr dərc edilir. Mənə belə gəlir ki, məhz Yaponiya KİV-i ilə həyata keçirilmiş sıx əməkdaşlıq nəticəsində bu il Azərbaycana səfər edən Yaponiya vətəndaşlarının sayında keçən illə müqayisədə 3 dəfə artım müşahidə olunur.

Bundan başqa, ekologiya, kommunikasiya, kənd təsərrüfatı, təhsil sahələrində geniş əməkdaşlığın vacibliyini vurğulamaq lazımdır. Yaponiyanın infrastruktur və nəqliyyat sahələrində böyük təcrübəsini nəzərə alaraq, Azərbaycanda sürətli qatarlar üçün dəmir yolu tikilməsi, asma körpülərin salınması və sürətli yol sahəsində həyata keçiriləcək müxtəlif layihələrdə yapon şirkətlərinin iştirakı məqsədəuyğun olardı.

Nəzərinizə çatdırmaq istərdim ki, cari ilin 22-23 noyabr tarixində Bakıda Azərbaycan-Yaponiya müştərək iqtisadi komissiyasının növbəti iclası keçiriləcəkdir. Həmin iclasla bağlı Yaponiya şirkətləri tərəfindən artıq konkret təkliflər daxil olur və ümid edirəm ki, qarşılıqlı maraq doğuran layihələr üzrə real nəticələr əldə olunacaqdır.

Məlum olduğu kimi, Azərbaycanla Yaponiya arasında enerji sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Yaponiya şirkətləri - İTOCHU və İNPEX "Azəri-Çıraq-Günəşli" və "Bakı-Tbilisi-Ceyhan" layihələrində paya sahibdirlər. Ölkəmizdə irimiqyaslı infrastruktur layihələri yerinə yetirilir və həmin layihələrin icraçıları arasında biz Yaponiya şirkətlərini daha fəal görmək istəyirik. Əvvəl qeyd etdiyim kimi, körpü, yol çəkilişi sahəsində yaponlar dünyada ən qabaqcıl təcrübə və biliklərə malikdirlər. Bunu nəzərə alaraq artıq bir neçə Yaponiya şirkətinin nümayəndələrinin ölkəmizə səfəri təşkil edilmiş, aidiyyəti qurumlarda görüşlər keçirilmişdir. Ümid edirik ki, yaxın gələcəkdə digər ölkələrin şirkətləri ilə yanaşı, Yaponiya şirkətləri də ölkəmizin infrastruktur layihələrində yaxından iştirak edəcəklər.

- Azərbaycan neftinin Cənub-Şərqi Asiyanın bazarlarına fəal şəkildə daxil olduğu bir şəraitdə Azərbaycan və Yaponiya arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığı necə dəyərləndirirsiniz?

- 11 mart təbii fəlakəti nəticəsində Yaponiyanın "Fukuşima-1" nüvə stansiyasında baş vermiş qəzadan sonra ölkənin enerji siyasətinə yenidən baxılır və yaxın gələcəkdə nüvə enerjisindən istifadənin tədricən azalacağı, bunun əvəzinə digər enerji mənbələrinə üstünlük veriləcəyi gözlənilir. Bu səbəbdən yaxın gələcəkdə Yaponiyanın neft və qaz idxalını artıracağı ehtimal olunur. Azərbaycan tərəfi bu sahədə əməkdaşlıq etməyə hazır olduğunu bildirmişdir. Bu, həmçinin bizim neft-qaz resurslarımızın ixracının diversifikasiyası baxımından faydalı olardı.

Xəbər lenti

Xəbər lenti