...

İnfoimperializm ən yeni imperializm növü kimi

Siyasət Materials 8 Yanvar 2013 11:34 (UTC +04:00)
İmperializmdən bəhs edərkən, ilk növbədə, fərqli keyfiyyətlərin daşıyıcısı qismində çıxış edən müxtəlif imperializm və ya imperialist siyasət növlərini səciyyələndirmək lazımdır.
İnfoimperializm ən yeni imperializm növü kimi

Hikmət BABAOĞLU - "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru

İnfoimperializm: mahiyyəti və əsasları

İmperializmdən bəhs edərkən, ilk növbədə, fərqli keyfiyyətlərin daşıyıcısı qismində çıxış edən müxtəlif imperializm və ya imperialist siyasət növlərini səciyyələndirmək lazımdır. Nəzərə alsaq ki, bəşəriyyət dinamik inkişaf tempinə malik olan sistem və ya platformadır, onda qeyd edə bilərik ki, müasir kibertexnologiyaların və yaxud texnoloji innovasiyaların gətirdikləri xüsusiyyətlər və keyfiyyətlər cəmiyyət daxilində, eləcə də, müasir beynəlxalq münasibətlər sistemində əhəmiyyətli dəyişikliklər etmək gücündədir. Eyni zamanda, fərqli xüsusiyyət və keyfiyyətlərin daşıyıcısı qismində çıxış edən hərbi, siyasi və mədəni imperializm yuxarıda sadalanan dəyişikliklərin fonunda öz funksiya və missiyalarını yerinə yetiriblər. Amma bununla belə, kapital mahiyyət etibarilə irticaçı olduğu üçün daim yeni bazarlar axtarır. Həmçinin, kapital bu bazarların münbit, əlverişli, idarəolunan və sabit olmasını tələb edir. Belə olan halda, imperialist güclər imperializmin substratı olan kapitalizmin inkişafı üçün, heç şübhəsiz ki, yeni metod və vasitələr axtarışına çıxıblar. Bunun fonunda isə əqli və idraki inkişafın son mərhələsində kapital, demək olar ki, klassik kapitalizmin hüdud və sərhədlərini zorlayaraq ən müasir dövrdə özünə məqbul qəlib və forma tapmağı bacarıb. Biz imperializmi qidalandıran kapitalizmi bütün növ qəlib və formalara uyğun gələn su ilə müqayisə edə bilərik. Başqa sözlə, kapital elastik, çoxşaxəli və istənilən konfiqurasiyaya uyğun gəlmək xüsusiyyətinə malikdir. Amma təyinat etibarilə vahiddir. Kapitalın əsas funksiyası gəlir əldə etmək və istismara yönəlməkdir.
Məlum olduğu kimi, Marksizm nəzəriyyəsində kapitalizm istismarçı quruluş və irtica kimi səciyyələndirilirdi. Amma sonrakı dövrdə kapitalizmə qarşı ümumi loyal münasibət formalaşdırıldı. Buna baxmayaraq, hazırki nəzəriyyəçilər və araşdırmaçılar belə bir qənaət ifadə edirlər ki, Karl Marksın kapitalizmlə bağlı səsləndirdiyi fikirlər bu quruluşun əsaslarını, hətta iç üzünü olduqca adekvat surətdə əks etdirmişdir. Eyni zamanda, qeyd edə bilərik, Marksizm nəzəriyyəsində ifadə olunan tezis və fikirlər ənənəvi və modern beynəlxalq münasibətlər sisteminin əsaslarını dəqiq şəkildə ifadə etmişdir. Nəzərə alsaq ki, müasir beynəlxalq siyasi münasibətlər və proseslər realizmə söykənir və güc nəzəriyyəsinə əsaslanır, məhz bu zaman kapitalın nə qədər böyük güc olduğu qənaətinə gələ bilərik. Bu baxımdan, kapital varsa, deməli, kapitalizmlə yanaşı imperialist siyasət də var. Ümumiyyətlə, kapitalizmlə imperializm eyni mənbədən qidalanırlar. Bəzi araşdırmaçılar iddia edirlər ki, imperializm kapitalizmin məhsuludur və yaxud son mərhələsidir. Hətta bir sıra nəzəriyyəçilər kapitalizmlə imperializmi eyniləşdirirlər. Amma qeyd etmək lazımdır ki, kapitalizm və imperializm vəhdətdədirlər, biri digərini qidalandırır, yaxud biri digərinin mövcudluğunu şərtləndirir. Beləliklə, bir-birilə vəhdətdə olan bu iki siyasi-iqtisadi faktor intellektual amillə birləşərək beynəlxalq münasibətlər sistemində spesifik iyerarxiya formalaşdırmağı bacarır və diktə edən tərəf kimi çıxış edir. Buradan da yeni siyasət növünü səciyyələndirən modern bir anlayış meydana çıxır: ən yeni imperializm. Əlbəttə ki, bunu neoimperializmdən fərqləndirmək lazımdır. Belə ki, ən yeni imperializm daha çox informasiya resursları və idarəetməsi üzərində qurulduğu üçün onu infoimperializm kimi səciyyələndirmək doğru olardı. Çünki infoimperializm çərçivəsində idarəetmə və istismar ənənəvi hərbi, iqtisadi, mədəni vasitələrlə deyil, məhz informasiya vasitəsilə həyata keçirilir. Bunun üçünsə modern kibertexnologiyaların yaratdığı imkanlardan maksimum istifadə edilir.

İnfoimperializm adlandırdığımız (H.B.) yeni beynəlxalq siyasi sistem inkişaf prosesində olduqca maraqlı, ancaq eyni zamanda, proqnozlaşdırılması xeyli çətin olan problemlər də gətirir. Bu problemlər cəmiyyətin ən ağılagəlməz sahələrinə nüfuz etməklə bir sıra hallarda yeni keyfiyyət dəyişikliklərinə, əksər hallarda isə dəhşətli aşınmalara gətirib çıxarır. Aşınma əsas etibarilə mənəvi sferada baş verir və bu o dərəcədə güclü təsirə malik olur ki, millət və xalq anlayışlarının ifadə etdiyi məzmuna belə, köklü şəkildə təsir göstərir. Yeni qlobal sosial piramida yaradır. Bu piramida isə klassik milli-etnik piramida deyil, infokultroloji (H.B.) piramida şəklində ortaya çıxır.

İnfrokultroloji piramidanın formalaşması isə milli dövlətləri beynəlxalq münasibətlərin aktoru kimi ilkin mərhələdə zəiflədir, sonrakı mərhələdə isə tamamilə sıradan çıxarıla bilmə ehtimalını gücləndirir. Milli aktorların zəifləməsi isə infoimperializimə xidmət edən qloballaşmanı gücləndirir. Beləliklə, infoimperialzim yeni qlobal infokratiyanı (H.B.) infoekratiya isə yeni infoelitanı (H.B.) şərtləndirir. Nəticə etibarilə bəşər tarixində bu vaxtadək müşahidə edilməmiş yeni və dəhşətli bir indentiklik formalaşır. Bu milli-etnik və dini identiklikdən köklü şəkildə fərqlənən, eyni zamanda, bu identikliyi rədd edən infoidentiklikdir (H.B.). İnfoidentiklik qloballaşmanın sosial bazasını formalaşdıran yeni növ, infoidentik (şəxsiyyəti və dünyagörüşü milli-mənəvi dəyərlər əsasında deyil, qəbul etdiyi informasiya əsasında formalaşan yeni insan) insan yaratmaqla infoimperializmi təmin edən intellektual resurs rolunu oynayır.

İnfoimperializmin sürətlə təşəkkül etməsi üçünsə media (bütün növ, əsas etibarilə isə sosial media) əvəzsiz rol oynayır.

Müəllifə aid olan və ilk dəfə politoloji leksikona daxil edilən terminlərin izahlı şərhi:

İnfoimperializm - informasiya resursları və idarəetməsi üzərində qurulan, idarəetmə və istismarın ənənəvi hərbi, iqtisadi, mədəni vasitələrlə deyil, məhz informasiya vasitəsilə həyata keçirildiyi siyasət növü. Bu siyasət növü modern kibertexnologiyaların yaratdığı imkanlardan maksimum istifadə edilməsi ilə səciyyələndirilir. İnfoimperializmin silahı qismində sosial media, "facebook", "twitter" kimi sosial şəbəkələr, transmilli medianın digər resursları və bütün növ manipulyativ internet mənbələri çıxış edir.

İnfoidentiklik - milli-etnik və dini-mədəni identikliyi sıradan çıxaran informasiya resurslarından istifadə nəticəsində yaranan və məhz əldə olunan informasiya əsasında formalaşan dəyərlərin yaratdığı identiklikdir.

İnfokratiya - bu, elə bir hakimiyyətdir ki, burada hakimiyyətin mənbəyi qismində insanlar yox, virtual platformada dövriyyəyə buraxılan informasiya çıxış edir. Bu hakimiyyət növü informasiyaya institusional forma verilərək təsis edilmişdir.

İnfokulturoloji piramida - bu sosial piramida cəmiyyətin klassik sosio-mədəni və milli-etnik strukturunu dağıdan və informasiya vasitəsilə mənimsənilən dəyərlər əsasında yeni cəmiyyətdaxili struktur formalaşdıran özünəməxsus sistemdir. İnfokulturoloji piramidanın formalaşdığı cəmiyyətlərdə milli-mədəni dəyərlər, demək olar ki, iştirak etmir.

İnfoelita - informasiya resursları vasitəsilə infokratiya yaratmış xüsusi hakimiyyət elitası.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti