...

İran 2013-cü ildə Azərbaycanla olan münasibətlərini dəyərləndirdi

Siyasət Materials 6 Yanvar 2014 12:01 (UTC +04:00)
2013-cü ildə Azərbaycan və İran münasibətiləri 2012-ci illə müqayisədə yüksələn temp üzrə inkişaf etdirilib və iki ölkə rəhbərlərinin fəaliyyəti nəticəsində siyasi, iqtisadi və mədəniyyət sahəsində əlaqələrin inkişafı daha da sürətləndirilib.
İran 2013-cü ildə Azərbaycanla olan münasibətlərini dəyərləndirdi

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir T.Cəfərov/

2013-cü ildə Azərbaycan və İran münasibətiləri 2012-ci illə müqayisədə yüksələn temp üzrə inkişaf etdirilib və iki ölkə rəhbərlərinin fəaliyyəti nəticəsində siyasi, iqtisadi və mədəniyyət sahəsində əlaqələrin inkişafı daha da sürətləndirilib. Trend-in məlumatına görə, bu sözləri İranın Azərbaycandakı səfiri Möhsin Pakayin İran KİV-lərinə dərc etdiyi məqaləsində qeyd edib.

Səfir deyib ki, 2012-ci ildə münasibətlər enişli-yoxuşlu olub və bəzi zamanlar münasibətlər gərginləşsə də, lakin 2013-cü ildə vəziyyət hər iki ölkə rəhbərləri tərəfindən idarə olunub və qarşılıqlı inam və əlaqələrdə sabitlik yaranıb.

M.Pakaiyin əlavə edib ki, Azərbaycanın Prezident Administrasiyasının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyevin İrana səfəri və bu səfərdə siyasi və təhlükəsizlik sahəsində əldə olunmuş razılıqlar iki ölkənin əlaqələrinin inkişafında ciddi istəyin olduğunun göstəricisidir.

Səfir, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyətinin İrana səfərini iki ölkənin münasibətlərində yeni səhifə kimi dəyərləndirib.

M.Pakayin İranda və Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi baş tutmuş bu iki səfərin əlaqələrin inkişafında və anlaşılmazlıqların həllində böyük rol oynadığını vurğulayıb.

M.Pakayin bildirib ki, 2013-cü ildə İran və Azərbaycan arasında ticarət mübadiləsi 23 faiz artıb: "Çamadan ticarəti, turizm, tranzit, enerji mübadiləsi və texniki xidmətlərdən əldə olunan gəlirlərin hesablanması ilə iki ölkə arasında ticarət mübadiləsi 1 milyard dollara çatıb".

Onun sözlərinə görə, iki ölkə arasında ticarət mübadiləsinin artırılması üçün potensial mövcuddur və görülmüş işlər nəticəsində 2014-cü ildə iki ölkə arasında ticarət mübadiləsi daha da artacaq.

M.Pakayin iki ölkənin parlamentləri arasında da 2013-cü ildə münsibətlərində müsbət dəyişikliklərin olduğunu bildirib.

Səfir əlavə edib ki, 2013-cü ildə müxtəlif dövrlərdə İran Parlamentinin nümayəndələrinin Azərbaycana səfəri, burada keçirdiyi görüşlər və eləcə də Azərbaycan Parlamentin nümayəndələrinin İrana səfəri və İranın Ali lideri Ayətullah Xamenei ilə görüşləri ikitərəfli əlaqələrin güclənməsinə səbəb oldu.

M.Pakayin 2013-cü ili iki ölkənin mədəniyyət sahəsində əlaqələrinin də yüksək templə inkişaf etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti