...

Azərbaycan heç bir Ukrayna vətəndaşına qaçqın statusu verməyib

Siyasət Materials 12 Fevral 2015 15:52 (UTC +04:00)
Azərbaycanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsi altında 1700 qaçqın və sığınacaq axtaran şəxs var.
Azərbaycan heç bir Ukrayna vətəndaşına qaçqın statusu verməyib

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsi altında 1700 qaçqın və sığınacaq axtaran şəxs var. Bu barədə Trend-in informasiya sorğusuna cavab olaraq BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyindən məlumat veriblər.

Nümayəndəlikdən bildiriblər ki, qaçqın statusunun alınması məsələsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edilməsi tövsiyə olunur: "Çünki Ukraynadan gələnlər BMT QAK-a deyil, yalnız Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edirlər. BMT QAK-da olan məlumata görə, Azərbaycan hökuməti hələlik heç bir Ukrayna vətəndaşına qaçqın statusu verməyib. Məlum olduğu kimi, Ukrayna vətəndaşları Azərbaycanda qalmanın digər formaları üçün də müraciət edə bilərlər və bu baxımdan DMX daha çox məlumata malikdir".

Nümayəndəliyin məlumatına əsasən, Suriya və İraqda baş verən münaqişələr səbəbindən də ölkələrini tərk edərək Azərbaycana gələn insanlar var: "Lakin BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi onların buraya gəlməsinin dəqiq səbəbi ilə bağlı fikir söyləmək iqtidarında deyil. BMT QAK-da olan məlumata görə, DMX indiyədək yalnız bir iraqlı ailəni qaçqın kimi tanıyıb".

BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi bəyan edir ki, Azərbaycandakı xarici vətəndaşlara qaçqın statusu DMX tərəfindən verilir. BMT QAK-ın rolu Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyasının hökumətlər tərəfindən icrasına nəzarət etməkdən və beynəlxalq himayəyə ehtiyacı olan insanların hüquqlarının qorunmasına əmin olmaqdan ibarətdir. Buraya irqinə, dininə, milli mənsubiyyətinə, siyasi baxışlarına və ya hər hansı sosial qrupa aid olmasına görə təqibə məruz qalan insanlarla yanaşı, silahlı münaqişələrdən qaçanlar da daxildir.

Nümayəndəlik qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində bu kateqoriya insanların himayəsi üçün heç bir müddəa nəzərdə tutulmasa da, ölkə onları geri qaytarmamaqla bağlı beynəlxalq öhdəlik daşıyır: "Bu qrup üçün bütün Avropa ölkələri öz qanunvericiliyində xüsusi status müəyyən edib. DMX həmçinin Çeçenistandan olan qaçqınların vəsatətlərini qəbul etməkdən imtina edir. DMX tərəfindən imtina edilmiş bəzi şəxsləri BMT QAK öz mandatına uyğun olaraq qaçqın kimi tanıyıb və onlara müvafiq sənədlər verib. Miqrasiya Məcəlləsi BMT QAK-ın himayəsində olan şəxslərin yaşadıqları yer üzrə qeydiyyatı üçün müddəa nəzərdə tutur və həmin şəxslərin ölkədə qalmasına icazə verilir. Lakin, təəssüf ki, onlara heç bir hüquqi status verilməyib və onlar qanuni əsaslarla işləyə bilməzlər. Onların əksəriyyəti yoxsul insanlardır. Azərbaycanda BMT QAK-ın himayəsi altında 1700 qaçqın və sığınacaq axtaran şəxs vardır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti