...

Arzu Nağıyev: "Xəzərin təhlükəsizlik və sülh dənizinə çevrilməsi hər bir dövlətin birinci marağıdır" (MÜSAHİBƏ) (VİDEO)

Siyasət Materials 10 Mart 2015 11:13 (UTC +04:00)
Martın 4-5-də Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiyanın hazırlanması üçün Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun 39-cu iclası keçirilib.
Arzu Nağıyev: "Xəzərin təhlükəsizlik və sülh dənizinə çevrilməsi hər bir dövlətin birinci marağıdır" (MÜSAHİBƏ) (VİDEO)

Azərbaycan, Bakı, 10 mart /Trend/

Martın 4-5-də Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiyanın hazırlanması üçün Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun 39-cu iclası keçirilib. İclasda bütün sahilyanı dövlətlərin nümayəndə heyətləri təmsil olunub və iclasdan sonra çox nikbin bəyanatlar səslənib. Bu toplantı, ümumiyyətlə, Xəzərin hüquqi statusunun müəyyən edilməsi prosesi barədə Region TV-nin suallarını həftənin qonağı - Trend Beynəlxalq İnformasiya Agentliyinin icmalçısı Arzu Nağıyev cavablandırıb.

- Arzu müəllim, Xəzərin statusu ilə bağlı növbəti danışıqlar martın 4-5-də Bakıda keçirildi. Bu danışıqlar barədə sizin fikirlərinizi bilmək istərdik.

- Bu görüşdən əvvəl dövlət başçılarının Həştərxan görüşü keçirilmişdi və o sammitdə müəyyən nəticələr əldə olunmuşdu. Bu sammitin nəticələri barədə müzakirənin aparılması üçün və gələcəkdə dövlət başçıları tərəfindən qəbul olunacaq konvensiyanın müddəalarının həyata keçirilməsi üçün mütəmadi olaraq bu işçi qrupları görüşür. Məhz martın 4-də və 5-də Bakıda işçi qrupunun görüşü oldu və həmin görüş dediyimiz konvensiyanın hazırlanması üçün və gələcəkdə Astanada keçiriləcək dövlət başçılarının sammitinə hazırlıq xarakteri daşıyırdı.

- İşçi qrupunun növbəti görüşünün yaxın 1-2 ay ərzində Tehranda keçirilməsi ilə bağlı qərar qəbul olundu və bu görüşün yekununda vurğulandı ki, danışıqlarda intensivlik artırılmalıdır. Ümumilikdə bu görüşlərin intensivliyinə baxsaq, düşünmək olarmı ki, proses artıq yekuna doğru gedir?

- Bəli, xarici işlər nazirinin müavini, eyni zamanda, işçi qrupun rəhbəri Xələf Xələfovun da qeyd etdiyi kimi, Bakıda keçirilən işçi qrupun iclasına son mərhələnin başlanğıcı da demək olar. Məlumdur ki, işçi qrupun iclasında Rusiya, Qazaxıstan, Türkmənistan, İran və Azərbaycan nümayəndələri iştirak edirlər. Və bu işçi qrupun iclası hər bir dövlətin ərazisində keçirilib. Belə bir işçi qrupunun iclası məhz Astana sammitinə hazırlıq kimi İranda da 1-2-ay müddətinə keçirilməlidir.

- Ümumilikdə işçi qrupların görüşləri dövlət başçılarının sammitinə hazırlıq məqsədi daşıyır. Xarici işlər nazirinin müavini Xələf Xələfov da vurğuladı ki, bu görüşlərdən sonra artıq 2016-cı ildə keçirilməsi planlaşdırılan Astana görüşü sonuncu ola bilər...

- Qeyd edim ki, bu, işçi qrupunun 39-cu iclasıdır. Son 20 ildə işçi qrupları bu məsələ üzərində çalışır, gərgin əmək sərf edirlər. Baxmayaraq ki, 20 il əvvəl keçirilən görüşlərdə bugünkünə baxanda primitivlik var idi. Ancaq bu gün çox konkret məsələlər ortaya qoyulur, eyni zamanda, təhlükəsizlik məsələsindən başlamış, son bioresursların bölünməsi, Xəzərin təkinin təhqiqatına qədər məsələlər ortaya qoyulur. Yəni keçmiş görüşlərlə bugünkülər arasında müəyyən fərqlər var, eyni zamanda, bu görüşlər get-gedə öz intensivliyini artırır və yəqin ki, Astanada olan görüş bu konvensiyanın qəbul olunması ilə nəticələnə bilən bir sammit ola bilər.

- İşçi qrupun Bakı görüşündə belə bir fikir səsləndirildi ki, artıq konvensiyanın nəzərdə tutduğu 6 maddə üzrə razılıq əldə olunub...

- Ümumiyyətlə, Xəzərin statusu ilə bağlı bu 5 dövlətin arasında müəyyən mübahisə doğuran məsələlər mövcud olub və olmaqdadır. Bu gün həmin 6 məsələ üzrə nəzərdə tutulmuş müddəaların qəbul edilməsi böyük irəliləyişdir. Bu, ilk növbədə təhlükəsizlik məsələsidir. Məlumdur ki, Xəzərdə ümumiyyətlə, təhlükəsizliyin təmin edilməsi labüd məsələlərdən biridir. Yəni ki, isər təbii sərvətlərdən istifadə və digər məsələlərin həlli üçün təhlükəsizlik məsələsi birincidir. İkinci məsələ kimi bioresurslardan istifadə, üçüncü məsələ ekologiya, dördüncü məsələ Xəzərin səthində olan resursların bölgüsü məsələsi və bunun kimi 6 müddəa var. Bunların da qəbul edilməsi böyük irəliləyişdir. Yəqin ki, bu qəbul olunan məsələlər Astana sammitində konvensiyanın qəbul olunmasında istifadə ediləcəkdir.

- Xəzər dənizi ilə bağlı razılaşdırılmayan məsələlərin hansılar olduğunu sadalayardınız...

- Razılaşdırılmayan məsələlər ümumi Xəzərin statusu məsələsidir. Xəzər dəniz kimi və ya göl kimi bölünməlidir. Bölünmə məsələsində isə Xəzərin tək səthindən başqa dibində olan resurslar da bölünməlidir. Məlumdur ki, Türkmənistanla bizim öz aramızda yataqlar var, eyni zamanda, İran tərəfini razı salmayan məsələlərdən biri dənizdə xarici şirkətlərin işlərinin olmasıdır. Qazaxıstan və Rusiya ilə elə bir problemli məsələmiz yoxdur. Yəni hər dövlətin öz arasında Xəzərin resurslarından istifadə edilmə və təhlükəsizlik məsələləri var. Məhz buna görə də bu məsələ bu cür uzanmaqdadır və bu cür diqqət yetirilən məsələdir.

Xəzərin statusu ilə bağlı Astana sammitində müvafiq konvensiya imzalansa, eyni zamanda, Xəzərin statusu haqqında qərar qəbul olunsa, əlbəttə, bu, hər şeydən əvvəl Xəzər dənizində 5 ölkənin hərtərəfli resurslardan istifadəsinə gətirib çıxarar. Məlumdur ki, Xəzər dənizində qaz və neft yataqları var. Və Xəzəryanı ölkələrin həmin resurslardan istifadə edərək dünya bazarlarına çıxmaq marağı var. Bunlar ümdə məsələlərdən biridir. Eyni zamanda, Azərbaycan ərazisində Bakı-Tbilisi-Qars dəmiryolu xəttindən həmin Xəzəryanı dövlətlər istifadə edə bilər. Burada da Bakıda yeni böyük dəniz limanın hazırlığı göz qabağındadır və bu məsələlərdən bütün dövlətlər yararlana bilərlər.

- İdeoloji və siyasi baxımdan fərqlənən Xəzəryanı ölkələr dənizi sülh simvoluna çevirmək istəyirlər...

- Düzdür, sülhə nail olmaq üçün hamının razılığı olmalıdır. Eyni zamanda, hamını razı salan ortaq məxrəcə gəmək lazımdır ki, bu razılıq əldə olunsun və Xəzər sülh dənizinə çevrilsin.

- Yekun sənəd nə qədər tez imzalanarsa, region ölkələri üçün də o qədər əhəmiyyətli olar. Çünki, ümumilikdə baxdıqda burada Azərbaycan həmin ölkələrin qərbə çıxışıdır...

- Cənab Prezidentin Türkiyə səfərində müzakirə olunan məsələlərdən biri məhz Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə Xəzəryanı dövlətlərin, o cümlədən dəniz vasitəsilə Türkmənistanın, Qazaxıstanın, bundan əlavə, Çindən Orta Asiya vasitəsilə Xəzər dənizinə gəlib Azərbaycan limanına daxil olan mal və digər məhsulların Avropaya çıxışının təxminən 2-4 gün kəsiyində həll oluna bilməsi idi. Məhz buna görə də bu gün Xəzərin təhlükəsizlik və sülh dənizinə çevrilməsi hər bir dövlətin birinci marağıdır. Təhlükəsizlik məsələsi həqiqətən də vacibdir. Son zamanlar regionda baş verən məsələlərlə bağlı Xəzər dənizində keçirilən hərbi təlimlər və bu təlimlərə müxtəlif münasibətlər, eyni zamanda, həmin Xəzərətrafı dövlətlərin o təlimləri birmənalı qarşılamaması məsələləri var. Bütün bu status, təhlükəsizlik məsələləri həll edildikdən sonra çox güman ki, məsələ bir az sakitləşər, dövlətlərin bir-birinə inamı daha da artar. Bu kontekstdən təhlükəsizlik məsələləri həqiqətən də vacidir.

- Xəzərin göl və ya dəniz kimi bölünməsində də fərq var. Maraqlıdır, hansı ölkələr Xəzərin göl kimi, hansılar dəniz kimi bölünməsini istəyir və bunların bir-birindən fərqi nədir?

- Dəniz kimi bölünəndə hərənin öz dənizyanı sahəsi olmaqla bərabər neytral sular da olur. Göl kimi bölünəndə isə hər sərhəddən müəyyən məsafədə, dəniz dili ilə desək, müəyyən mildə bölünməlidir və hərənin konkret ərazisi olur, artıq neytral sular olmur. Dəniz kimi bölünəndə həmin o neytral sularda müəyyən yataqlar, işlənəsi obyektlər, dənizdən keçəcək gəmilərin yolu və s. müxtəlif məsələləri var, hərə bu məsələni öz baxımında aparır, lakin bütün bunlarda ortaq məxrəcə gəlmək lazımdır. Mən düşünürəm ki, Xəzərin statusu dəniz kimi qalmalıdır. Azərbaycanın mövqeyi də məhz belədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti