Bakı. Trend:
"İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidovun Trend-ə müsahibəsi
- Azərbaycan Konstitusiyasında əlavə və dəyişikliklərlə bağlı səlahiyyətli nümayəndə kimi fikriniz necədir?
- Bu gün inkişaf edən dünya heç də stabil hərəkət etmir. Hətta mən deyərdim, o qədər sivilizasiya imkanları böyüyür ki, cəmiyyətin tələbləri daha da inkişaf edir. Bütün cəmiyyətlərin inkişaf meyarları günlərə, illərə, hətta saatlara görə dəyişə bilir. Azərbaycan cəmiyyəti də çox sürətlə inkişaf edən bir cəmiyyətdir. Əgər inkişaf varsa demək ki, təkmilləşdirmə mütləq olmalıdır. Azərbaycanda indiyədək iki dəfə referendum keçirilib. Məncə normal haldır. Əgər Fransa, ABŞ və bir çox dünya ölkələri bu təcrübəni çox geniş şəkildə yaşayıbsa, uzun illər keçərək daha çox təkmilləşdirməyə ehtiyac yaranırsa, niyə də bu olmasın? Eynilə Azərbaycan Konstitusiyasında bu gün dəyişikliklərin olmasını çox müsbət hal kimi qiymətləndirirəm. Bütün əlavə və təkliflərlə yaxından tanışam. Hətta bütün vətəndaşlara indiyədək müqayisəli təqdimatlar paylanıb. Demək olar ki, bir çox insanlar dəyişikliklərlə bağlı məlumatlıdır. Sürətli inkişaf edən Azərbaycanın regiondakı gücü, ictimai-siyasi sabitliyi və inkişaf tendensiyasında yeni tələblərə cavab verməsi bu gün Azərbaycan vətəndaşının hüquq və azadlığının tam şəkildə qorunması tələbi yaradır. Baxaq Azərbaycan regionda hansı gücə sahibdir və bu gün cəmiyyətin tələblərinə uyğun hansı qanunlarda çatışmazlıqlar var. Məhz bu səbəbdən ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə konstitusiyaya ediləcək əlavə və dəyişikliklər əsaslı ehtiyaclardır.
- Konstitusiyada edilən dəyişikliklərdə məqsəd nədir?
- Təbii ki, hər bir ölkənin konstitusiyası onun vətəndaş cəmiyyətində bütün balansları tənzimləyən mexanizm kimi görünür. Konstitusiya bütün qanun layihələrini də tənzimləyir. Yeni qəbul olunacaq bütün qanun layihələrinin hamısını son nəticədə ölkənin konstitusiyası müəyyənləşdirir. Belə ki, dəyişikliklər içərisində ümumilikdə 23 dəyişiklik və 6 yeni təklif yer alır. ABŞ hökümətində 229 il ərzində 27 dəfə referendum keçirilib və bütün qanunların tənzimlənməsində hələ boşluqların olduğunu görən hökumət on mindən çox qanun layihəsinin təklif edilməsi nəticəsində bu gün cəmiyyəti tənzimləyən mexanizm qura bilib. Bu təcrübə ancaq ABŞ üçün deyil, eyni zamanda bir çox Avropa ölkələri üçün də keçərli əhəmiyyət daşıyıb. Bunların içərisində daha çox böyük məqsədlər insanların hüquq və azadlıqlarının tam şəkil qorunmasıdır ki, bu dəyişikliklər ümumilikdə 60% dəyişiklik hissəsini təmin edir. Demək ki, məqsəd insan hüquq və azadlıqlarının qorunmasına təminat verən amillərin təkmilləşdirilməsi, səmərəli və çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılması, iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi, qanunvericilik hakimiyyətinin fəaliyyəti ilə bağlı yeni tələblərin müəyyən edilməsi, dövlət təhlükəsizliyinə və cəmiyyətdə sabitliyə əlavə təminatın yaradılmasıdır.
- Sizcə, bu dəyişikliklər xalq üçün, cəmiyyət üçün nə dərəcədə uğurlu olacaq?
- Bütövlükdə dəyişikliklər Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ölkənin sosial-iqtisadi, hüquqi islahatlar nəticəsində nail olduğu uğurların möhkəmləndirilməsi, hüquq normalarının bilavasitə ana qanunda təsbit edilməsi ilə onlara əməl olunmasının hüquqi əsaslarının gücləndirilməsi məqsədini güdür. Əvvəlki iki dəyişiklikdə olduğu kimi, hazırkı dəyişikliklər hazırlanan zaman da qabaqcıl ölkələrin təcrübəsi nəzərdən keçirilib, Azərbaycanın özünəməxsus inkişaf yolunun dayanıqlığının təmin edilməsi, ölkə üçün daha uğurlu idarəetmə modelinin düzgün seçimi hədəf kimi müəyyən olunub, stabil dövlət quruculuğunun təməlinin möhkəmləndirilməsi və onun qanunsuz müdaxilələrdən qorunması əsas vəzifə kimi qarşıya qoyulub.
- Aşağı yaş senzinin, belə deyək, yaş məhdudiyyətinin götürülməsi gənclərə nə kimi təsirlər edəcək?
- Əgər bizlər bu gün gənclərlə iş zamanı gənclərin bu gün daha çox kreativ, innovativ tələblərə cavab verdiyini görürüksə, çox normal bir haldır ki, gənc yaşlarında öz namizədini müəyyənləşdirən şəxs sabah özü də gənc kimi hansısa postda təmsil olunsun. Belə desək, Konstitusiyaya edilən dəyişikliklər blokunun ümumilikdə hər 3 blokunda gənclərin iştirakçılıq hüququna ciddi önəm verilib. Bu baxımdan gənclərin istər icra hakimiyyəti strukturlarında, istərsə də parlamentdə təmsilçiyi, gənclər hüquq və azadlıqlarının təmin olunmasında aliliyin qorunması məhz bu səbəbdən çox önəmli təklifdir. İcraedici strukturlarda gənclərin ideya məhsulunun olması Azərbaycanın gənc bir dövlət kimi daha çox yenilikçi ideyalarının təmin edilməsinə əsas yaradacağını düşünürəm.