Bakı. Trend:
Bölgələrdə kənd təsərrüfatına göstərilən diqqət və dövlət tərəfindən aparılan siyasət artıq gözəl nəticələrini verir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.
Dövlətimizin başçısı qeyd edib: “Çıxışlarda səslənən fikirlər, təkliflər təhlil ediləcəkdir. Bu təkliflərin icra edilməsi gələcək fəaliyyətimiz üçün də əhəmiyyət daşıyır. Bugünkü müşavirə bir daha onu göstərir ki, Azərbaycanda kənd təsərrüfatı prioritet sahə olaraq qalır və qalacaqdır. Eyni zamanda, qeyd etdiyim kimi, kənd təsərrüfatının şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi də qarşıda duran əsas vəzifələrdən biridir. Kənd təsərrüfatının bütün sahələri bizim üçün əhəmiyyətlidir. Biz ölkəmiz üçün ənənəvi olan sahələri dirçəldirik, bərpa edirik, yeni sahələr yaradılır. Bir sözlə, Azərbaycanda ərzaq təhlükəsizliyi və idxaldan asılılığın azaldılması məsələləri diqqət mərkəzindədir. Son illərdə bu istiqamətdə çox böyük nəticələr əldə edilmişdir. Bunu həm statistik göstəricilər, həm də real həyat göstərir. Son vaxtlar bütün bölgələrdə kənd təsərrüfatına göstərilən diqqət və dövlət tərəfindən aparılan siyasət artıq gözəl nəticələrini verir.
Qarşıya vəzifə qoyulur ki, ənənəvi olan sahələrin bərpası, dirçəldilməsi prosesi növbəti illərdə daha da sürətlə getsin və biz tezliklə bu ənənəvi sahələri bərpa edə bilək. Bu gün müzakirə mövzusu olan ənənəvi sahələrin bərpası artıq böyük bir canlanmaya gətirib çıxarıb. Bu siyasət fermerlər tərəfindən bəyənilir. Artıq yüzlərlə, minlərlə yeni iş yeri yaradılır. Vaxtilə baxımsız olan, istifadəsiz qalan torpaqlarda indi çəltikçilik, çayçılıq inkişaf etdirilir, insanlar işə cəlb olunublar. Beləliklə, biz kənd təsərrüfatının bütün sahələrini inkişaf etdirərək bir neçə məqsədə çatmış oluruq”.
İlham Əliyev bildirib ki, ölkəmizin iqtisadi potensialı artır, idxaldan asılılıq azalır, yeni iş yerləri, yeni sənaye müəssisələri yaradılır və Azərbaycan dünya bazarlarına öz keyfiyyətli məhsulunu təqdim edir:
“Onu da qeyd etməliyəm ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları çox keyfiyyətlidir, təbiidir, orqanikdir. Əlbəttə, xarici bazarlarda da bizim məhsullarımıza böyük maraq var. Biz öz məhsullarımızı xarici bazarlara daha da böyük həcmdə təqdim etmək üçün indi müxtəlif tədbirlər görürük. Azərbaycanın ticarət evləri yaradılır. Artıq birinci belə ticarət evi yaradılıb, növbəti evlərin yaradılması prosesi gedir. Müxtəlif ölkələrə ticarət missiyaları göndərilir. Mən də xarici səfərlərimdə və həmkarlarımı Azərbaycanda qəbul edərkən bu məsələləri daim qaldırıram ki, Azərbaycan məhsulları müvafiq ölkələrə ixrac edilsin. O ki qaldı, bu gün müzakirə etdiyimiz sahələrdən biri olan çayçılığa, hamımız yaxşı bilirik ki, Azərbaycanda çayçılığın çox böyük ənənələri var. Lənkəranda birinci çay fabriki 1930-cu illərdə yaradılmışdır. Çayçılığın sürətli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1970-ci ildə 8 min hektarda çay əkilirdisə, 1982-ci ildə təxminən 12 min hektarda çay əkilmişdir və çayın istehsalı 26 min tona çatmışdır. Burada da qeyd olundu, müəyyən səbəblər üzündən fermerlər, kəndlilər tərəfindən çayçılığa maraq azaldı, dövlət də öz dəstəyini göstərə bilmədi. Ona görə biz demək olar ki, çayçılığı itirmək ərəfəsində idik. Son illər ərzində bu sahəyə göstərilən xüsusi diqqət hesabına biz çayçılığı bərpa edirik və edəcəyik.
Hələ ki, min hektarda çay plantasiyaları əkilib. Bu, əlbəttə ki, əvvəlki dövrlə müqayisədə çox aşağıdır. Ancaq biz çay plantasiyalarını tədricən bərpa edəcəyik. Əsas vəzifələrdən biri də məhz bundan ibarətdir ki, yeni çay plantasiyaları salınmalıdır. Dövlət öz dəstəyini göstərməlidir, yerli icra orqanları fermerlərə dəstək verməlidirlər. Bu sahələr müəyyən edilməlidir. Çünki cənub zonasında boş qalan o qədər də böyük torpaq sahələrimiz yoxdur. Ona görə biz istifadəsiz qalan torpaq sahələrində, çayçılıq üçün münbit olan torpaqlarda plantasiyalar salmalıyıq. Eyni zamanda, çayçılığın inkişaf etdiyi dünyanın aparıcı ölkələrinin təcrübəsi də öyrənilməlidir. O ölkələrdə həm məhsuldarlıq çox yüksəkdir, eyni zamanda, onlar torpağın hər qarışından istifadə edirlər. Dağətəyi ərazilərdə, yamaclarda terras şəklində çay plantasiyaları salınır. Bu, eyni zamanda, sitrus meyvələrinin istehsalına da aiddir. Biz sitrusçuluğu da dağətəyi ərazilərdə, o cümlədən bu ərazilərdə inkişaf etdirməliyik. Müvafiq dövlət qurumları burada yeni çay plantasiyalarının salınması ilə bağlı təkliflərini tezliklə verməlidirlər. Əlbəttə, bu plantasiyaların su təminatı da təşkil edilməlidir. Davamlı su təminatı olmalıdır. Dünyanın ən qabaqcıl texnologiyaları tətbiq edilməlidir. Dünən çayçılıq təsərrüfatında olarkən mənə məruzə edildi ki, biz ən qabaqcıl texnologiyaları tətbiq etsək məhsuldarlığı bir neçə dəfə artıra bilərik. Bu, onu deməyə əsas verir ki, biz hətta məhdud olan torpaq sahələrində keyfiyyətli və böyük həcmdə çay istehsalına nail ola bilərik”.
Prezident vurğulayıb ki, çayçılıq intensiv şəkildə inkişaf etdirilməlidir: “Ötən əsrin 80-ci illərindən fərqli olaraq, bu gün bu sahə üzrə kənd təsərrüfatı elmi inkişaf edib. Qeyd etməliyəm ki, dünyanın ən qabaqcıl texnologiyaları Azərbaycanda tətbiq olunmalıdır. Astara rayonuna keçən səfərimdə “Astaraçay” müəssisəsində olmuşam. Bu dəfə də həmin müəssisənin plantasiyalarında olarkən məruzə edildi ki, onlar məhz bu yanaşmanı tətbiq edirlər, ən müasir texnologiyalar tətbiq olunur.
İri çayçılıq və tingçilik təsərrüfatı yaradılmalıdır. Əlbəttə ki, xüsusi texnika gətirilməlidir. İndi bu texnika var, gətirilir. Kənd Təsərrüfatı Nazirliyi növbəti illərdə xüsusilə çayçılıq, çəltikçilik, sitrusçuluq üçün xüsusi texnikanın alınmasını təmin etsin. Mən giriş sözümdə qeyd etdim ki, 10 min texnika gətirilib. Bu texnika daha çox pambıqçılığın inkişafına xidmət göstərəcək. Biz bunun hesabına pambığın əkin sahələrini təxminən 10 dəfə artırmışıq. Bu sahələr üçün də xüsusi texnika gətirilməlidir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli şərtlərlə kreditlər verilməlidir ki, bu işlər daha da sürətlə aparılsın”.
Dövlət başçısı xatırladıb ki, 2016-cı ildə ölkəmizə 12 min 600 ton çay idxal edilib: “Bu məqsədlər üçün ölkəmizdən 45 milyon dollar vəsait gedib. Eyni zamanda, keçən il 1100 ton çay ixrac edilib və ölkəmizə 6 milyon 100 min dollar məbləğində valyuta gəlib. Yəni, biz görürük ki, burada tarazlıq bizim xeyrimizə deyil. Biz çayı ixrac edirik. Ancaq daha çox idxal edilən xammal əsasında paketlənmiş, ya da qarışdırılmış çay ixrac edirik. Biz isə Azərbaycanda yetişdirilən çayı emal edib ixrac etməliyik. Belə olan halda, ölkəmizdən bu qədər valyuta getməyəcək. Başqa sahələrdə olduğu kimi, nəzərə alsaq ki, indi Azərbaycanda çayçılıq geniş vüsət alır, bir neçə çayçılıq təsərrüfatı yaradılır, hesab edirəm, Çay İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılması məsələsinə də baxmaq olar. Digər sahələrdə belə assosiasiyalar bizim tövsiyəmizlə yaradılıb. Onlar, əlbəttə ki, o sahələrin inkişafına xidmət göstərir.
Çəltikçiliyin inkişafına gəldikdə, qeyd etməliyəm ki, Azərbaycanın 12 rayonunda çəltikçilik inkişaf edir. Dünən mən Lənkəranda çəltikçilik təsərrüfatının işi ilə tanış olmuşam. Eyni zamanda, emal müəssisəsi də yaradılıb. Çıxışlarda səslənən təkliflərdən biri də ondan ibarətdir ki, dövlət dəstəyi hesabına yeni emal müəssisələri yaradılsın. Mən bunu dəstəkləyirəm. Bu emal müəssisələrində əlbəttə ki, həm çeşidləmə, həm keyfiyyət və həm də paketləmə üzrə ən yüksək texnologiya tətbiq edilməlidir. Paketləmə elə səviyyədə olmalıdır ki, düyünü dünyanın istənilən ölkəsinə ixrac edə bilək. Bu sahəyə də diqqət göstərilməlidir”.
İlham Əliyev əlavə edib: “Qeyd etməliyəm ki, çayçılıqdan fərqli olaraq, çəltikçilik son illər ərzində sürətlə inkişaf edib. Dövlət dəstəyi kifayət qədər yüksək olub. Bu sahəyə fermerlər tərəfindən də böyük maraq var. Çünki bu, çox gəlirli bir sahədir. Sadəcə olaraq, dövlət əlavə dəstəyin verilməsi ilə bu sahəni fermerlər üçün daha da cəlbedici edə bilər. Ümumiyyətlə, biz bütün təbii imkanlarımızdan istifadə etməliyik. Mən dünən Cəlilabad rayonunda bir paketləmə müəssisəsinin açılışında da olmuşam. Orada mərci, noxud paketlənir və satışa çıxarılır. Bu da çox gözəl və gəlirli bir sahədir. Əfsuslar olsun ki, biz bu gün də özümüzü bu məhsullarla təmin edə bilmirik və idxaldan asılıyıq. Ona görə, bu sahələrə də çox ciddi dəstək verilməlidir. Hər bir rayonun öz spesifik kənd təsərrüfatı inkişafı proqramı olmalıdır.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı keçən dəfə Masallıda olarkən məsələ qaldırdı ki, taxılçılığın o qədər də böyük səmərəsi yoxdur. Amma indi görün, bu çıxışında məruzə edir ki, digər sahələrin vətəndaşlar, fermerlər və dövlət üçün, ixrac üçün nə qədər böyük səmərəsi var. Ona görə, biz təbii iqlim şəraitindən düzgün istifadə etməliyik. Çünki Azərbaycanda demək olar ki, bütün kənd təsərrüfatı məhsulları yetişir. Bizim 9 iqlim zonamız var. Biz indi tropik meyvələrdən başqa istənilən kənd təsərrüfatı məhsulunu yetişdirə bilərik - meyvə, tərəvəz, tütün, üzüm, pambıq, gərzəkli meyvələr, çay, sitrus meyvələri. Ona görə, biz bu imkanlardan maksimum səmərə ilə istifadə etməliyik”.
Dövlət başçısı bildirib ki, 1991-ci ildə - müstəqilliyin ilk ilində 1000 hektarda çəltik əkilmişdisə, 2016-cı ildə bu, 2500 hektara çatmışdır və 5600 ton çəltik yığılmışdır: “Bu il isə 5 min hektarda çəltik əkilib. Yəni, keçən illə müqayisədə əkin sahələri iki dəfə genişləndirilib. Bu, çox müsbət haldır. Yenə də qeyd etməliyəm ki, fermerlər tərəfindən bu sahəyə çox böyük maraq var. Əgər əvvəlki dövrlərdə çəltikçilik çox əziyyətli bir sahə idisə, insanları çox incidirdisə, əziyyət verirdisə, bu gün artıq bu sahə tam avtomatlaşdırılıb. Dünən mənə çəltikçilik təsərrüfatında nümayiş etdirilən yeni texnoloji proses onu göstərir ki, çəltikçiliyin inkişafı əziyyətsiz də mümkündür - həm səpin, həm də yığım vaxtı. Ona görə, indi texnika gətirilib. Biz çəltikçiliyin artım dinamikasına uyğun xüsusi texnikanın alınması məsələsinə də mütləq baxmalıyıq.
Əkin sahələrinin su təminatı əlbəttə ki, çox vacibdir. Əfsuslar olsun ki, bu gün bizdə istifadəsiz olan, su altında qalan sahələr, bataqlıq sahələri var. Onlardan da çəltikçiliyin inkişafı üçün istifadə edilməlidir”.
Azərbaycan Prezidenti vurğulayıb ki, toxumçuluğa da fikir verilməlidir: “Burada bu məsələyə də toxunuldu. Bu da vacib məsələdir. Çəltikçiliyin inkişafı üçün də güzəştli şərtlərlə kreditlər verilməlidir və yeni, müasir düyü emalı müəssisələri yaradılmalıdır. Keçən il ölkəmizə 48 min ton düyü idxal edilmişdir və xaricə 37 milyon dollar getmişdir.
Sitrus meyvələrinin istehsalına gəldikdə, bu sahəyə də çox böyük diqqət göstərilir. Deyə bilərəm ki, bu sahədə də artım var. Misal üçün, 2000-ci ildə 1700 hektarda sitrus meyvələri əkilmişdisə, hazırda 2500 hektarda əkilir. Artım var, ancaq artım daha da sürətli ola bilər. Qeyd etməliyəm ki, dağətəyi ərazilərdə, yamaclarda terras üsulu ilə sitrus bağlarının salınması məsələlərinə baxmaq lazımdır. Əlbəttə ki, su təminatı olmalıdır. Məndə bəzi rəqəmlər var, hesab edirəm ki, fermerlər üçün maraqlı olar. Keçən il 470 hektarda limon, 255 hektarda portağal, 1700 hektarda naringi əkilmişdir. Yeni soyuducu kameralar yaradılmalıdır və sitrusçuluq üçün kiçik qabaritli xüsusi texnikanın gətirilməsi də mütləq lazımdır. Bu sahədə olan problemlərdən biri də mütəxəssis çatışmazlığıdır. Bizim Aqrar Elm Mərkəzində bu məsələyə baxılmalıdır, lazım olarsa ilkin mərhələdə xaricdən də mütəxəssislər cəlb edilməlidir ki, bu sahə sürətlə inkişaf etdirilsin.
Məlumat üçün qeyd etməliyəm ki, 2016-cı ildə ölkəmizə 17 milyon dollar dəyərində 27 min ton sitrus meyvələri idxal edilmişdir. Ondan 9 min tonu limon, 4600 tonu naringi, 12 min tonu portağal, 2 min tonu kivi olub. Mən bu rəqəmləri ona görə səsləndirirəm ki, sahibkarlar bunu eşitsinlər. Məhz ilkin mərhələdə Azərbaycanda bu qədər sitrus meyvələri yetişdirilməlidir ki, biz idxaldan asılılığı aradan götürək. İdxaldan asılılığı aradan götürmək üçün Azərbaycanda əlavə 27 min ton sitrus meyvələri istehsal olunmalıdır. Məndə olan məlumata görə, bizdə 2010-cu ildə 19 min ton, 2016-cı ildə isə 46 min ton sitrus meyvələri tədarük edilmişdir. Artım çox böyükdür - 6 il ərzində iki dəfədən çox. Bu, yaxşı dinamikadır, ancaq hələ ki, bizi tam qane edə bilməz”.
Dövlət başçısının sözlərinə görə, beləliklə, əgər bu üç sahənin ümumi idxal həcmini götürsək görərik ki, hər il ölkəmizə 45 milyon dollarlıq çay, 37 milyon dollarlıq düyü, 17 milyon dollarlıq sitrus meyvələri idxal olunur: “Bu da təqribən 100 milyon dollar deməkdir. Biz bu ənənəvi sahələri daxili istehsal hesabına inkişaf etdirsək, özümüzü təmin etsək bu məbləğə qənaət etmiş olarıq. Bu, birinci vəzifədir, birinci mərhələdir. Əsas məsələ ondan ibarətdir ki, biz böyük ixrac potensialı da yaradaq. Verilən tapşırıqlar yerinə yetirilməlidir. Belə olan halda biz bu məqsədə çatacağıq. Bununla paralel olaraq, biz bu məhsullar üçün ixrac bazarlarını da axtarmalıyıq. Çayçılığa gəldikdə, artıq bu bazarlar var. Sadəcə Azərbaycanda idxal olunan xammal əsasında daha çox çay istehsal edilir. O ki qaldı, sitrus meyvələrinin, düyünün istehsalına, əlbəttə ki, biz paralel olaraq ixrac bazarlarına çıxmalıyıq”.
İlham Əliyev qeyd edib ki, bütün bu işləri görmək üçün müvafiq dövlət orqanları birgə işləməlidir - Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti, yerli icra orqanları. İşlərin ümumi rəhbərliyini Prezident Administrasiyası icra edəcək:
“Bu müşavirə bir daha onu göstərir ki, bizim üçün kənd təsərrüfatının bütün sahələri böyük əhəmiyyət daşıyır. Son vaxtlar görülən işlər və keçirilən müşavirələr, mənim bölgələrə səfərlərim bir daha onu göstərir ki, biz düzgün yoldayıq. Biz qısa müddət ərzində özümüzü təminetmə əmsalını daha da artıracağıq. Azərbaycan öz keyfiyyətli məhsulu ilə dünya bazarlarına daha da böyük həcmdə çıxacaq. Beləliklə, ölkə iqtisadiyyatı çoxşaxəli istiqamətdə inkişaf edəcək. İdxaldan asılılıq minimum səviyyəyə düşəcək və yeni iş yerləri, istehsalat sahələri yaradılacaq ki, bunun Azərbaycan vətəndaşları üçün, dövlətimiz üçün böyük faydası var.
Mən əminəm ki, bu gün verilən bütün tapşırıqlar qısa müddət ərzində icra ediləcək. Qeyd etməliyəm ki, müşavirədə səslənən təkliflər bir daha təhlil olunmalıdır. Mənə konkret təkliflər verilməlidir ki, tezliklə bütün tapşırıqlar yerinə yetirilsin və bu sahələr sürətlə inkişaf etsin. Sağ olun”.