...

Politoloq: Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir

Siyasət Materials 22 Fevral 2019 09:55 (UTC +04:00)
Xalqın müxalifətə dəstəyi, inamı yoxdur. Azərbaycan xalqı Prezident İlham Əliyevi dəstəkləyir.
Politoloq: Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Xalqın müxalifətə dəstəyi, inamı yoxdur. Azərbaycan xalqı Prezident İlham Əliyevi dəstəkləyir. Biz bunu Prezident İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən indiyədək ardıcıl, davamlı bir mövqe kimi müşahidə edirik. Bunu Trend-ə politoloq Nəzakət Məmmədova deyib.

Onun fikrincə, müxalifətin mitinqlə bağlı müraciətinə icazə verilməməsinin tam əsası var: "Demokratiya azlığın çoxluğa tabe olmasıdırsa, o zaman müxalifətin tələbinə icazə verilməməsi demokratiyanın pozulması deyil. Çünki Bakı şəhərində milyonlarla insan yaşayır, mitinqlərdə isə cəmi bir neçə min insan iştirak edir və həmin insanların mənafeyi də bir neçə milyonluq əhalinin mənafeyindən üstün ola bilməz. Dövlət bu məsələdə əksəriyyət təşkil edən, onun siyasətini dəstəkləyən, mitinqlərə qatılmayan milyonlarla vətəndaşının marağını daha üstün tutmağa borcludur. Buna görə də mitinqə icazənin verilməməsi doğru və ədalətli yanaşmadır".

Politoloq vurğulayıb ki, xalq bu mitinqlərin mənasız olduğunu yaxşı başa düşür və buna görə də bu oyunlarda iştirak etmək istəmir: "Müxalifət özü də bilir ki, yüz minlərin, milyonların iştirakı olmadan keçirilən bu toplantılar mənasızdır, xalqın iradəsini ifadə etmir. Hakimiyyətin mənbəyi xalqdır və xalq hansı siyasi qüvvəni dəstəkləyirsə, hakimiyyət də onun haqqıdır".

N.Məmmədova qeyd edib ki, müxalif qüvvələr Prezident-vətəndaşlar, dövlət-xalq münasibətlərinin keyfiyyətcə yeni mərhələyə daxil olmasından narahat olaraq mitinqlər təşkil etməyə, bu birliyi pozmağa, xalqın inamını sarsıtmağa cəhd göstərirlər: "Eyni zamanda, müxalif qüvvələrin bağlı olduqları xarici mərkəzlər müxalifət liderlərinə bu mitinqləri təşkil etmək təlimatı verməklə ölkə rəhbərliyinə təzyiqlər göstərmək, onu güzəştlərə sövq etmək istəyirlər. Bunlardan ən təhlükəlisi Qarabağ danışıqları ilə bağlı ola bilər. Bu, daxildə iğtişaş yaratmaq, sabitliyi pozmaq yolu ilə hakimiyyətin diqqətini bu məsələlərə yönəldib Azərbaycanı güzəştə vadar etmək, beləliklə, Ermənistanda hakimiyyətə gətirdikləri qüvvələrin təhlükəsizliyini təmin etmək və möhkəmlənməsinə şərait yaratmaqdır".

Onun sözlərinə görə, mitinqə çağırış edən, habelə xaricdən xalqı iğtişaşa səsləyən "söyüş müxalifəti" indiki şəraitdə bunun ölkə üçün nə qədər təhlükəli olduğunu anlasa, yaxşı olar:

"Habelə hazırkı mitinqlər regionda gedən proseslərlə əlaqədar ola bilər. Onları təlimatlandıran xarici güc mərkəzləri regiondakı rəqib dövlətlərlə sövdələşmək, yaxud haqq-hesab çəkmək üçün Azərbaycandakı radikal qüvvələrdən istifadə edirlər. Azərbaycan xalqı isə bu çirkli oyunlarda iştirak etmək istəmir və bu, ən doğru mövqedir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti