Bakı. Cani Babayeva - Trend:
Bakı artıq dünyanın gimnastika mərkəzlərindən biri sayıla bilər. Trend-in məlumatına görə, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Bakıda keçirilən kişi və qadın idman gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimində çıxışı zamanı deyib.
Y.Məmmədəliyev turnirdə 41 ölkəni təmsil edən idmançıları və qonaqları salamlayıb: “İdmançılarının beynəlxalq yarışlarda göstərdiyi yüksək nəticələrlə fəxr edən ölkəmiz indi həm də belə yarışların mütəmadi təşkil edildiyi məkana çevrilib. Son bir neçə il ərzində Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 Qran Prisi və sair yarışlara yüksək səviyyədə ev sahibliyi edən Azərbaycanın idman sahəsindəki uğurlarının müəllifi ilk növbədə Prezident İlham Əliyevdir. Məhz cənab Prezidentin misilsiz fəaliyyəti nəticəsində indi respublikamızın bütün bölgələrində fəaliyyət göstərən Olimpiya mərkəzlərində, idman məktəblərində, idman klublarında ölkəmizin gənc vətəndaşlarının idmanla məşğul olması və öz göstəricilərini yüksəltməsi üçün bütün şərait yaradılıb. Bizim üçün çox sevindirici haldır ki, bir vaxtlar ölkəmiz üçün ənənəvi idman növü sayılmayan gimnastika bu gün respublikamızda özünün inkişaf dövrünü yaşayır, kişi və qadın idmançılarımız ölkəmizi gimnastikanın müxtəlif növləri üzrə beynəlxalq yarışlarda uğurla təmsil edirlər”.
Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın gimnastikanın inkişafına göstərdiyi daimi diqqət və qayğı nəticəsində yeniyetmələr və gənclər arasında gimnastikanın populyarlığı getdikcə artır və idmanın bu növü ilə məşğul olanların sayı ildən-ilə çoxalır: “Azərbaycan Gimnastika Federasiyasının 2017 və 2018-ci illərdə Beynəlxalq Gimnastika Federasiyasının reytinq siyahısında birinci sırada yer tutması məhz bu diqqətin təzahürü, ölkəmizdə gimnastikanın inkişafı istiqamətində aparılan fəaliyyətin səmərəliliyinin göstəricisidir”.
O əlavə edib ki, il ərzində təşkil edilən Avropa və dünya miqyaslı yarışların sayına və təşkilinin keyfiyyətinə, yarışların keçirildiyi məkanların texniki göstəricilərinə görə Bakı artıq dünyanın gimnastika mərkəzlərindən biri sayıla bilər: “Yalnız cari il ərzində gimnastikanın müxtəlif növləri üzrə Bakıda 7 beynəlxalq tədbir təşkil ediləcək. Bu bizim üçün böyük şərəf və dünya idman ictimaiyyətinin yüksək etimadının göstəricisi olmaqla, həm də böyük məsuliyyət deməkdir. Əmin etmək istərdim ki, biz bu məsuliyyətli işin öhdəsindən layiqincə gələcəyik”.
Y.Məmmədəliyev qeyd edib ki, bu gün açılış mərasimi keçirilən yarışın fərqli cəhətlərindən biri Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşımasıdır: “Fürsətdən istifadə edərək bütün gimnastlara hər bir idmançının ən böyük arzusu olan Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmağı arzulayıram.
İdman yarışları bizim üçün həm də bir-birimizi daha yaxşı tanımağa, təmsil etdiyimiz xalqların və ölkələrin milli-mənəvi dəyərləri, mədəniyyəti barədə məlumat almağa, dünyanın nə qədər gözəl və rəngarəng olduğunu bir daha hiss etməyə fürsət yaradır. Əminəm ki, qədim Azərbaycan torpağında keçirdiyiniz bir neçə gün yaddaşınızda silinməz izlər buraxacaq, qazandığınız idman nailiyyətləri dünyada sülh və əmin-amanlığın, xalqlar arasında dostluğun qorunub-saxlanılması və inkişaf etdirilməsi işinə əvəzsiz töhfə olacaq.
Sizə bir daha “xoş gəlmisiniz” deyir, hər birinizə uğurlar arzulayır, kişi və qadın idman gimnastikası üzrə Dünya Kuboku yarışlarını açıq elan edirəm”.