...

AXC-Müsavat cütlüyünün xalqımızın və dövlətimizin başına gətirdiyi bəlalar unudulmamalıdır - YAP Siyasi Şurasının üzvü

Siyasət Materials 25 Noyabr 2019 17:36 (UTC +04:00)
1992-ci ildə guya hakimiyyət qurmuş AXC-Müsavat cütlüyünün cəmiyyətimizin tullantılarından ibarət olduğunu hər kəs bilməlidir
AXC-Müsavat cütlüyünün xalqımızın və dövlətimizin başına gətirdiyi bəlalar unudulmamalıdır - YAP Siyasi Şurasının üzvü

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr edilmiş təntənəli mərasimdəki çıxışı zamanı ulu öndər Heydər Əliyevin sayəsində həyatda qalmış AXC-Müsavat hakimiyyətinin rəhbərliyində yer alan şəxslər barədə danışıb və indiki nəslin həmin günləri, həmin adamların əməllərini unutmamalı olduğunu deyib. Ona görə də, AXC-Müsavat cütlüyünün xalqımızın və dövlətimizin başına gətirdiyi bəlalar unudulmamalıdır və həmin illərdəki hadisələrin canlı şahidləri bütün baş vermiş prosesləri detallı şəkildə ictimaiyyətin diqqətinə çatdırmalı, gənc nəsli maarifləndirməlidir.

Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında deyib.

Vüqar Rəhimzadə bildirib ki, 1992-ci ildə guya hakimiyyət qurmuş AXC-Müsavat cütlüyünün cəmiyyətimizin tullantılarından ibarət olduğunu hər kəs bilməlidir: “Təsəvvür edin ki, AXC-Müsavat hökumətinin baş naziri “mövsümi ticarətlə”, yəni doğulduğu Sabirabad rayonunda yetişən qarpızları Bakının kolxoz bazarlarında satan Pənah Hüseyn idi. O, tarixi təsadüf nəticəsində hakimiyyətdə ən yüksək postlardan birinə oturan kimi əsl korrupsionerə, “otkat” mexanizminin qurucusuna çevrilmişdi.

Daxili işlər naziri, “obexes”çi İsgəndər Həmidov öz silahlıları ilə metal biznesinə “krışalıq” edirdi. O, onu tənqid edən jurnalistləri şəxsən cəzalandırırdı. Onun AzTV-nin studiyasına canlı yayımda basqın etməsinə dair faktlar bu gün də yaddaşlardadır. Bu həmin İsgəndər Həmidovdur ki, “Ayna-Zerkalo” qəzetinin şöbə müdiri Cahangir Hüseynovu amansızcasına döymüşdü. Sosial-demokrat partiyasının sədri, “İstiqlal” qəzetinin redaktoru Zərdüşt Əlizadənin başını yarmışdı, onu maşının yük yerinə qoyaraq özbaşınalıqları ilə ad çıxarmış “bandotdel”ə aparmışdı. İsgəndər Həmidovun qəzeti bürmələyib jurnalistin ağzına soxması kimi “şücaətləri” də yaddan çıxmayıb. Həmin İsgəndər Həmidov Kəlbəcərin işğalı günlərində Ermənistanı “nüvə bombası” atmaqla hədələmişdi. O, AXC-Müsavat hakimiyyətinin süqutu ərəfəsində biabırçı şəkildə istefa verdi.

AXC-Müsavat hakimiyyətinin parlamentdə dediyi “Şuşa getsə başıma güllə çaxaram” sözləri ilə tanınan müdafiə naziri Rəhim Qazıyev də ondan geri qalan deyildi. Bu adam Şuşanın satqınçılıq, xəyanət nəticəsində ermənilərə təslim edilməsinin əsas baiskarlarından biridir və vaxtilə Rəhim Qazıyevin üzərində qurulmuş məhkəmə prosesində bütün bu hadisələr, xəyanətlər barədə çoxsaylı faktlar, dəlillər açılmışdı. Nəticədə onu ən ağır cəzaya-güllələnməyə məhkum etmişdilər və həmin cəza ömürlük həbslə əvəz olundu. Lakin Prezident İlham Əliyev humanistlik edib onu əfv etmişdi.

AXC-Müsavat hakimiyyətinin komik personajlarından biri də baş prokuror olmuş İxtiyar Şirinov idi. 1993-cü ilin iyununda Gəncədə Surət Hüseynovun tələbi ilə öz prezidentinə - Elçibəyə qarşı həbs sanksiyasını imzalayacaq qədər iradəsizlik, biabırçılıq nümayiş etdirmişdi. Daxili qoşunların komandanı olan Fəhmin Hacıyev də o vaxt surətçilərə biabırçı şəkildə təslim olmuşdu və girovluqdan Gəncə çayının yatağı ilə qaçmaqla canını qurtarmışdı.

Səriştəsizlər toplusu olan AXC-Müsavat hakimiyyətinin xarici işlər naziri isə heç bir xarici dildə danışa bilməyən və diplomatiya elminin əlifbasından belə xəbəri olmayan Tofiq Qasımov olub.

Nəhayət, keçmiş komsomol fəalı, “leninçi-komsomolçu” və sonradan üzdə “elçibəyçi”, “yurdçu” olan Əli Kərimli də yuxarıda adları çəkilənlərdən geri qalmır. Bu həmin Əli Kərimlidir ki, AXC-Müsavat hakimiyyətində dövlət katibi postunu tutan kimi prezident kürsüsünə göz dikmişdi. Vaxtilə Əli Kərimli Prezident Aparatında “yurdçulardan” ibarət fraksiya yaratmağa başlamışdı və öz tərəfdarları ilə xəlvəti yığıncaqlar keçirib Elçibəyin “bu gün-sabah” hakimiyyətdən gedəcəyini, nəticədə hakimiyyəti ələ almağa hazırlaşmağın lazım gəldiyini deyirdi”.

“AXC-Müsavat hakimiyyətinin tör-töküntüləri Azərbaycanda fəaliyyətini dayandırmış sənaye müəssisələrinin qiymətli avadanlıqlarını, hər cür dəmir-polad konstruksiyaları, hətta tramvay relslərini belə metal tullantısı adı altında qonşu ölkələrə satırdılar”-deyə, bildirən Vüqar Rəhimzadə əlavə edib ki, AXC-Müsavat cütlüyü bütövlükdə Azərbaycanı satışa çıxarmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti