...

Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri

Siyasət Materials 27 Avqust 2021 15:25 (UTC +04:00)
Bütün qanunsuz sənədlərin ləğvi qarşımızda duran ən vacib tapşırıqdır, Şuşa isə xüsusi mövzudur - Azərbaycanın Fransadakı səfiri

Bakı. Trend:

Bütün qanunsuz sənədlərin ləğv edilməsi Azərbaycanın Fransadakı səfirliyinin ən vacib tapşırığı olub və qalmaqdadır, Şuşa isə xüsusi mövzudur.

Lion inzibati apellyasiya məhkəməsi Fransanın bir sıra şəhərlərinin erməniyönümlü merlərinin apellyasiyasını qəbul etməyib, Şuşa və Xocavəndlə qanunsuz "dostluq xartiyaları"nın ləğvini təsdiqləyib.

Trend BİA bu məsələ ilə bağlı Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevlə müsahibəni təqdim edir:

- Cənab səfir, Azərbaycan KİV-lərində Fransanın Lion şəhərinin inzibati apellyasiya məhkəmisinin Sent-Etyen, Burq-Le-Valans və Desine-Şarpye şəhərlərinin əvvəllər işğal olunmuş Şuşa və Xocavənd şəhərləri ilə imzalanmış “əməkdaşlıq sazişləri”nin ləğv olunması ilə bağlı Azərbaycanın lehinə üç qərar verməsi ilə bağlı məlumatlar yer alıb. Söhbət konkret olaraq nədən gedir?

- 2013-2020-ci illərdə Fransanın müxtəlif səviyyəli yerli idarəetmə orqanları (regionlar, departamentlər, şəhərlər, kommunalar) tərəfindən Azərbaycanın əvvəl işğal altında olmuş əraziləri ilə bağlı ümumilikdə 28 qanunsuz akt (xartiyalar, bəyananamələr, qətnamələr, bəyanatlar və s.) qəbul olunub. Bu baxımdan, xüsusilə paytaxtı Lion şəhəri olan Overn-Ron-Alp regionu "fərqlənib". Bu regionun payına əvvəl işğal altında olmuş ərazilərlə əməkdaşlıq barədə 15 qanunsuz sənəd düşüb. Bu, Fransada ərazisinə (70 min kvadratkilometr) görə üçüncü, əhalisinə (səkkiz milyon nəfər) görə ikinci regiondur. Gördüyünüz kimi, region bu göstəricilərə görə, Azərbaycandan bir qədər geri qalır. Region həm də Fransanın ən böyük iqtisadiyyatına malikdir. Bu region ümumi daxili məhsulun həcminə görə Avropada yeddinci yeri tutur. Məhz burada Fransa ermənilərinin böyük hissəsi yaşayır. Müvafiq olaraq, anti-Azərbaycan kampaniyası məhz burada daha aqressiv forma alır.

Sent-Etyen, Burq-Le-Valans və Desine-Şarpye şəhərləri məhz bu regionda yerləşir.

Bu şəhərlərin merləri (Burq-Le-Valans 5 oktyabr 2014-cü ildə, Desine-Şarpye 25 sentyabr 2017-ci ildə, Sent-Etyen 21 oktyabr 2018-ci ildə) əvvəllər işğal altında olmuş Şuşa və Xocavənd separatçı rejimlərinin nümayəndələri ilə qondarma «dostluq xartiyalar»ı imzalayıb. Səfirliyin vəkillərlə birgə və Azərbaycan Prezident Administrasiyası və Xarici İşlər Nazirliyinin dəstəyi ilə gördüyü işlər nəticəsində 6 iyun 2019-cu ildə Qrenobl, 19 sentyabr 2019-cu ildə Lion məhkəmələri bu qanunsuz sazişləri ləğv edib.

Erməni icmasının təzyiqi altında bələdiyyə başçıları 2019-cu ilin avqust, sentyabr və noyabrında apellyasiya şikayəti verdilər. Bir neçə gün əvvəl biz rəsmi bildiriş aldıq ki, Lion inzibati apellyasiya məhkəməsi hər üç şikayəti rədd edib və əvvəlki ləğv qərarlarını qüvvədə saxlayıb.

- Əvvəlki müsahibələrinizin birində demişdiniz ki, Şuşa ilə qanunsuz sazişlərin ləğv olunması ilə bağlı məsələ səfirliyin prioritet tapşırığıdır.

- Bütün qanunsuz sənədlərin ləğv edilməsi Azərbaycanın Fransadakı səfirliyinin ən vacib tapşırığı olub və qalmaqdadır. Şuşa isə xüsusi mövzudur. Biz Şuşa şəhərinin işğalının fransız-erməni daşnakları, ASALA üzvləri və erməniyönümlü fransalı siyasətçilər tərəfindən leqallaşdırılması cəhdlərinə imkan verə bilməzdik.

- Sizin fikrinizcə, Lion inzibati apellyasiya məhkəməsinin qərarları hansı əhəmiyyət daşıyır?

- İlk növbədə, bu, həmin məsələdə son nöqtəni qoymuş ali məhkəmə instansiyasının qərarıdır.

Heç kim tərəfindən tanınmayan separatçı rejimlə imzalanmış qondarma “dostluq xartiyaları” ləğv edilib, onların imzalanması Fransa konstitusiyasına zidd olub və beynəlxalq öhdəlikləri pozub.

İkincisi, qeyd etmək lazımdır ki, Lion inzibati apellyasiya məhkəməsi Paris və Versaldan sonra üçüncü apellyasiya məhkəməsidir, onun qərarları böyük çəkiyə, əhəmiyyətə və bu ölkənin siyasi və hüquqi dairələri üzərində böyük nüfuza malikdir. Xatırladım ki, daha əvvəl, 2020-ci il noyabrın 19-da Versal inzibati apellyasiya məhkəməsi qanunsuz sənədlərin biri ilə bağlı apellyasiya şikayətini rədd etmişdi. Ona görə biz hesab edirik ki, gələcəkdə Azərbaycan ərazisi ilə bağlı bu cür qanunsuz aktların qəbulunun qarşısının alınması üzrə möhkəm hüquqi baza yaradılıb. Nəhayət, bu qərar rəmzi əhəmiyyət daşıyır. Belə ki, Lion Paris və Marsellə yanaşı, Fransada erməni diasporunun üç “paytaxt”ından biri sayılır. Diaspor burada qanunsuz sənədlərin ləğvi ilə bağlı bizim səylərimizə mane olmaq üçün iri kampaniya aparıb. Burada regionun prezidenti Loran Voke, aparıcı şəhərlərin bələdiyyə başçıları, həm hakim “İrəli, Respublika” hərəkatının, həm də müxalifətin bir çox deputatları ölkəmizə münasibətdə düşmən mövqe nümayiş etdirir.

Məhz Lionda Fransanın utanc hissi keçirməli olduğu, dövlətlərarası təcrübədə nadir hallarda rast gəlinən tükürpədici epizod baş verib. Kənd təsərrüfatı nazirinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin 21-22 fevral 2019-cu ildə Liona işgüzar səfərindən sonra Lionun bələdiyyə başçısının müavini Corc Kepenekyan mətbuata açıqlama verib ki, “Lion heç vaxt Azərbaycanla əməkdaşlıq etməyib və etməyəcək”. Təəssüf ki, o zaman Fransa Xarici İşlər Nazirliyi bu hərəkətə heç cür reaksiya göstərmədi.

Biz bu cür mühitdə iş görməli olurduq. Amma yekunda məhz bu şəhərdə inzibati apellyasiya məhkəməsi bizim xeyrimizə üç qərar verdi. Bizə qarşı olanlar bu qərarlarla barışmalı və nəhayət, öz ölkələrinin qanunlarına hörmət etməyi öyrənməlidir.

- Siz hüquqi aspektləri qeyd etdiniz, bəs Lion məhkəməsinin apellyasiyaların rədd olunması ilə bağlı qərarlarının siyasi nəticələri necə ola bilər?

- Lion inzibati apellyasiya məhkəməsinin hər üç qərarında vurğulanır ki, heç kim tərəfindən tanınmayan separatçı rejimlə qondarma “dostluq xartiyaları” Fransa qanunvericiliyinə və Fransanın beynəlxalq öhdəliklərinə ziddir. Ona görə də ümid edirik ki, regional rəhbərliklərin və yerli idarəetmə orqanlarının beynəlxalq öhdəliklərə əməl etməsini təmin etməli olan Fransa XİN və Daxili İşlər Nazirliyi bu məsələyə daha diqqətli yanaşacaq. Onlardan Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına dəstəklə bağlı dəqiq mövqe və qalan qanunsuz aktların ləğvi ilə bağlı konkret addımlar gözləyirik.

Fransada “respublika dəyərləri”nə və “hüquq dövləti” prinsiplərinə hörmətin zəruriliyi barədə müzakirələr populyardır. Niyə Fransadakı erməni diasporu, yerli və mərkəzi idarəetmə orqanlarındakı lobbiçilər bu dəyər və prinsiplərə hörmət etməyə başlamasın?

- Cənab səfir, siz qeyd etmisiniz ki, son yeddi il ərzində Fransanın yerli idarəetmə orqanları tərəfindən Azərbaycanla bağlı 28 qanunsuz akt qəbul olunub. İndi bu sənədlərin statusu nə yerdədir?

- Görülən işlər sayəsində 10 qanunsuz xartiya və saziş artıq müxtəlif instansiya məhkəmələri tərəfindən ləğv edilib, onlardan dörd iş üzrə apellyasiya qəbul olunmayıb.

Üç qanunsuz xartiya ilə bağlı iddialar məhkəmələrdədir. İki halda prefektlər hüquqi müddətin başa çatması ilə bağlı ləğvetmə iddiaları ilə məhkəməyə müraciət etməkdən imtina edir. İkinci Qarabağ müharibəsi dövründə qəbul olunmuş digər 13 qanunsuz aktın müvafiq məhkəmələrin diqqətinə çatdırılması üçün işləri davam etdiririk. Lion apellyasiya məhkəməsinin qərarları bizə bu işdə kömək edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti